02.06.2025

AVMVİB sədri Füzuli Rzaquliyev 28 May – Müstəqillik Günü münasibətilə xalqımızı təbrik etdi

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev 28 May – Müstəqillik Günü münasibətilə Azərbaycan xalqını ürəkdən təbrik edib. Təbrikdə deyilir:

“Əziz həmvətənlər!

1918-ci il 28 may tarixində yaradılan Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə ilk parlamentli respublika kimi milli dövlətçiliyimizin, azadlıq və müstəqillik ideallarımızın təməlini qoydu. Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, Cümhuriyyət milli dövlətçiliyimizin siyasi, hüquqi və mənəvi əsaslarını formalaşdırdı, qısa zaman ərzində xalqımızın milli kimliyini bütün dünyaya tanıtdı. Məhz o dövrdə qəbul edilən qərarlar – ümumi seçki hüququnun verilməsi, demokratik parlamentin yaradılması, milli ordu və dövlət atributlarının təsis olunması gələcək müstəqil Azərbaycan Respublikasının əsasını təşkil etdi.”

Füzuli Rzaquliyev çıxışında Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətlərini də qeyd edib:

“XX əsrin sonlarında dövlət müstəqilliyimizin bərpası ilə üz-üzə qaldığımız ağır sınaqlar dövründə Azərbaycanı parçalanmaq və yox olmaq təhlükəsindən xilas edən, onun suverenliyini və ərazi bütövlüyünü qoruyub saxlayan şəxsiyyət məhz Ümummilli Lider Heydər Əliyev olmuşdur. Onun müdrik və uzaqgörən siyasəti nəticəsində Azərbaycanın müstəqilliyi dönməz xarakter aldı.”

AVMVİB sədri həmçinin bu tarixi davam etdirərək müasir dövrdə əldə olunan tarixi Zəfərimizdən də bəhs edib:

“Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik ideologiyası bu gün Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 2020-ci ildə 44 günlük Vətən Müharibəsində rəşadətli Ordumuz Ali Baş Komandanın rəhbərliyi ilə tarixi Qələbə qazandı və torpaqlarımız işğaldan azad olundu. 2023-cü ilin antiterror tədbirləri ilə isə ölkəmizin tam suverenliyi təmin edildi. Bu zəfərlər yalnız hərbi deyil, həm də siyasi və mənəvi baxımdan müstəqilliyimizin dönməzliyinin təsdiqidir.”

Təbrikinin sonunda Füzuli Rzaquliyev xalqımıza daim əmin-amanlıq, ərazi bütövlüyümüzə möhkəm birlik və müstəqil Azərbaycan naminə əzmli xidmət arzulayıb:

“Müstəqillik, suverenlik və xalqın birliyi – bunlar bizim tariximizin, bu günümüzün və gələcəyimizin mayasıdır. 28 May – Müstəqillik Günü münasibətilə xalqımızı təbrik edir, şəhidlərimizi rəhmətlə yad edir, qazilərimizə cansağlığı arzulayıram. Yaşasın müstəqil Azərbaycan! Yaşasın qalib Azərbaycan xalqı!”

AVMVİB-in Mətbuat xidməti

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: