22.11.2024

AVMVİB Sabunçu şöbəsinə basqın edən şəxslər həbs edilməlidir

1994-cü ildən fəaliyyət göstərən və 67 min nəfər müharibə veteranını öz ətrafında birləşdirən Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Sabunçu rayon şöbəsinə Sabunçu rayonu İcra Hakimiyyəti Maştağa qəsəbəsi üzrə nümayəmndəliyinin əməkdaşları tərəfindən basqın edilməsi barədə məlumat aldıq. Şöbəyə təşrif buyuran və özünü Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Maştağa qəsəbəsi üzrə nümayəndəliyinin texnikləri kimi təqdim edən şəxslər veteranları təhqir etmiş, qapını təpikləyərək veteranların bir yerə yığışmalarını lüzumsuz adlandırmış, təşkilatı tanımadığını, təşkilatın adı əks olunmuş trafareti qırıqlamış, Azərbaycan bayraqlarını təhqiramiz bir şəkildə dartıb qopararaq maşında ayaqları altına atmışlar.


Bu «Dabnabaş uşkolunun» müdavimlərindən biri özünü AVMVİB sədri ilə telefonla danışarkən nümayəndəliyin texniki Nicat Əliyev kimi təqdim edib. Edilən zənglərə cavab verilmədiyindən veteranlar Qəsəbə nümayəndəliyinə getmişlər. Burada da özünü Nicat Əliyev adlandıran adam veteranlar haqqında ağzına gələn hədyanlar yağdırmış və hətta atasının da veteran olmasını demişdir. Ən iri veteran təşkilatının üzvlərindən soruşuruq, veterana hədyanlar yağdıra bilən birisinin atası müharibədə sizcə kimlərə işləyib?


Bu texnik-maklerin kimliyi haqqında ciddi araşdırmalara başlamışıq. Belə bir cəhdi öncə də Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Maştağa qəsəbəsi üzrə nümayəndəsi Fərid Məmmədəliyev də etmiş və bunun Sabunçu rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevin göstərişi olduğunu demişdi. Xatırladaq ki, Sabunçu rayonunun İH Başçısını AVMVİB «Veteranların düşməni» elan edib və inanırıq ki, Ali Baş Komandanımız, Prezident cənab İlham Əliyev bu rayonda anti veteran, anti hərbi vətənpərvərlik və digər neqativ hallara nəhayət ki, diqqət ayıracaqdır. Bir qəsəbə nümayəndəliyinin makler-texniki həssas bir məqamda ölkənin ən iri veteran təşkilatının rayon şöbəsinə basqın təşkil etməsi veteranlar tərəfindən sadəcə bir cinayət hadisəsi kimi qiymətləndirilməməlidir. Bu məlum qüvvələrin ölkə rəhbərinin apardığı islahatlar kursuna qarşı törədilmiş məqsədli bir təxribat olması araşdırılmalıdır. Ümid edirik ki, bu hadisəylə bağlı etdiyimiz müraciəti ölkə rəhbərinin islahatçı fəaliyyətinə öz əməliylə və iş bacarığı ilə töhfələr verən Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazov və ölkənin Baş Prokroru Zakir Qaralov ciddi nəzarətə götürəcəklər.


Məsələ ilə bağlı AVMVİB sədri Füzuli Rzaquliyevə müraciət etdik. O, bizimlə söhbətdə bildirdi ki, bu artıq ikinci dəfədir baş verir. Bayrağa və müharibə veteranlarına qarşı bu hörmətsizlik faktı qanun çərçivəsində araşdırılmalıdır. Müharibə veteranlarını qanun çərçivəsindən çıxmamağa çağırıram. Bizim təmsil etdiyimiz təşkilat daim Dövlətimizin və dövlətçiliyin yanında olmuşuq. Yəqin ki, bəziləri o qədər harınlayıblar ki, belə məqamlar onlar üçün əhəmiyyətini itirib. Bu fakt öz qiymətini alacaqdır. Veteranlar təşkilatının fəaliyyət göstərməsinə şərait yaratmağa, yardım etməyə məsul olan şəxslərin bu əməlləri Dövlət qanunlarını heçə saymaqdır. Biz rəsmi müraciətlər etmişik və ona veriləcək cavabları gözləyirik. AVMVİB sədri F. Rzaquliyev bildirdi ki, biz öz Ali Baş Komandanımıza inanırıq…


Özlərini «qanun» biliciləri elan etmiş şəxslərin diqqətinə ölkənin qanunlarını çatdırmağa çalışacağıq. Ölkə qanunlarından və Dövlət rəmzlərindən xəbərsiz olan belə şəxslərin özlərinə aid olan işlərlə məşğul olmasını təmin etmək hazırki islahatların qarşısında duran vəzifələrdəndir. Rayon İcra Hakimiyyətinin Başçısı Adil Vəliyevin adından, həm veteran təşkilatını tanımadıqlarını, həm də müharibə veteranı təşkilatının Dövlət bayrağımızı öz qərargahımız önündən asmağa icazə verilmədiyini deyən texnikə bir az hüquq dərsi keçək ki, o da öz ağalarına oxuyub onları savadlandırsın. Birincisi müharibə veteranlarını birləşdirən ictimai təşkilatların hüquqları «Veteranlar haqqında» Respublika Qanunu ilə təsdbit olunub. Bu maddəni yaxşı-yaxşı oxuyun:


Maddə 8. Veteran təşkilatlarının yaradılması
— Veteran təşkilatları müvafiq qanunvericilik aktlarına əsasən yaradılır, dövlət qeydiyyatından keçirilir və fəaliyyət göstərirlər.
— Veteran təşkilatı qeydiyyata alındığı andan hüquqi şəxs hesab edilir.
— Dövlət orqanları veteran təşkilatlarına öz hüquq və vəzifələrini həyata keçirməkdə hərtərəfli kömək göstərirlər…
Y
axud,


Maddə 10. Veteran təşkilatlarının istehsal fəaliyyətinə təminat verilməsi


Dövlət orqanları öz səlahiyyətləri daxilində qanunvericiliklə müəyyən edilmiş qaydada veteran təşkilatlarına maliyyə yardımı göstərə bilər, onlara müvafiq büdcələrdən vəsait ayıra bilər, nizamnamə vəzifələrini həyata keçirmək üçün binaları, avadanlığı və başqa əmlakı güzəştli şərtlərlə onların istifadəsinə və ya mülkiyyətinə verə bilərlər.


Bu sahədə ölkədə ən iyrənc və ən anti milli «veteran siyasəti», məhz Sabunçu rayonunda yürüdülür və bu barədə ölkə rəhbərliyinə müraciət edəcəyik.


Qaldı qəsəbənin «baş biləni» kimi hoppanıb bayrağı qoparıb ayaqlar altına atan Nicat Əliyevin «bayrağın buradan asılması qeyri-qanunidir» deyiminə, bəlkə də bu şəxs ömründə o qopardığı bayrağı nə öpməyib, nə də qarşısında diz çökməyib. Allah onu istəyib ki, veteranlar çox olanda gəlməyib. Öncə bilin ki, bu bayraq əsgərin tabutuna sarılır, bu bayraq hər bir veteranın qarşısımnda baş əyib, diz çökdüyü tək ünvandır. Bu işin mənəvi tərəfi, hüquqi baxımdan isə Nicat Əliyev, sizi buyuranlar, sizi aldadıblar. Çünki «Dövlət bayrağının istifadəsi qaydaları haqqında» Respublika Qanununun müvafiq 5-ci maddəsi, məhz Mştağadakı AVMVİB Sabunçu rayon şöbəsinin bayraq asmaq hüququnu təsbit edir.


Maddə 5. Azərbaycan Respublikası Dövlət bayrağının digər yerlərdə istifadəsi


5.1. Azərbaycan Respublikasının Dövlət bayrağı yerli özünüidarə orqanlarının, qeyri-hökumət təşkilatlarının, müəssisələrin və idarələrin binaları, habelə yaşayış evləri üzərində qaldırıla (asıla) bilər.
5.2. Azərbaycan Respublikasının Dövlət bayrağı yerli özünüidarə orqanları, qeyri-hökumət təşkilatları, siyasi partiyalar, müəssisə və idarələr tərəfindən keçirilən tədbirlər zamanı qaldırıla (asıla) və ya yerləşdirilə bilər.

Məhdudiyyət isə, 10-cu maddədə göstərilib: «Azərbaycan Respublikasının Dövlət bayrağı masaların və ya kürsülərin üstünə örtük kimi sərilə bilməz, oturulan və ayaq basılan yerlərə qoyula bilməz».

Amma etdiyiniz Dövlət bayrağına qarşı etdiyiniz təhqiramiz hərəkət üçün cəzanı bu qanun əsasında aidiyyatlı orqanlar müəyyən edəcəklər. Bunu mütləq oxuyun:

Maddə 11. Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət

Azərbaycan Respublikası Dövlət bayrağının bu Qanunun tələblərinə zidd istifadəsi, habelə Azərbaycan Respublikasının Dövlət bayrağı barədə təhqiredici hərəkətlər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyətə səbəb olur.


Bir də qaldı ki, sizin müharibə veteranlarını tanımağınız çox da vacib deyil. Sizdən olsa deyərsiniz ki, bu ölkədə heç müharibə də olmayıb. Amma bilin ki, 20% işğal olunsa da, bu gün üstündə NİVA 11—011 seriyalı rus maşınını «oyatdığınız» 80%-i qorumaq üçün şəhid olan o qəhrəmanları bizlər gördük. Onlarla eyni səngəri, eyni bayrağın kölgəsini bölüşdük. Bunu sizin kimilər anlamaz və sizlərlə sizin anladığınız dildə danışmağa çalışacağıq. Ən azı, təşkilatın trafaretinin sındırılması və bayrağın təhqiramiz şəkildə endirilməsi cəzasız qalmamalıdır. Bu əməli törədənlər cinayət məsuliyyətinə alınmalıdırlar.


Cənab Ali Baş Komandan! Biz Sizin əsgərlərinizik. Komandan kimi Sabunçu rayonuna diqqət yetirmənizi rica edirik!

P.S. Veteranları tanımayan texnik müəllimin ölkə rəhbəri cənab İlham Əliyevin veteranlar haqqında dediklərini dinləyib onu buyuran şəxslərə danışsa yaxşı olar. Çünki bəzi işlərə başları qarışdığına görə, onların dinləməyə vaxtları yoxdur.

AVMVİB Mətbuat Xidməti

Fedai.az Araşdırma Qrupu və Veteran tv

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: