29.03.2024

Nəcməddin Sadıkov niyə postundan getməlidir?

Ölkənin Müdafiə Nazirliyi bu günlərdə mediada Baş Qərərgah rəisi Nəcməddin Sadıkov barədə yazılanlara və ictimai rəydəki aqresiyaya münasibət bildirib, onu müdafiə edib.

Etiraf edək ki, uzun illərdir gözlənilən reaksiya idi. Məhz bu ilə təsadüf etdi.

Onu da etiraf edək ki, Sadıkov peşəkar və stajlı mütəxəssisdir.

O, ölkənin müdafiə sistemindəki ən gizli məlumatları bilən üç-dörd adamdan biridir. Və bəlkə çox az adamlardandır ki, bir neçə prezident, nazirlə çalışıb, dil tapa bilib. Və ya bu şəraiti ona yaradıblar…

O həm də Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan əməliyyatların detallarını və sirlərini bilən üç vacib adamdan biridir.

O üç vacib adamdan ikincisi isə Elmar Məmmədyarov idi. Hansı ki, uzun illərin mübarizəsindən sonra, Azərbaycan Prezidenti DTX-nın əməliyyatlarını əsas götürərək, onu vəzifəsindən uzaqlaşdırdı.

Ancaq təhlükə hələ sovuşmuş sayılmaz. Çünki diplomatik korpusun vəziyyətinə dair hər gün bir ciddi, utancverici xəbər tirajlanır.

Məsələn, səfir, Polad Bülbüloğlu Sergey Lavrovun təşəbbüsü ilə Ermənistanın Rusiyadakı böyükelçisinin iştirak etdiyi nahar masasına əyləşir.

Süleyman Rüstəmin nəvəsi, Azərbaycanın Isveçrədəki səfirinin, “Azərbaycanda məni həbs edəcəklər” deyərək, ölkədən sığınacaq istədiyinə dair xəbərlər yayılır.

Ukrayna mediası Azərbaycanın ölkədəki böyükelçisi Elmira Axundovanın səfir kürsüsünə keçməsi barədə ən müxtəlif və naxoş fikirlər yazır.

Bütün bunlar yeni Xarici İşlər naziri Ceyhun Bayramovun üzərinə böyük və ciddi məsuliyyət qoyur. Yeni nazir diplomatik korpusu ciddi «silkələməli», Prezidentin verdiyi tapşırıqda olduğu kimi, milli kadrları müəyyən edib, təqdimatını hazırlamalıdır.

Və niyə N. Sadıkovdan danışdığımız məqamda E. Məmmədyarova keçid etdik?

Xatırladıram, Azərbaycanın müstəqillik tarixində, DTX əməliyyatı nəticəsində XİN rəhbərinin işdən çıxarılması kimi hadisə olmamışdı. Sual olunur, XIN rəhbəri işdən gedir, bəzi diplomatik nümayəndəliklərdə belə əməliyyatlar gözlənilirsə, üstəlik islahatlar başlanırsa, ölkənin üç strateji məlumat daşıyıcısından, biri, N.Sadıkov postunda, qalmalıdırmı?

Məncə o, məhz XİN-dən başlayan islahatların davamı olaraq getməlidir. Bu nə müharibə şəraitinə, nə mübarizə əzminin qırılmasına bağlı məsələ deyil. Bu, məhz ölkədə yaranan siyasi situasiyadan dolayı, ortaya çıxan tələbdir.

Yeri gəlmişkən, illərdir N. Sadıkov barəsində yazılan ittihamlara məhz indi MN-dən reaksiya verilməsi də son dərəcə maraqlıdır. Niyə məsələn, 2016-cı ildə yox, məhz indi?

Yəqin bu səbəbdən ki, onda XIN-in də əli necə deyərlər, «bərk» idi. Indi kimlərsə E. Məmmədyarovun uzaqlaşdırılmasından sonra böyük bir şəbəkənin üzə çıxa biləcəyindən və ya böyük «dayaqlarının» silkələnməsindən narahatdır.

Hətta o qədər narahatdır ki, Ermənistan KIV-lərində E. Məmmədyarovu təriflədib, diqqəti yayındırmağa belə cəhd edir. Yəni artıq «xərclənmişi», bir də «xərcləyir». Qalanları qorumaq üçün. Və yeri gəlmişkən, Azərbaycanlı diplomatlar ətrafında yaradılan «ajeotaj» da bu oyunun tərkibi sayıla bilər.

Diqqətinizi bir daha adı hallanan üç səfirə yönəldirəm.

Polad Bülbüloğlu — Rusiyada azərbaycanlılarla soyuq münasibətinə görə ona Azərbaycanda ictimai qıcıq var…

Elmira Axundova — Oğlu ilə bağlı məlum hadisələr, onu Azərbaycan ictimai rəyində gözdən salıb…

Və adı hallanan Isveçrədəki Azərbaycan səfiri. O, babasından, xalq şairi Süleyman Rüstəmdən, onun 1937-ci ildə, Azərbaycanın milli ruhu olan simaları haqda SSRI KQB-nə verdiyi ifadələrdən yana, ümumiyyətlə ictimai qınaq obyektidir hər zaman.

Yəni hər üçü mənən «xərclənmiş» simadır.

Qaldı ona ki, yeni varianta əl atılıb, deyirlər bəs N.Sadıkov gedərsə, yerinə qoymağa heç kim yoxdur. Əmin olun, var!

Məsələn, Polad Həşimovun şəhadətinə qədər qədər onun varlığından demək olar çoxu xəbərsiz idi. Indi bəlli olur ki, nə generallarımız var, iliyinə qədər azərbaycanlı, vətənpərvər.

…Vətənpərvərlik demiş… Çox məhşur Çin məsəlində söylənənlər düşdü yadıma,

…pulla ev alarsan, ailəni yox…

…pulla saat alarsan, zamanı yox…

…pulla çarpayı alarsan, hüzuru yox…

…Yəni vətənpərvərlik ya qanında var, ya da yox, onu pulla ala bilmərsən. O, həm də səni satmağa qoymur!

***

Qaldı vətəndaş mövqeyimə, düzü, illərin media təcrübəsi mənə N. Sadıkovun vətən sevgisinə inanmamaq üçün ciddi əsaslar verib. Bir neçə gün öncə bacısı oğluna general rütbəsinin verilməsi isə bu inamsızlığı bir az da gücləndirdi. Çox maraqlıdır, neçə milli kadr olan generalımız, belə, dayı hesabına, rahat rütbə alıb? Və bacısı oğluna bu işdə dəstək olan N.Sadıkov hər kəsəmi edir bu yardımı?../Dominant.az/

Jalə Mütəllimova

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: