Şəhid Mirəliyev Mirəlinin xatirəsi anıldı

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin nümayəndələri şəhid Mirəliyev Mirəlinin ailəsini ziyarət edib, onun məzarını önündə dua oxuyaraq xatirəsini yad ediblər. Ziyarətçilər AVMVİB-in sədri Füzuli Rzaquliyevin, AVMVİB sədrinin birinci müavini Vahid Abdurəhmanovun və AVMVİB Sabunçu rayon şöbəsinin sədri Ramiz Musayevin adından başsağlığı veriblər. Görüş zamanı ailə üzvləri ilə səmimi söhbətlər aparılıb, onların qayğı və ehtiyacları ilə maraqlanılıb.
Mərasimdə Maştağa qəsəbəsinin veteranları da iştirak ediblər. AVMVİB-in rəhbəri Füzuli Rzaquliyevin adından çıxış edən təşkilatın Maştağa özəyinin sədri Mustafayev Mustafa şəhidin vətən uğrunda göstərdiyi igidlik və qəhrəmanlıq yolundan danışıb, ailəsinə dərin hörmət və ehtiramını bildirib.
Tədbir şəhidlərin unudulmaz xatirəsini yaşatmaq, onların ailələrinə mənəvi dəstək olmaq məqsədilə təşkil olunub.
AVMVİB-in Mətbuat xidməti


