Bu Vətəni təmınnasız sevdik biz…
Mükafat ummadan, medal gözləmədən, pul, tərif, şöhrət dalınca düşmədən… Biz bu torpağı Ana bildik, Vətən bildik və Ana uğrunda can verməyi şərəf saydıq. Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi 1994-cü ildən bu günədək fəaliyyət göstərir. Başda sədrimiz Füzuli Rzaquliyev olmaqla 93 min müharibə veteranı bu dövlətin və bu torpağın canlı şahidləridir. Biz cavanlığımızı, gəncliyimizi, sağlamlığımızı, qanımızı və canımızı bu Vətənə fəda etdik. Çünki biz bu torpağı əmanət bildik. Qurani-Kərim buyurur: — “Şübhəsiz ki, əmanətlərə xəyanət etmək böyük günahdır.” Ulu Öndərin “Vətən uğrunda ölməyə hazır olmayan insan, bu Vətəni sevdiyini iddia edə bilməz” ruhlu kəlamı ilə evimizi, ailəmizi, malımızı-mülkümüzü qoyub Vətənin müdafiəsinə qalxdıq. Bəs bu gün bəzi məmurlar bunu doğrudanmı unudub?
Son zamanlar qeyri-hökumət təşkilatlarına, xüsusən də veteran təşkilatlarına qarşı aparılan qara piar kampaniyası artıq heç kimə sirr deyil. Bir neçə aydır davam edən məhkəmə proseslərinin gizli aparılması isə ciddi suallar doğurur. Əgər hələ məhkəmə qərarı yoxdursa, nə üçün televiziya kanalları təşkilat rəhbərlərini milyonların qarşısına çıxararaq onları əvvəlcədən suçlu kimi təqdim etdi? Bu hansı qanuna, hansı ədalətə sığır? Azərbaycan Respublikasının Cinayət Məcəlləsi — Maddə — 147.1. — Böhtan — kimsənin şərəf və ləyaqətini ləkələyən, onun nüfuzuna xələl gətirən yanlış məlumatı ictimaiyyət qarşısında yaymaqdır. (Bu maddə də məhkəmə qərarı olmadan şəxsin şərəf və ləyaqətini alçaldan ifadələrin yayılmasını əhatə edir.) Maddə 148 — Təhqir — şəxsin şərəf və ləyaqətinin alçaldılmasıdır (şifahi, yazılı, media və TV vasitəsilə).
Veteranı, təşkilat sədrini və ya hər hansı şəxsi ictimai şəkildə alçaldan ifadələr bu maddəyə aiddir. MƏHKƏMƏ QƏRARI OLMADAN ŞƏXSİN GÜNAHKAR ELAN EDİLMƏSİNİN HÜQUQİ MƏSULİYYƏTİ I. KONSTİTUSİYA ƏSASI Azərbaycan Respublikası Konstitusiyası – Maddə 63 Təqsirsizlik prezumpsiyası “Hər kəsin təqsirsizliyi qanunla təsbit edilir. Şəxsin təqsiri qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilməyincə və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olmadan o, təqsirli hesab edilə bilməz.” Bu maddəyə görə: • Məhkəmə hökmü olmadan kimsəni “cinayətkar”, “günahkar”, “oğru”, “korrupsioner” və s. adlandırmaq Konstitusiyanın pozulmasıdır. • Dövlət qurumları, media və vəzifəli şəxslər üçün bu maddə birbaşa qadağadır “KÜTLƏVİ İNFORMASİYA VASİTƏLƏRİ HAQQINDA” QANUN Maddə 14 KİV:
• şəxsin şərəf və ləyaqətini ləkələyən,
• təsdiqlənməmiş,
• məhkəmə qərarı olmadan yayılan məlumatlara görə məsuliyyət daşıyır.
Nəticə: Təkcə jurnalist yox, redaktor, kanal rəhbərliyi, sayt sahibi də məsuliyyət daşıyır. Quranda buyurulur: — “Zənnin çoxundan çəkinin. Çünki zənnin bir qismi günahdır.” Hələ hökm oxunmamış insanları günahkar elan etmək cinayətdir. Məhkəmə bitməmiş qəzet və televiziya vasitəsilə veteranların adını ləkələmək, onların şərəfini tapdalamaq haqqın boğulmasıdır. Bu gün gənclərə hansı vətənpərvərlikdən danışacağıq? Onlar deməzmi: — “Veteranı bu hala salanlar, sabah bizə nə qiymət verəcək?” Bu davranış gənclərin dövlətə, millətə, Vətənə olan inamını sarsıdır. Bu isə artıq mənəvi cinayətdir.
BİZ “DUR” DEYİRİK
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi adından, 93 min veteranın və AVMVİB-in Neftçala rayon şöbəsinin üzvləri olaraq bu gedişata “DUR!” deyirik. Bəsdir! — Veteranların hissiyyatı ilə oynadınız! Bəsdir, 80 manatla qəhrəmanları alçaltdınız! Bu oyunlar bir ovuc qrupun işidir. Bir zamanlar əlillərin əlilliyini kəsərək onları dövlətə qarşı qaldırmaq istədiniz – alınmadı. İndi isə daha çox olan veteranları dövlətçiliyin əleyhinə çevirmək istəyirsiniz – bu da baş tutmayacaq. MEDALIN DƏYƏRİ Müharibə vaxtı səngərdən qaçan, səhnədə mahnı oxuyan, studiyada danışanlara bu gün medal paylanır. Bəs bir təşkilat veteranlara xatirə medalı təqdim edəndə niyə bu qədər nifrət yaranır? Əslində o medalları siz verməli idiniz. Füzulinin azadlığına görə medal gözəldir, təqdirəlayiqdir. Bəs Füzuli uğrunda döyüşən əsgərlər? Onların haqqı niyə unuduldu?
SON SÖZ – ANDIMIZ
Unutmayın: — Bizim səbrimiz zəiflik deyil, imanın dərinliyidir. Quran buyurur: — “Allah səbir edənlərlədir.” Bizi nə qədər incitsəniz də, biz bu Vətənə xəyanət etmərik. Biz bu torpağı ömrümüzün sonuna qədər sevəcəyik. Ölsəydik – Şəhid idik. Qaldıq – Qazi adlandıq. Amma hər halda Vətən əmanətini qoruyanlar olduq.
Mübariz Eldar oğlu — Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Neftçala rayon şöbəsinin sədri