20.04.2024

AZƏRBAYCANIMIZIN HARINLIQ TARİXİNDƏN…

Türk düşməni, antitürk bölücülük ideologiyasının banisi, bütün yaxşılıqları sasanilərin, bütün pislikləri isə türklərin adıyla bağlayan nifrətəlayiq Əbu Əli Əl-Həsən et-Tusi Nizamülmülk «Siyasətnamə» (s. 54. Bakı 1987) adlı əsərində Azərbaycanla bağlı bir hadisə qələmə alıb. O əhvalatı ixtisarlarla diqqətinizə çatdırırıq (Xatırladım ki, bu rəvayəti Böyük Nizami Gəncəvi «Sultan Səncər və qarı» hekayətində anladıb: «Sən hindli quldurusan, Türk olmağın yalandır» )…


…Azərbaycan əmiri tikdirdiyi bir imarətin yaxınlığında bir kimsəsiz qarının torpağına gözü düşür. Nə qədər adam salsa da qarı torpağını satmağa razılaşmır. Ona görə əmir bu kimsəsiz qarının torpağını zorla alıb öz torpağına qatır. Bundan sonra qarı öz haqqını tələb etsə də qarını get-gələ salırlar…


Əlacsız qalan qarı Nuşərəvana şikayətə gedir… Padişah qarının şikayətini yerində yoxlamaq üçün adam göndərir… Şikayət təsdiqlənir…


Bundan sonra Nuşərəvan…üzünü möbidlərə və möminlərə tutub deyir: «Azərbaycan əmiri olan filankəsin nağd qızıl ilə nə qədər mayası olar?»
Dedilər: » İki dəfə min dinar (yəni 2 milyon dinar)».
Soruşdu:»Avadanlığı, qab-qacağı?»
Dedilər: » Min beş yüz dinar qızıl və gümüş».
Soruşdu: «Daş-qaşı?»
Dedilər: «Altı yüz min dinar».
Soruşdu: «Torpağı, mülkü, tarlası, kənd-kəsəyi?».
Dedilər: «Xorasan, Fars, İraq və Azərbaycanda elə şəhər və qəsəbə yoxdur ki, onun orada sarayı, gəliri, karvansarası və tarlası olmasın».
Soruşdu: «Atı, qatırı?»
Dedilər: «Otuz min».
Soruşdu: » Qoyunu?»
Dedilər: «İki yüz min».
-Dəvəsi?
-Otuz min.
-Qul və kənizləri?

AZƏRBAYCANIMIZIN HARINLIQ TARİXİNDƏN...

Dedilər ki, min yeddi yüz türk, rum, həbəş qulamı və dörd yüz kənizi vardır. Dedi: «Bu qədər dövləti olan, gündə yağlı- şirin yeyə bilən bir adam, Allahından qorxan, yazıq, adamsız bir qarını incidib onun əlindən çörəyi alsa onun cəzası nə olar?»


Hamı dedi : «Belə bir adama nə qədər cəza verilsə yenə azdır, ona nə qədər pislik edilsə yenə yeri var».


Nuşərəvan dedi: «İstəyirəm ki, onun dərisini soyasınız, ətini itlərə atasınız, dərisinə saman doldurub saray qapısından asasınız və 7 gün car çəkəsiniz ki, bundan sonra kim zülm edib zorla bir torba saman, bir cücə, bir dəstə göyərti alsa, ya birisi şikayətə gəlsə onunla da belə rəftar ediləcəkdir»…


Yazıya heç bir şərh vermədən bircə sualı düşünməmiz lazım:


GÖRƏSƏN BİZİM BAŞA ÇIXARDIQLARIMIZ ÇOXMU DƏYİŞİBLƏR?…

Fedai.az Araşdırma Qrupu

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: