Şəhid Mübariz Xankişiyevin xatirəsinə həsr olunmuş şahmat turniri keçirilib

Aprelin 16-da, Bakı şəhərində yerləşən Yasamal Şahmat Məktəbində fövqəladə hava şəraitinə baxmayaraq, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) təşkilatçılığı və AVMVİB-in Fəxri üzvü Fərahim Sadiqin təşəbbüsü ilə Şəhid Mübariz Xankişiyevin xatirəsinə həsr olunmuş şahmat turniri keçirildi.
Tədbirdə AVMVİB rəhbərliyi, Bakı və Bakıətrafı şöbələrin nümayəndələri, eləcə də müharibə veteranları iştirak etdilər.
Turnir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Daha sonra Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad olundu.
Tədbiri giriş sözü ilə açan AVMVİB sədri Füzuli Rzaquliyev şəhid Mübariz Xankişiyevin döyüş yolundan, onun vətənpərvərliyindən, cəsarətindən və əqidəsindən danışaraq, gənclərə örnək olan bir həyat yolunun tarixdə silinməz iz buraxdığını qeyd etdi.
O bildirdi ki, bu cür tədbirlərin keçirilməsi təkcə bir şəhidin yox, bütün şəhidlərin ruhuna ehtiram, gələcək nəsillərə isə milli yaddaşın aşılanması baxımından mühüm əhəmiyyət daşıyır.
Daha sonra çıxış edən şəhidin qardaşı, başda AVMVİB-in rəhbərliyi olmaqla, tədbirin təşkilinə və turnirdə iştirakına görə bütün müharibə veteranlarına dərin minnətdarlığını bildirdi.
Azərbaycan Şahmat Federasiyasının hakimləri tərəfindən idarə olunan turnir, yüksək səviyyədə təşkil olunmuş və böyük maraqla qarşılanmışdır. Yarış boyunca iştirakçılar arasında sağlam rəqabət, idman ruhu və vətənpərvərlik ab-havası hiss olunurdu.
Qeyd edək ki, Şəhid Mübariz Xankişiyevin xatirəsinə həsr olunmuş sənədli filmin təqdimatı zamanı turnirin qaliblərinə müvafiq xatirə hədiyyələri və diplomlar təqdim ediləcək.
AVMVİB-in Mətbuat xidməti










