Günün mübarək, Kəlbəcər
Bu gün – 25 noyabr Kəlbəcər rayonunun Ermənistanın işğalından azad edilməsinin növbəti ildönümüdür.
2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərdən sonra Azərbaycan hərbi qələbəsini siyasi müstəvidə də davam etdirdi. 10 noyabr Bəyanatına əsasən, noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonu Azərbaycana qaytarıldı.
Azərbaycan Ağdam, Kəlbəcər və Laçın rayonlarını hərbi itki vermədən geri aldı.
Xatırladaq ki, Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi.
Bu gün Kəlbəcərdə böyük quruculuq və abadlıq işləri aparılır. Dağıdılmış yurd yerləri yenidən dirçəlir, yollar çəkilir, infrastruktur qurulur, kəlbəcərlilər öz doğma yurd-yuvalarına qayıdırlar.
Əsrarəngiz təbiəti, zəngin sərvətləri və Ermənistanla sərhəddə yerləşməsi Kəlbəcərə həm təbii, həm də strateji baxımdan xüsusi əhəmiyyət qazandırır.
Ötən illər ərzində Azərbaycan Ordusu Kəlbəcərdə mövqelərini möhkəmləndirib. Bu gün bir zamanlar həsrətində olduğumuz doğma torpaqlarda Azərbaycan bayrağı dalğalanır.
Bu torpaqların azadlığı uğrunda canından keçən şəhidlərimizə Allah rəhmət eləsin,ruhları şad olsun.
Günün mübarək, doğma Kəlbəcər!
Sənin dağların, bulaqların, yaylaqların yenidən öz sahiblərinə qovuşur. Qoy bir daha heç vaxt yurd həsrəti yaşanmasın!