Rus nasizminin lideri öldü: Daha rusları sevməyənləri təhqir edə bilməyəcək…
Bir zamanlar sovet imperiyasında yaşayan xalqların yenidən Rusiya bayrağı altında birləşəcəyini arzulayan millətçi Limonov “bunu tezliklə görəcəyimə ümid edirəm” söyləsə də, əcəl onun arzusunu gözündə qoydu və Limonov 2020-ci ilin 17 martında gözünü əbədi olaraq yumdu.
Ölən adam məşhur rus millətçisi Eduard Limonovdur. Stalin və Brejnev epoxasını qəbul etməyən trotskiçi müxalifət nümayəndəsi.
1970-ci illərdə ədəbiyyata şeirlə gəlsə də, dikbaş fikirlərinə görə nəşriyyatlar onu çap etməkdən boyun qaçırıblar. Uzun zaman özünü təsdiq etmək, əsərlərini yaymaq üçün “samizdat” üsulundan istifadə edib, amma bədii cəhətdən Limonov heç vaxt ciddi şair kimi qəbul olunmayıb.
Daha coşqun, qalmaqallı çıxışları eşidilməyəcək. Daha rusları sevməyənləri təhqir edə bilməyəcək.Paradoksa bax bir. İkinci Dünya müharibəsindən ağır itki ilə çıxan və nasist Almaniyasına qələbə çalan, bu tarixlə hər zaman fəxr edən Rusiyanın nasist lideri Eduard Limonov Trotski nəzəriyyəsi əsasında Hitler sistemindən faydalanmaq şərti ilə bir Rusiyanın qurulmasını arzulayardı. Zamanında politoloq Duqinin dəstəyi ilə hətta minlərlə cavanı, yaşlı nəslin nümayəndəsini də ətrafına toplaya bilmişdi.
Vəcdə gəlib nasional bolşeviklərin məbədini də qurmuşdu, fəqət onun ideyaları da, partiyası da qadağan edildi öz ölkəsində.İndi o yoxdur. Limonov ölüb. Həmişə özünü qəhrəman sanan, hamıya özünü antisovet (antisovet bolşevikmi?) kimi təqdim edən və Stalin qurbanı Lev Trotskinin divanə heyranı olan (Limonov saç düzümü, saqqalı ilə də Trotskiyə oxşamağa çalışardı) rus nasistlərinin ideoloji lideri daha yoxdur. Artıq bütün missiyalar Putinin əlindədir.Eduard Limonov 1974-cü ildə SSRİ-dən ona görə ABŞ-a gedə bilmişdi ki, onu kinayə ilə “özünü təsdiqləyən antisovet” adlandıran SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin sədri Yuri Andropovun xüsusi tapşırığı ilə müəyyən şərtlərə razı sala bilmişdilər. Dövlət Təhlükəsizliyi Komitəsi (KQB) Limonova ehtiyac olan təqdirdə onunla əməkdaşlıq barədə saziş bağlamışdı. İllər ötəcək, Limonov özünə bəraət qazandırmaq üçün guya KQB-də onunla danışığa gedənləri axmaqcasına aldatdığını deyəcəkdi. Bunu eşidəndə ona gülənlərin sayı onu müdafiə edənlərdən qat-qat çox idi.
Eduard Limonov xərçəngdən vəfat etdi. Rus siyasətçisi, yazıçısı, şairi və publisisti dünyadan köçdü. Heç nə dəyişməyəcək Rusiyada. Onun cild-cild romanları da artıq öz aktuallığını itirib. Onun şeirləri, publisist yazıları daha oxucular üçün maraqlı deyil. Ölümündən sonra “Qocanın səyahəti” romanı da qalıb, apreldə çap ediləcək, yəqin elə də çox oxucusu olmayacaq, çünki özü yoxdur. Çünki onu hər zaman maraqlı edən ancaq qalmaqallı açıqlamalar və bir də biabırçı “Xalqların qara siyahısı” əsəri idi. Daha serblərə, abxazlara, qazaxlara qənim kəsilməyə səslədiyi ruslara və rusofillərə dəstək verə bilməyəcək. Eduard Limonov Qafqaz xalqlarını “ikinci sort” hesab edən qadağan olunmuş Rusiya Nasional-Bolşevik Partiyasının sədri olub. Bu adam həm də ifrat millətçi “Başqa Rusiya” koalisiyasının lideri idi. Və Limonov özünü tək Putinin deyil, həm də Qorbaçov və Yeltsinin qəddar düşməni hesab edirdi. Onu Putinin deyingən müxalifətçisi də adlandırırdılar.
Bu adam hətta hamıda gülüş yaradan Jirinovskinin belə qızışdıra bildiyi bir siyasətçi idi. Gecə Limonovun ölüm xəbəri yayılan kimi adını çəkməyən bir yazıçı onun barəsində “Feysbuk”da belə yazmışdı: “Unikal adam idi, amma ağlı az idi”. 1943-cü ilin 22 fevralında Qorki vilayətində doğulan Eduard Veniaminoviç Limonovun əsl soyadı Savenkodur. Və o heç vaxt milli mənsubiyyətini qabartmağa imkan vermirdi. Deyirlər bir zaman şeirlərinin çapına qadağa qoyulan Limonovu Vısotski ilə müqayisə edəndə nəğməkar şair qəzəblənib oturduğu çevrəsinə belə söyləyir: “Mən o deyiləm. O, saxta qəhrəman, şüarçı vətənpərvərdir”.
Və az keçmədi Limonov Amerikada sosialist mitinqlərini qızışdırmaq ittihamı ilə Federal Təhqiqatlar Bürosuna çağrıldı, daha sonra kommunistlərin köməyi ilə vətəndaşlıq aldığı Fransanın xüsusi kəşfiyyat idarəsi tərəfindən dindirməyə cəlb edildi. Avropanı casus şübhəsi altında tərk edib vətəninə dönən Limonov qəhrəman ola bilmədi.
Rus nasistlərin lideri də öldü getdi…
Eduard Limonov bizlərin nə vaxtsa Rusiya imperiyasının qulu olacağımıza, buna məhkum olduğumuza inanan şər düşüncəli bir xəstə millətçi idi.
Oqtay Qorçu