2025-dən 2026-ya əliboş gedən veteran
İllər ötür, aylar keçir. Gəncliyimiz əriyir, sağlamlığımız ağırlaşır. Hər birimiz bu torpaq üçün “Canım sənə fəda, Vətən!” deyərək döyüşə getdik. Can verdik, qan verdik, ömür verdik.
Bəs soruşuruq: 2025-ci il biz veteranlara nə verdi?
Televizorlarda, qəzetlərdə, Milli Məclisin tribunasından veteranların adı tez-tez çəkildi. Rəsmi açıqlamalar səsləndi. 2025-ci ilin 1 iyulunda Prezident İlham Əliyev veteranların sosial müdafiəsini gücləndirməyə yönəlmiş sərəncamlar imzaladı. Müharibə veteranları üçün sosial yardım, mənzil dəstəyi və təqaüd siyasətinin davam etdiyi bildirildi.
23 dekabr 2024-cü il tarixli Prezident Sərəncamı ilə yeni sosial islahat paketi icra olundu: minimum əməkhaqqı 400 manata, minimum pensiya 320 manata qaldırıldı, pensiyalar 8,1 faiz indeksləşdirildi. Ümumilikdə 3 milyon insanı əhatə edən bu paket üçün 1,4 milyard manat ayrıldı.
Bəs sual budur:
👉 Ayrılan 1,4 milyard manatdan veteranlara niyə düşmədi?
👉 Niyə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi cənab Prezidentin tapşırıqlarının mahiyyətini yerinə yetirmədi?
Milli Məclisdə deputatlar “veteran pulu”nun artırılmasını müzakirə etdilər. Bildirildi ki, 2025-ci ildə müharibə veteranlarına verilən 80 manatlıq xüsusi təqaüd artırıla bilər. Deputat Əli Məsimli bunun gündəmdə olduğunu dedi.
Ax əziz deputatlar! — Sizin gündəminiz nə vaxt bitəcək? Bu veteranlar gündəm bitənə qədər acından ölməlidirmi?
2020–2025-ci illər arasında veteranlar arasında özünə qəsd hallarının sayı artıq ictimaiyyətin yaddaşından belə silinməyə başlayıb. 2025-ci ildə rəsmi məlumatlara əsasən 2 veteran özünə qəsd edib və səbəb kimi keçim çətinliyi göstərilib.
Bu susqunluq özü də bir zülmdür.
2024-cü ildə dövlət tərəfindən verilən rəsmi sözlərdə deyilirdi: — “44 günlük Vətən müharibəsindən sonra şəhid ailələri və müharibə iştirakçılarına, o cümlədən qazilərə və veteranlara göstərilən sosial dəstək paketi uğurla davam etdirilib.”
Sualım birdir və açıqdır:
Niyə veteranlar iki hissəyə bölündü?
Məgər Azərbaycan bir deyilmi?
Azərbaycan Respublikasının Konstitusiyası deyir:
Maddə 5: Dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır.
Maddə 25: Hamı qanun qarşısında bərabərdir.
1-ci Qarabağ müharibəsi veteranı ilə 44 günlük müharibə veteranının hüquqi cəhətdən fərqləndirilməsi bu maddəyə ziddir.
Maddə 16: Azərbaycan sosial dövlətdir və insanın ləyaqətli həyat səviyyəsini təmin etməyə borcludur. Sosial dövlət eyni taleyi yaşamış insanları ayıra bilməz.
Azərbaycan Cinayət Məcəlləsinin 283-cü maddəsi sosial nifrət və qarşıdurma yaradan hərəkətləri cinayət sayır.
Veteranların öz aralarında qarşı-qarşıya qoyulması da bu maddənin hüquqi predmetinə düşür.
Beynəlxalq hüquq deyir: — Ümumdünya İnsan Hüquqları Bəyannaməsi – Maddə 2: — Heç bir fərq qoyulmadan hüquqlar təmin edilməlidir. Müharibənin növünə görə fərq qoymaq qanunsuz fərqdir.
İndi isə gəlin gerçək rəqəmlərə baxaq.
Bir veteran 80 manata nə edə bilər?
Şərt sadədir: — 1 veteran, aylıq 80 manat, 4 nəfərlik ailə.
Kommunal xərclərin minimumu:
Elektrik – 25 ₼ , Qaz – 25 ₼, Su – 10 ₼, Zibil, lift, işıqlandırma – 5 ₼
Cəmi: 65 ₼
80 manatdan 15 manat qalır.
Dərman xərci minimum 20 manatdır. Pul çatmır. Borc yaranır.
Yemək? — 4 nəfərlik ailə üçün gündəlik minimum 10–12 manatdır. Aylıq isə 300–360 manat.
👉 80 manatla bir gün də yaşamaq mümkün deyil.
YEKUN HƏQİQƏT
80 manat: – kommunala çatmır – dərmana çatmır – ailəni yaşatmağa yetmir
Bu, sosial rifah deyil.
Bu, sadəcə kağız üzərində yazılan rüsvayçı rəqəmdir.
Qurani-Kərim buyurur: — “Həqiqətən, Allah zülmü sevməz.” (Ali-İmran, 57)
Biz bu Vətən üçün döyüşəndə nə maaş düşündük, nə təqaüd.
Amma bu gün haqqımızı tələb edirik.
Çünki haqq tələb etmək üsyan deyil — ədalətdir.
Mübariz Eldar oğlu, AVMVİB-nin Neftçala rayon şöbə sədri