AVMVİB rayon (şəhər) şöbələrinin monitorinqini I zona üzrə davam etdirir
Xəbər verdiyimiz kimi AVMVIB sədrinin təşkilati işlər üzrə müavini Vahid Abdurəhmanov və AVMVİB Mətbuat Xidmətinin rəhbəri Xaqani Ədəboğlu birgə AVMVİB rayon şöbələrinin monitorinqini aparmaq üçün planı müzakirə ediblər.
Plana görə rayon şöbələrinin zonalar üzrə fəaliyyəti 3 kateqoriya üzrə araşdırılmaqdadır:
— Fəal şöbələrimiz.
— Zəif fəaliyyət göstərmiş şöbələrimiz.
— Fəaliyyət göstərməyən şöbələrimiz.
Bu kateqoriyalar, əsasən təşkilat rəhbərliyi, NTK və təşkilat üzvlərinin iştirakı ilə aparılacaq. Yekunda bu işə media dəstəyi verən Veteran.az öz interaktiv cədvəli ilə yanaşı araçdırılmış nüanslar da müqayisə ediləcək.
Yekun olaraq fəaliyyətsiz şöbələrin fəaliyyətlərinin bərpası və yaxud ləğv edilməsi AVMVİB İdarə Heyətinə təqdim edilməsi planın tərkib hissəsidir.
Artıq interaktiv sorğu-səsvermə təşkil edilib. Şöbələrin fəaliyyəti ilə bağlı statistik məlumatlar yekunlaşdırılmaq üzrədir.
Məsələ ilə bağlı AVMVİB sədrinin təşkilati işlər üzrə müavini Vahid Abdurəhmanov bir sıra açıqlamalar verdi: «Bu layihədə məqsədimiz təşkilatın fəaliyyətini daha da sağlamlaşdırmaq olduğunu hər kəs bilməlidir. Artıq 25 il ərzində, ölkənin ictimai həyatında ən böyük birliyə çevrilməsi prosesində hər bir üzvümüzün payı var. Bilirik ki, ölkə rəhbərinin daim diqqət mərkəzində olan hərbi-vətənpərvərlik ruhunun tərbiyəsi üçün ayrılan pullar da bir para adamların əlinə keçir. Onlar kömək əvəzinə, üstəlik bizim təşkilata maneələr yaradır və hətta utanmadan haqqımızda iftiralar yaymağa çalışırlar. Belələrinin zaman-zaman layiqincə cavabları verilib. Bu gün, ölkənin ictimai həyatında AVMVİB bir ictimai təşkilat olaraq yetərli tədbirlərə imza atıb. Şəhidlərin unudulmaması, işğal altında qalan torpaqlarımızın yaddan çıxarılmaması və Azərbaycan Ordusuna, Vətən uğrunda savaşmış insanlara ehtiram göstərilməsinə nail olmaq bizim əsas qayəmizdir.
Artıq 20 ildir ki, bu yolda könüllü olaraq yürüməkdəyik. Bu il Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2020-ci ilin “Könüllülər ili” elan edilməsi haqqında sərəncam imzaladı. Sərəncamda deyilir: «Azərbaycan xalqı əsrlər boyu xeyirxahlıq, fədakarlıq, könüllü və təmənnasız kömək ənənələrini yaşatmışdır.
Könüllülük insanları vahid niyyət ətrafında birləşdirən, vətəndaş, cəmiyyət və dövlətin birgə fəaliyyətinin ən uğurlu formatıdır. Könüllülük həm də vətənpərvərlik məktəbi, öz xalqına, dövlətinə, milli-mənəvi dəyərlərə bağlılıq və xidmət örnəyidir.
Bu fəaliyyətin təşviqi məqsədilə dövlətimiz tərəfindən zəruri addımlar atılmış, normativ hüquqi baza təkmilləşdirilmiş, dövlət dəstəyi mexanizmləri formalaşdırılmışdır. Könüllülük bir çox fəaliyyət sahələrinə nüfuz edərək ümummilli hərəkata çevrilmiş, ölkəmizin hər bir bölgəsinə, ictimai həyatın müxtəlif sahələrinə yayılaraq, cəmiyyətimizin bütün təbəqələrini əhatə etmiş, gənclərimizin həyat tərzinə çevrilmişdir».
Biz, həqiqətən də elə bu sahənin də veteranlarıyıq. Təşkilatımıza üz tutan hər kəs bunu yaxşı bilir və rayon, özək sədrləri də bunu yaxşı bilirlər. Bu prinsiplər üzərində fəaliyyətini quran rayon şöbələri öz fəaliyyətlərini daha faydalı bir şəkildə qura bilirlər.
Monitorinq başlandığı gündən apardığımız statistika göstərdi ki, son bir il ərzində təşkilat üzvlərinin sayı 68 min nəfərə yaxınlaşmaqdadır. İlin yekunlarına görə təşkilata 4201 nəfər yeni üzvlər qəbul edilib. Çünki müharibə veteranlarının etdiyi heç bir müraciətə burada biganə münasibət bəslənməyib. Bu bir fəaliyyət kredosuna çevrilib. Ona görə də daxil olan şikayətlər əsasən fəaliyyətini düzgün qura bilməyən rayon şöbələrindən və həmin şöbələrin sədrlərindəndir. Tam statistik məlumat verə bilərəm ki, hər cür imkanları olan Tovuz rayon şöbəsi sədrin yerində olmaması səbəbindən fəaliyyətini dayandırmışdı. Oraya Etibar Vəliyevi təyin etdikdən qısa vaxt sonra, bu cəbhə bölgəsində 1030 nəfər müharibə veteranı geri dönüb AVMVİB-nə üzv oldular. Eyni sözü AVMVİB Zəngilan şöbəsi, sədr Azad Musayev, Goranboy rayon şöbəsi, sədr Elmar Məmmədov, Nizami, Nəsimi, Kəpəz, Göygöl, Dəmir Yol və s. şöbələr haqqında da deyə bilərik. Demək sədr yerində deyilmiş. Müharibə veteranlarının rəyi ilə hesablaşaraq istənilən şöbə qabaqcıl ola bilər. Biz də düşünürük ki, bu işdə artıq AVMVİB üçün yükə çevrilmiş şöbələrdən və sədrlərdən yaxa qurtarmağın vaxtı çatıb. Monitorinq yekunlaşınca qabaqcıl şöbələr mükagfatlandırılacağı kimi, bizim işimizə əngəl olan fəaliyyətsiz şöbələrin fəaliyyəti bərpaya yaramasa tam ləğv ediləcəkdir.
V. Abdurəhmanov bildirdi ki, adi bir fakta toxunacağam. Artıq monitorinqin tərkib hissəsi olan interaktiv cədvəl fəaliyyətdədir. Birincisi bəzi sədrlər güya sosial şəbəkədən uzaq olduqlarını bəhanə gətirməklə yaxa qurtaracaqlarını düşünürlər. Təşkilatın aynası olan, az vaxtda onlarla veteranımızın probleminin həllində müsbət rol oynayan bir saytla maraqlanmayan şöbə sədri bizə lazımdırmı? Belələri nə AVMVİB qərarlarını, nə vətənpərvərliklə bağlı tədbirləri keçirmək iqtidarı olmayanlardır. Yəni yolun sonuna gəldik, hər kəs bacardığı işlə məşğul olmalıdır.
Daha bir statistik məlumatı diqqətinizə çatdırmaq istəyirəm. I Zonaya daxil olan AVMVİB rayon şöbələrinə son 1 il ərzində yeni üzvlərin daxil olması bu cədvəldə əks olunub:
1. Qaradağ — 15
2. Səbail — 53
3. Nəsimi — 39
4. Yasamal — 55
5. Binəqədi — 46
6. Xəzər — 27
8. Sabunçu — 59
9. Suraxanı — 146
10 Nizami — 67
11. Pirallahı — 4
12. Çilov — 15
13. Xətai — 88
14. Nərimanov — 91
15. AVMVİB Polis Müharibə Veteranları — 37
16. AVMVİB Dəmir Yol — 61
17. Sumqayıt — 98
18. Abşeron -105
Bütün sahələrdə araşdırmalar aparılacaq.
Fəaliyyətsiz şöbələr barədə sorğuya cavab olaraq Vahid Abdurəhmanov, daha çox Cənub zonasının narahatlıq yaratdığını söylədi. Yeni sədrlər təyin olunsa da Yardımlı, Cəlilabad, Neftçala, Lerik rayon şöbələri öz işlərini qura bilməyiblər. Ümumiyyətlə, son 1 il ərzində 17 rayon şöbəsinin bərpa etməyə çalışsaq da onlardan 7 rayon şöbəsi heç bir irəliləyiş əldə edə bilməyib.
Doğrudur, ölkə rəhbərinin dönə-dönə verdiyi göstərişlərə məhəl qoymayan bəzi məmurlar özlərinə oxşayan və döyüşdə olmaları belə şübhəli adamlarla birgə müharibə veteranlarına qarşı hələ də öz çirkin niyyətlərindən əl çəkməyiblər. Bu tip adamlara bir daha bəyan edirəm ki, bir təşkilat olaraq biz daim Dövlətin və dövlətçiliyin yanındayıq. Ali Baş Komandan İlham Əliyevin Qarabağın azadlığı üçün veriləcək əmrə daim hazırıq. Tək istəyimiz Bayrağımızın Xankəndində və bütün Azərbaycanın sərhədlərində dalğalanmasıdır. Bunu hər kəs bilməlidir!
AVMVİB sədrinin müavini V. Abdurəhmanov bildirdi ki, monitorinq yekunlaşan kimi Zona müşavirəsi keçiriləcək. Bunu fevral ayına planlaşdırırıq. AVMVİB sədri Füzuli Rzaquliyev monitorinqin keçirilməsini Mətbuat Xidməti ilə birgə keçirməyi tapşırıb. Demək olar ki, bu işin öhdəsindən gəlmişik və digər zonalar üzrə bu proses davam etdiriləcəkdir.
Elnur Səlimov