22.11.2024

Əjdər Cəbiyevin «ədəbi-bədii» ictimai şurasının müddəti başa çatdı…

Öncə bir xatırlatma ekskursu edək. Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi Füzuli Ələkbərovun dövründə «kommersantlar birliyinə», Səlim Müslümovun dövründə isə «dəllallar birliyinə» çevrilmişdi. Üstəlik, əvvəllər ictimai şuraya üzvlər, əsasən müharibə veteranları, şəhid ailələri, əlil cəmiyyətləri və bu sosial təbəqəyə yaxın olan ictimai birliklərtdən seçilsə də, Əjdər Cəbiyev bu sahədə «şairanə, poetik» bir korrektə elədi. Şuraya ölkədə kimsənin tanımadığı öz simsarı olan jurnalistləri, ala yarımçıq şair və yazıçıları, işsiz hüquqşünasları topladı və nəticədə «poetik» bir korrupsiya mənzərəsi yarandı.

O vaxtlar Ə. Cəbiyev vurğulamışdı ki, ƏƏSMN yanında İctimai şuranın əvvəlki tərkibdə fəaliyyət müddətinin qanunvericiliyə uyğun olaraq başa çatması ilə əlaqədar şuranın 15 nəfərdən ibarət yeni tərkibdə üzvlüyünə seçkilərin təşkili məqsədilə 9 nəfərdən ibarət seçki komissiyası yaradılıb və seçkilərin keçirilməsi ilə bağlı elan verilib. Komissiya tərəfindən Şuraya üzv olmaq istəyən 49 nəfərin namizədliyi və səsvermədə iştirak üçün 184 QHT nümayəndəsi təsdiq edilib. Ümumilikdə isə səsvermədə iştirak üçün 233 nəfər nümayəndənin iştirakı təsdiqlənib.

06 fevral 2018-ci il tarixdə keçirilən ilk seçki zamanı namizədlərin İctimai şuraya üzv seçilməsi üçün müvafiq Əsasnamədə nəzərdə tutulan qaydada keçirilən səsvermə nəticəsində yalnız iki nəfər Şuraya üzv seçilib. Seçki o qədər «demokratik» keçirilib ki, 67 min nəfər üzvü olan Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi deyil, bir özü, bir də möhürü olan təşkilatlar müharibə əlillərinin, veteranlarının və şəhid ailələrinin problemlərinin həllinə «töhfə» vermək üçün seçiliblər.

Hətta ictimai şuranın qalan 13 üzvünün də seçilməsi üçün keçirilən təkrar seçki vətəndaş cəmiyyəti institutlarının nümayəndələrinin fəallığı şəraitində keçib. Tədbirin yekununda səslər komissiya üzvlərinin iştirakı ilə hesablanıb. Nəticədə namizədlərdən daha 13 nəfər şuraya üzv seçilib.

Beləliklə, səsvermənin nəticələri əsasında ƏƏSMN yanında İctimai şuranın 15 nəfərdən ibarət yeni tərkibini təşkil edəcək vətəndaş cəmiyyəti institutlarının nümayəndələri müəyyən olunub. Bəs görəsən müharibə insanlarının və əlillərinin problemini onlardan yaxşı bilən bu şəxsləri kim və hansı keyfiyyətlərinə görə seçiblər?

Gəlin bizi bizdən «çox istəyən» bu şəxsləri araşdıraq.

Siyahını diqqətinizə çatdırırıq:

1. Rəhimli Davud Səid oğlu (Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqının sədri)

2. Rizazadə İradə Bağır qızı (“Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədri)

3. Əliyev Mayis Nəbi oğlu (”Sosial Hüquqların Araşdırılması” İctimai Birliyinin sədri)

4. Əsədov Ehtimad Savalan oğlu (“Qarabağ Qaziləri” İctimai Birliyinin sədri)

5. Həsənov Məmmədhəsən Murad oğlu (“Mina Qurbanlarının Sosial və İqtisadi Problemlərinin Həllinə Kömək” İctimai Birliyinin sədri)

6. Həsənov Mirhəsən Yusif oğlu (“Azərbaycan Cernobıl Əlilləri İttifaqı” İctimai Birliyinin sədri)

7. Kərimov Akif Meybulla oğlu (“Kür-Xəzər” xeyriyyə İctimai Birliyinin sədri)

8. Quliyev Zaur Yunis oğlu (“Beyləqan Gənclərinin Maarifləndirilməsi və Sosial İnkişafı” İctimai Birliyinin sədri)

9. Mehdiyev Mehdi İmdad oğlu (“Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin sədri)

10. Mirzəyev Umud Rəhim oğlu (“Beynəlxalq Avrasiya Mətbuat Fondu”nun prezidenti)

11. Nuriyev Əliməmməd Mali oğlu (“Konstitusiya” Araşdırmalar Fondunun prezidenti)

12. Zeyni Rauf Xurşud oğlu (Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti)

13. Yusifova Şəhla Şərif qızı (“Jurnalist Qadınlar Assosiasiyası”nın vitse prezidenti)

14. Zeynalova Mehriban Heydərəli qızı (“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri)

15. Salmanov Elçin Fikrət oğlu (“Azərbaycan Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası”nın sədr müavini)

Siyahıda adı keçən Əsədov Ehtimad Savalan oğlu (vəfat edib), Həsənov Mirhəsən Yusif oğlu, Rəhimli Davud Səid oğlu, Mehdiyev Mehdi İmdad oğlundan başqa digər şəxslərin nazirliklə bağlı hansı təbəqəni təmsil etdiklərini araşdırıb tapa bilmədik. Görəsən özləri bilirlərmi? Bu şəxslərdən soruşmaq istəyirik: «Rəhmətlik Habil Əliyevin təbirincə desək, yaxşı, seçirdilər, «seçirdilər», bəs siz niyə götürürdünüz?»

Hələ bu «seçkinlərin» arasında elələri var ki, üzv olmadığı şura və bu tipli Yer kürəsində təşkilat qalmayıb. Ayıbdır, vallah. Heç olmasa özünüzə hörmət etmirsiniz, xalqa hörmət edin.

Artıq vaxtı keçmiş ictimai şuranın son iclası olub. Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev nazirlik yanında İctimai şuranın hazırkı tərkibdə müddətinin (2 illik müddətin) başa çatması ilə əlaqədar şuranın üzvləri ilə görüşüb. Görüşlə bağlı nazirlik məlumat yayıb: «Nazir vurğulayıb ki, Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aparılan geniş miqyaslı islahatlar prosesində ictimai iştirakçılığın təmin edilməsinə xüsusi önəm verilir. Bu məqsədlə Nazirlik yanında İctimai şura ilə fəal əməkdaşlıq həyata keçirilib. Şurada təmsil olunan 15 nəfərdən ibarət vətəndaş cəmiyyəti nümayəndələrinə nazirliyin fəaliyyət sahələrində yaxından iştirak üçün müvafiq şərait yaradılıb. Şuranın tərkibində 4 fəaliyyət istiqamətləri üzrə işçi qrupları yaradılıb. Əmək, məşğulluq, sosial təminat, əlillik və reabilitasiya sahələri ilə bağlı qanunvericlik layihələri onlara təqdim edilib, onların rəy və təklifləri öyrənilib. İctimai şura üzvlərinə nazirliyin xidmət sahələri üzrə monitorinqlərin keçirilməsi üçün də lazımi şərait yaradılıb.

S. Babayev bildirib ki, nazirlik yanında İctimai şuranın hazırkı tərkibdə müddəti qanunvericiliyə uyğun olaraq başa çatdığı üçün şuranın növbəti müddət üçün yeni tərkibi seçilməlidir. Bununla əlaqədar şuranın 15 nəfərdən ibarət yeni tərkibdə üzvlüyünə seçkilərin təşkili məqsədilə 9 nəfərdən (4-ü nazirlikdən, 5-i QHT-lərdən) ibarət komissiya yaradılıb. Şuraya seçkilərin keçirilməsi barədə nazirliyin rəsmi saytında elan da verilib. Şuraya üzv olmaq istəyənlərin həmin komissiya tərəfindən namizədliyinin qeydə alınması işləri aparılır. Yeni tərkibin seçilməsi prosesinin şəffaf və ədalətli keçirilməsi təmin olunacaq.

Nazir İctimai şuranın öz vəzifələrinin icrası sahəsində səmərəli və məqsədyönlü işlər apardığını qeyd edib, şurada təmsil olunan vətəndaş cəmiyyətləri nümayəndələrinin fəaliyyətini müsbət dəyərləndirib.

İctimai şuranın sədri, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev son iki illik dövrdə Şuranın fəaliyyəti barədə məlumat verib. O, nazirliyin hər bir fəaliyyət sahəsində güclü ictimai nəzarətin təmin edilməsi, qanunvericilik layihələri ilə tanışlıq, monitorinqlərin aparılması, ictimai dinləmələrin keçirilməsi üçün yaradılan şəraitdən, rəy və təkliflərinə daim diqqətlə yanaşılmasından razı qaldıqlarını qeyd edib».

Burada ictimai şura sədrinə bildirmək istərdik ki, narazı qalanlar qeyriləridir. Sizlər niyə narazı qalmalısınız ki? Şairanə -poetik bir deyim yada düşür: qazı-Arazı-Sərfinazı-niyə olsun narazı???

Artıq icrası ilə bağlı BMT-yə müraciət etdiyimiz bir layihə illərdir hara getdiyinə, nə bu şura, nə də ƏƏSMN cavab verməyib. Çünki yeni gəlmiş kadrların, nəmxuda «razı» şura ilə birlikdə cavab vermək qabiliyyətləri yoxdur. Ya da «köhnə bazara təzə nırx» gətiriblər. Bu barədə geniş araşdırmaları tezliklə diqqətinizə çatdıracağıq. Qaldı ki, BMT-nin işi yeni deyil. İllərdir ki, eyni üsulda təyinatından kənar bir şəkildə talan edilib və heç bir hesabat verilməməsi çox maraqlıdır.

Xatırladaq ki, Əmək Və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə Azərbaycan hökuməti, BMT-nin İnkişaf Proqramı və BMT-nin Əhali Fondunun birgə «Əlilliyi olan qadınların və Dağlıq Qarabağ müharibəsi veteranlarının hüquqlarının və rifahının təmin edilməsi» layihəsinin icrasına başlanılıb. Layihə çərçivəsində Salyan və Masallı rayonlarında həmin rayonların icra hakimiyyətlərinin dəstəyi ilə bələdiyyə və ərazi nümayəndələri ilə görüş keçirilib. İlk növbədə layihənin məqsədi və fəaliyyət istiqamətləri təqdim edilib. Qeyd olunub ki, «Əlilliyi olan qadınların və Dağlıq Qarabağ müharibəsi veteranlarının hüquqlarının və rifahının təmin edilməsi» layihəsi qeyd edilən şəxslərin müdafiəsi və rifahı ilə bağlı hüquqlarının təmin olunması, onların cəmiyyətə inteqrasiyasının təşviq edilməsi istiqamətində aparılan işlərə dəstək məqsədi daşıyır.

AVMVİB öz ətrafında 67 min müharibə veteranını birləşdirir. Bu cür bir layihə olsaydı, heç olmasa bir nəfər də bizim üzvlərimiz arasında olardı.

Savaş günü əllərində işləri olanlar, Atəşkəs dönəmində ingilis bayrağı kimi taxılmadıqları yer qalmayıb. İctimai şuranın vaxtı bitdi. Bu şuranın nə etdiyini biləniniz varmı?

Bir gün Hitlerin ideoloji təbligat işlərini yönəldən Göbbelsə deyirlər ki, Berlində filan küçədə filankəsi öldürüblər. Göbbels özünü bilməməzliyə vurub soruşarmış: «Məgər Berlində bu adda küçə var?»

Bilirik ki, 67 minlik veteran, əslində 300 minlik bir əhalini (nəvələrsiz) təmsil edən bir təşkilatın hər bir üzvündən bu barədə soruşsaq, «Məgər ƏƏSMN-də ictimai şura varmı?» -deyər.

P.S. Təklif edirik ki, bu şair-yazar-jurnalist-hüquqşünasları çıxdaş edib şou əhlini bu işlərə cəlb eləmək lazımdır…

Fedai.az Araşdırma Qrupu

На изображении может находиться: 11 человек, люди стоят, костюм и в помещении


Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: