17.10.2025

Söz — könülün lisanı, millətin vicdanı, zamanın aynasıdır

Söz – könülün lisanı, millətin vicdanı, zamanın aynasıdır. O söz ki, haqqı deyər, o qələm ki, həqiqətin yolçusudur – o qələm əbədi yaşayar. Və bu gün biz, belə bir qələmin – Azərbaycan milli mətbuatının – 150 illik şərəfli ömrünü ehtiramla yad edirik. Əziz mətbuat işçiləri, qəhrəman söz əhli və qələm sahibləri! Sizi və bütün jurnalist həmkarlarınızı bu əlamətdar yubiley münasibətilə könüldən təbrik edir, fəaliyyətinizdə müvəffəqiyyətlər, qələm yolunuzda işıqlı sabahlar arzulayırıq. Bu müqəddəs yolun bünövrəsi 1875-ci ildə, maarifin bayraqdarı, fikrin əkinçisi Həsən bəy Zərdabi tərəfindən qoyulmuşdur.

“Əkinçi” qəzeti təkcə bir nəşr deyildi – o, susqunluğa qarşı qopan ilk nida, millətin ruhuna hopmuş ilk səs idi. Bu səs zamanla minlərlə aydının, ziyalının və qələm sahibinin ruhunda səda verdi. Hər biri bu yolun yolçusuna çevrildi – sözlə vətəni qorumaq üçün. Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sıralarında bu gün onlarca jurnalist, söz əhli, ictimaiyyətlə əlaqələr üzrə mütəxəssis fəaliyyət göstərir. Onlar təkcə hadisələri deyil, xalqın nisgilini, şəhid analarının ahını, qazilərin fədakarlığını, Vətən torpağının ruhunu cəmiyyətə çatdırırlar. Onlar sözlə sipər, qələmlə səngər yaradan qəhrəmanlardır. Bu müqəddəs missiyanın öncüllərindən biri – mərhum Xaqani Ədəboğlu idi. Onun adı təkcə media sahəsində deyil, vətənpərvər ruhun, milli kimliyin və haqq mücadiləsinin qələm simvoludur.

Onun qurduğu “fedai.az”, “Veteran TV” və “Veteran.az” kimi media platformaları informasiya cəbhəsində düşmən təbliğatına qarşı qalxan olmuşdur. Hər sətiri – bir əsgər, hər xəbəri – bir mərmi kimi Vətən uğrunda səfərbər olunmuşdur. Şəxsən mən – bu gün AVMVİB-in Neftçala şöbəsinin sədri, yazmağa könül vermiş bir qələm həvəskarı olaraq, neçə-neçə mətni Xaqani bəylə birgə yazmış, onun redaktə etdiyi sözlərdə hikmət və təmkin tapmışam. İndi onun yoxluğu mənə bir susqun səhifə kimi görünür. Amma o səhifədə yazılmış hər cümlə bu xalqın yaddaşında yaşayacaq, ürəklərdə səslənəcəkdir. Bu şərəfli yol bu gün də davam edir. Xaqani Ədəboğlunun yolunu onun silahdaşı Nurlan qardaşımız inamla davam etdirir. “Fedai.az” və “Veteran.az” portalları bu gün də informasiya səngərində mübarizəni davam etdirir, söz bayrağını uca tuturlar. Ey söz əhli! — Sizlərin fəaliyyəti – bir xalqın şüuruna nur saçmaq, bir millətin taleyini haqqla yoğurmaqdır. Sizlərin qələmi – haqsızlığa qarşı ədalətin, zülmə qarşı dirənişin silahıdır.

Bu əlamətdar gündə AVMVİB-in Neftçala rayon şöbəsi adından, bütün regional jurnalistləri, media əməkdaşlarımızı, qələm dostlarımızı və millətimizin informasiya qəhrəmanlarını səmimi-qəlbdən təbrik edir, fəaliyyətinizdə müvəffəqiyyət və ilham arzulayırıq. Əminik ki, milli mətbuatımız qarşıdakı dövrlərdə də yalnız həqiqətə xidmət edəcək, milli mənafelərimizin qoruyucusu olacaq və Vətən yolunda səngər olan qələmlər susmayacaq. Sözün sükutu – xalqın səssizliyi deməkdir, — Qalx ayağa, ey qələm, haqqı danış!

Mübariz Eldar oğlu
AVMVİB Neftçala rayon şöbəsinin sədri,
“Veteran.az” qəzetinin Şirvan-Salyan bölgə yazarı

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: