AVMVİB-nin Gürcüstanın şöbəsi yaradılmalıdır
Xocalıda azərbaycanlıları qətlə yetirən Mixail Avaqyan Abxaziyadan Ermənistana köçməsəydi, “Baqramyan” batalyonunun cəlladı olmayacaqdımı?
Gürcülər terrorçuya abidənin qoyulması ilə yanaşı, bunun məhz 20 yanvar tarixində edilməsinə göz yummaqla Bakı-Tbilisi münasibətlərində etibar atmosferini təhlükə altına atırlar. Erməni terrorçularından Abxaziyada yetərincə zərər görmüş bir xalqın bu iyrənc jesti gürcü-azərbaycanlı dostluğuna ciddi zərbə vura bilər. Körpə qatilinə abidə ucaldanlar Abxaziyada «Baqramyan batalyonunun» törətdiyi vəhşətləri yəqin ki, unudublar.
Gürcüstanın bu addımını müharibə veteranlarının ciddi hiddətinə səbəb olub. AVMVİB sədrinin təşkilati işlər üzrə müavini Vahid Abdurəhmanov bildirdi ki, bu hiyləgər ermənilərin bizim xarici münasibətlərimizə, o cümlədən Borçalı elində yaşayan 500 min nəfərlik soydaşlarımızın milli heysiyyatını hədəfə alıb. Biz veteranlar adından bu terrorçu Avaqyana qoyulmuş abidənin qoyulmasını pisləyən və dərhal sökülməsini tələb edən bəyanat qəbul etmişik. Gürcüstan üçün əsoil investisiya donoru olan Azərbaycan kimi iqtisadi qüdrətə malik bir dövlətə qarşı atılmış bu utanc dolu akta son qoymalıdırlar. Belə çıxır ki, biz abxaz və osetin separatçı terrorçularına abidələrmi qoymalıyıq?
V. Abdurəhmanov daha sonra bildirdi ki, Gürcü-Abxaz müharibəsi zamanı Gürcüstanın ərazi bütövlüyü uğrunda canından keçən yüzlərlə azərbaycanlı olub. Adlar bəlli, onların döyüş yolu bəlli. Bu adları əbədiləşdirməyən gürcü xalqına Avaqyanmı lazımdır?!
Müharibə veteranları, özümüzə dost sandığımız gürcülərin bu əməlini müzakirə edirlər. Tarixi Borçalı torpaqlarında yaşayan soydaşlarımız Gürcüstanda olduğu kimi, Azərbaycanda da terrorizm və separatizmə qarşı müharibədə öz canlarından keçmişlər. MŞ-nın sədri Millət vəkili Ə. Amaşov bir müsahibəsində Borçalıdan olan həmvətənlərimizin 500 nəfərdən artıq şəhid verdiyini bildirmişdi.
Həqiqətən Ana Vətən uğrunda öz canından keçməklə yanaşı yüzlərlə soydaşımız yaralanmış və müharibə veteranı olmuşlar.
Facebook səhifəsində müzakirələrdə müharibə veteranı Orxan Orucov AVMVİB sədrinə müraciət edib: «Gürcüstanda Axalkalada baş verən erməni təxribatına cavab olaraq AVMVİB sədri Füzuli Rzaquliyevdən xahişim: «AVMVİB GÜRCÜSTAN ŞÖBƏSİ» açılsın. Qarabağda çox sayda Gürcüstanlı şəhid olub və yüzlərlə oğullarımız döyüşüb. Hörmətlə, Qarabağ qazisi, AVMVİB Xəzər rayon şöbəsinin üzvü Orxan Orucov».
Məsələ ilə bağlı AVMVİB sədri F. Rzaquliyevin fikrini öyrəndik: «Bu qazimizin təklifini alqışlayır və dəstəkləyirəm. Yaxın günlərdə İdarə Heyətində müzakirəyə çıxara bilərik və qazimizdən bu müzakirələrdə iştirak etməsi daha yaxşı olardı. Çünki Azərbaycan xalqının Gürcüstan üzərində haqqı böyükdür. Rusiyanın hücumu zamanı avropalılar qorxub qınına çəkiləndə, məhz Azərbaycan prezidenti cənab İlham Əliyev qonşu ölkəni elektrik enerjisi ilə təmin etməyi öz üzərinə götürdü. Gürcüstanın bu aktı görməzdən gəlməsini pisləyirik».