Qəhrəmanları unudulmuş Sarvan döyüşü
1920-ci ilin aprel ayının 27-sində Şabran rayonunun «Sarvan» stansiyasında Azərbaycan Xalq Cümhuriyyətinin Milli Ordusu ilə XI Qırmızı Ordu arasında baş vermiş bir döyüşdür.
XI Qızıl Ordunun gəldiyi qatar Qaçaq Mayılın rəhbərlik etdiyi dəstəsi tərəfindən «Sarvan» stansiyasında məcburi saxlanılıb. Sayca qeyri-bərabər gedən bu döyüşdə Qızıl Ordu xeyli canlı qüvvəsini itirmişdir.
Yalama döyüşündən sonra məğlub olan anti-inqilabçı dəstənin rəhbəri Qaçaq Mayıl müqaviməti dayandırmaq barədə müzakirələr aparır. Amma Mayılın Azərbaycan Xalq Cümhuriyyətinin Milli Ordusunda xidmət edən oğlu İbrahim buna etiraz edir. Qərara etiraz edənlərin çoxluğu səbəbindən ikinci döyüş üçün yer seçilir. Bu dəfə Dəvəçinin Sarvan stansiyasında relslər sökülür. Silahlılar mövqe tutur. Günortaya yaxın qırmızı ordunu gətirən qatar gəlib çıxır. Sökülmüş relslər, qurulmuş barrikadalar və silahlanmış sakinlərin sayəsində ordunun hərəkəti dayandırılır. Elə bu vaxt qatardan səsgücləndirici vasitəsi ilə müraciət edilir: «Atmayın, sözümüz var!»
Qatardan silahlılara müraciət edən şəxs Həmdulla Əfəndinin dayısı oğlu, İbrahimin məktəb yoldaşı və Mircəfərin süd qardaşı Qəzənfər Musabəyov idi.Silahlar endirilir, bir qədər sonra qatarın qapısı açılır və əlində səsgücləndirici olan şəxs sözünə davam edir: «İbrahim, mənəm. Yol verin, sizinlə işimiz yoxdur. Siz də bilirsiniz ki, qarşımızı kəsməyiniz Türkiyəyə ziyandır. Biz Anadoluya gedirik, yol verin. Vuruşsanız sizə ziyan olacaq. Qırmızı orduya qalib gəlmək mümkün deyil.»
Qəzənfər Musabəyov müraciətini bitirəndən sonra, qatara qayıdır. Bu ərəfədə hikkəsini boğa bilməyən İbrahim qatara güllə atır. Və bununla da, döyüş başlayır. Pulemyotlardan atəş açan ruslar qısa vaxt ərzində dağınıq halda hücum edən yerli əhalini sıxışdıra bilir. Dəstəyə rəhbərlik edən Mayıl məğlub olduqlarını görərək sağ qalanlarla birlikdə Babadağa çəkilir.
Ruslan Mir