İstanbulda AXC-nin daxili işlər nazirinə abidə ucaldılıb
İstanbulda Azərbaycan Xalq Cümhuriyyətinin daxili işlər naziri Behbud xan Cavanşirə abidə ucaldılıb.
VETERAN.AZ xəbər verir ki, abidə Taksim səmtində Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun təşkilatçılığı ilə İstanbul şəhər valiliyi və İstanbul Böyükşəhər Bələdiyyəsinin dəstəyi ilə dövlət xadiminin qətlə yetirildiyi ərazidə qoyulub.
Abidənin rəsmi açılış mərasimi dekabrın 18-də baş tutacaq.
Qeyd edək ki, B. Cavanşir 1921-ci il iyulun 18-də İstanbulda qaldığı “Pera Palas” hotelinin qarşısında «Daşnaksütyun” terror təşkilatının üzvü Misak Torlakyan tərəfindən qətlə yetirilib. (Report)
REDAKSİYADAN:
«Difai»nin rəhbərləri Behbud ağanın Tərtər rayonunun Azad Qaraqoyunlu kəndindəki evində görüşürdülər
Behbud ağa Cavanşir Qarabağ xanlığının əsasını qoymuş Pənahəli xanın nəticəsi Azad ağa Cavanşirin oğludur. Qarabağ camaatı Azad xana Azad ağa, Behbud xana isə Behbud ağa deyə müraciət edərdi. Behbud ağa 1877-ci ildə Tərtər qəzasının Azad Qaraqoyunlu kəndində anadan olub. (Azad Qaraqoyunlu kəndi Azad ağanın şərəfinə adlandırılıb. Hazırda Azad Qaraqoyunlu kəndində Azad ağanın mülkü uşaq bağçası və kənd tibb ambulatoriyası kimi istifadə olunur. Kəndin mərkəzində Azad ağanın tikdirdiyi məscid bu gün də möhtəşəmliyi ilə diqqəti çəkir). 1890-cı ildə alman dili təmayüllü Tiflis realnı məktəbinə daxil olub və oranı müvəffəqiyyətlə bitirib. 1902-ci ildə isə Almaniyada Frayberq Dağ-Mədən Akademiyasına qəbul olan Behbud ağa burada neft sahəsi üzrə mükəmməl təhsil alıb və mühəndis ixtisasına yiyələnib.
1906-cı ildə erməni daşnakları Qarabağ, Naxçıvan və İrəvanda azərbaycanlılara qarşı soyqırımı həyata keçiriblər. Avqustun ilk günlərində Şuşaya gələn Behbud ağa Cavanşir Əhməd bəy Ağayevlə birgə Qafqaz ümummüsəlman müdafiə komitəsini -“Difai” partiyasını yaradıb. 1907-ci il avqustun 28-də Cavanşir uyezdinin rəisinin Daxili İşlər Nazirliyinə yazdığı raportunda deyilir: «Xeyriyyə cəmiyyəti pərdəsi altında gizli fəaliyyət göstərən «Difai» antidövlət komitəsinin rəhbərləri Əhməd bəy Ağayev, Qarabəy Qarabəyov, Məmməd Həsən Hacınski, İsabəy Aşurbəyov, Behbud ağa Cavanşirski və Niftalı bəy Behbudovdur». Bu raport çarizm xəfiyyəsinin adları çəkilən ziyalıların vaxtaşırı Behbud ağanın Tərtər rayonunun Azad Qaraqoyunlu kəndindəki evində yığılmasından xəbərdar olduğunu göstərir.
Alman dilini mükəmməl bilən, fransız, rus, gürcü dillərində sərbəst danışan Behbud ağa ingilis dilini də öyrənmək üçün İngiltərəyə gedir. Londonda 1 illik təkmilləşdirmə kursunda oxuyur. Qərbi Avropadakı həyatı və təhsili onun siyasi-ictimai xadim kimi formalaşmasına böyük təsir göstərir. 1907-ci ildə Vətənə qayıdan Behbud ağa Cavanşir Şibayevin neft mədənində baş mühəndis vəzifəsində çalışır.
Behbud ağa Cavanşir Fətəli xan Xoyskinin qurduğu ikinci hökumət kabinetində daxili işlər naziri təyin olunur
XX əsrin əvvəllərində Bakıda ziyalılar və zəngin iş adamlarının təşəbbüsü ilə maarifpərvər xeyriyyə cəmiyyətləri yaradılır. İstedadlı, maddi cəhətdən imkansız tələbələrin ali təhsil almalarına yardım məqsədilə yaradılan xeyriyyə təşkilatlarından biri də “Nicat” cəmiyyəti idi (9 mart 1906-cı il). 1916-cı il martın 20-də Behbud ağa Cavanşir cəmiyyətə sədr, İsa bəy Aşurbəyov sədrin köməkçisi seçilir. “Nicat” cəmiyyəti 10 il ərzində ölkəmizdə təhsil və mədəniyyətin inkişafına mühüm töhfələr verib. 1916-cı ildə yerlərdə açılan bir və ikisinifli məktəblərin sayı 30-a çatıb. “Nicat” cəmiyyəti 1917-ci ilin Oktyabr inqilabı ərəfəsində fəaliyyətini dayandırıb.
1918-ci il mayın 28-də Xalq Cümhuriyyətinin qurulduğu elan olunduqdan sonra Behbud ağa Cavanşir Fətəli xan Xoyskinin 1918-ci il iyun ayının 17-də Gəncədə qurduğu ikinci hökumət kabinetində cümhuriyyətin daxili işlər naziri vəzifəsini tuturdu. O, nazir işlədiyi dövrdə Gəncə quberniyasının 9 qəzasında polis orqanları təsis edilib, Bakı erməni-daşnak və bolşevik qüvvələrindən təmizlənib və Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtı Gəncədən Bakıya köçüb. Daxili İşlər Nazirliyi “Metropol” mehmanxanasının binasında fəaliyyətə başlayıb və ölkənin asayişi buradan idarə olunub. Behbud ağa daxili işlər naziri işləyərkən Bakıda İçərişəhərdə polis müdavimləri hazırlayan məktəb açılıb. Məktəbdə 1200 müdavimin təhsil alması nəzərdə tutulurdu. Behbud ağa Cavanşirin nazirliyə rəhbərlik etdiyi dövrdə ölkədə anarxiyaya son qoymaq, qanunvericiliyi və vətəndaş təhlükəsizliyini təmin etmək məqsədilə bir sıra mühüm işlər görülüb.
1918-ci il oktyabrın 6-da Azərbaycan hökumətinin tərkibində kabinetdaxili dəyişikliklərdən sonra Behbud ağa Cavanşir daxili işlər naziri olmaqla bərabər, həm də ticarət və sənaye naziri vəzifəsini yerinə yetirib. O, bu vəzifədə yerli sənayenin inkişaf etdirilməsinə, Azərbaycan Xalq Cümhuriyyətinin xarici ölkələrlə əlaqələrinin yaradılmasına təşəbbüs göstərib.
Ermənilərin “qara siyahı”sında Behbud ağa Cavanşirin də adı var idi
Partiya mənsubiyyəti sarıdan bitərəf olan Behbud ağa Cavanşir 1918-ci il dekabrın 7-də Azərbaycan parlamentinə üzv seçilir. Parlamentdə fəaliyyət göstərən fraksiyalardan biri Behbud ağa Cavanşirin də daxil olduğu bitərəflər fraksiyası idi. 1919-cu ilin oktyabrında fraksiyada parçalanma baş verir. Bəhram bəy Axundov, Behbud ağa Cavanşir və Əbdüləli bəy Əmircanov müstəqil olaraq bitərəflər qrupu yaradırlar. Həmin vaxt Fətəli xan Xoyski hökuməti ilə birgə Behbud ağa da tutduğu vəzifədən istefa verir. Ancaq o, parlamentdəki fəaliyyətini davam etdirir.
Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra bolşeviklər peşəkar mühəndis kimi tanınan və xariclə əlaqələri olan Behbud ağaya toxunmurlar. Sonradan vəzifədən uzaqlaşdırılsa da, parlamentdə iştirak etməklə yanaşı, 1919-cu il iyulun 18-dən açdığı «Dəyanət» kommersiya şirkətini idarə edərək, xarici ticarətlə məşğul olub və bu sahədə müvəffəqiyyət qazanıb.
Azərbaycan Xalq Komissarları Sovetinin sədri Nəriman Nərimanov Behbud ağanı 1920-ci ilin sonlarında neft-mədən avadanlığı almaq üçün Almaniyaya göndərib.
1921-ci ilin iyulunda Behbud ağa Cavanşir həyat yoldaşı Tamara xanım, eləcə də qardaşları Surxay və Cümşüdlə birlikdə İstanbulda Əhməd bəy Ağaoğlunun qonağı olur. Əhməd bəy Ağaoğlunun qızı Sürəyya xanım sonralar öz xatirələrində yazır: “Atam Maltadan qayıtdıqdan sonra erməni tanışlarından bir professor bizə gələrək, atamın adının ermənilərin qara siyahısında olduğunu və onu xəbərdar etməyi özünə borc bildiyini, buna görə hərəkət etmək lazım gəldiyini söylədi. Azərbaycanın daxili işlər naziri Behbud ağa Cavanşirin də “qara siyahı”da olması xəbərini almışdıq”.
Erməni terrorunun qurbanı olan Behbud ağanın son sözləri: “Məni ancaq ermənilər vura bilər”
1921-ci il iyulun 17-də Behbud ağa həyat yoldaşı Tamara xanım, qardaşları Cümşüd və Surxayla birgə axşam saatlarında “Təpəbaşı” ailə restoranından çıxıb “Pere Palas” otelinə yönəldikləri zaman arxadan qaçaraq gələn, şapkasını gözünün üstünə basmış cılız, kəsik bığlı, əyri burunlu erməninin “Mauzer” markalı tapançadan açdığı atəş nəticəsində ağır yaralanır.
Qalatasaray mərkəzi polis idarəsinin əməkdaşları hadisə yerinə gəlir və Mişak Torlakyanı həbs edirlər. Lakin xəstəxanaya çatdırılan Behbud ağa dünyasını dəyişir. Rus inqilabı və hərc-mərclik illərində dəfələrlə sui-qəsdlərə məruz qalsa da, öz həyatını soyuqqanlıqla qorumağı bacaran Behbud ağanın ölüm ayağında son sözləri belə olur: “Mənim şəxsi düşmənim yoxdur, məni ancaq ermənilər vura bilər. Cənablar, pəncərəni açın, hava çatışmır, mən ağırlaşıram”.
Beləcə, Behbud ağa Cavanşir də Nəsib bəy Yusifbəyli, Fətəli xan Xoyski, Həsən bəy Ağayev kimi erməni terrorunun qurbanı olur. O, Beşiktaşda “Yəhya Əfəndi Dərgahı” məzarlığında dəfn olunur. 1921-ci il iyulun 18-də Behbud ağanın dəfn mərasimi kütləvi nümayişə çevrilir.
Mişaq Torlakyan “Daşnaksütyun” partiyasının üzvü idi və Azərbaycanda 1918-ci ilin mart soyqırımında xüsusi fəallıq göstərmişdi. İstanbul ingilis işğalı altında olduğundan Torlakyan cinayət hadisəsindən 20 gün sonra ingilis hərbi tribunalında mühakimə edilir. Qısa vaxtda ermənilər qatilin müdafiəsinə səfərbər olunurlar. Behbud ağa Cavanşir tərəfdən isə şahidlər təəccüb və təəssüf doğuracaq qədər az idi — cəmi 6 nəfər. Lakin şahidlərin sayı arasındakı kəskin fərqə baxmayaraq, ittiham şahidləri bu cinayətin əsl mahiyyətinin açılmasına, erməni qatilinin ifşa edilməsinə nail olurlar. Behbud ağa Cavanşirin qatili Mişaq Torlakyanın məhkəməsi, təəssüf ki, erməni terrorçunun bəraət alması ilə nəticələnir. ( Türkan Qasımova )
P.S. Ermənilər qatil Torlakyanın leşini ABŞ-dan gətirib İrəvanda gorbagor etmələrinə qarşılıq biz öz qurucu babalarımızın xatirəsinə bir daşı daş üstünə qoymamışıq…