02.11.2024

11 oktyabr 2020 *“İkinci Qarabağ müharibəsi şəhidlərinin siyahısı”

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı.
AVMVİB Neftçal Şöbəsi İkinci Qarabağ müharibəsi şəhidlərinin siyahısını təqdim edir.
Müharibənin 15 — cü günü
Mübariz Eldar oğlu, AVMVİB-nin Neftçala rayon şöbə sədri və «Vetran.az” qəzetinin Şirvan-Salyan regional muxbiri.


        İsmayıl Məhəmməd oğlu Səmədov (9 avqust 1990, Lahıc, Zaqatala rayonu – 11 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin 052 nömrəli Hərbi Hissəsinin Bölmə Komandiri; 2020-ci ildə Qarabağ müharibəsi zamanı Cəbrayılın azad edilməsi uğrunda gedən hərbi əməliyyatlar zamanı şəhid olub, ölümündən sonra Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülüb. 

       Zakir Tofiq oğlu Yusifov  (29 sentyabr 1956, Bakı – 11 oktyabr 1992, Səfiyan, Laçın rayonu) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.
    Həyatı - 29 sentyabr 1956-cı ildə Bakı şəhərində doğulmuşdur. 1974-cü ildə 194 saylı məktəbi bitirir və Sasovski adına Mülki Təyyarəçilik məktəbinə daxil olur. 1977-ci ildə təhsilini başa vurur və Yevlaxda işə başlayır. AN-2 təyyarəsinə komandir təyin edilir. 1988-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsinin qiyabi şöbəsini bitirir. Respublika ilk hərbi vertolyot eskadrilyasının yaradılması olduqca çətin bir iş idi. Zakir bu işin öhdəsindən Azərbaycanın Milli Qəhrəmanı Yavər Əliyevlə gəldi.
      Döyüşlərdə iştirakı - Bu uçuşlardan ən uğurlusu 11 aprel oldu. İlk dəfə hərbi vertolyotla havaya qalxan Zakir Yusifov Füzuli-Xocavənd istiqamətində uğurlu uçuş edə bildi. O, döyüş tapşırığını başa vurur və geri dönür. Zakir Yusifov yüzdən artıq uçuşlar edərək erməni yaraqlılarının xeyli zirehli texnikasını məhv etmişdi. O, Füzuli, Xocavənd, Tərtər, Ağdərə, Şuşakənd səmalarında fərqlənmişdir

      Yusif Budaqov 11 oktyabr 1997-ci ildə Bakı şəhərində doğulub.2003-2014-ci illərdə Bakı şəhər 132 saylı orta məktəbdə təhsil alıb. O, 2015-ci ildə Səbail rayonundan həqiqi hərbi xidmətə yollanmışdı. 
   Bakı şəhərində Mərkəzi Klinikaya işə düzəlmişdi, baş texnik vəzifəsində çalışırdı.
 Aprel döyüşlərində iştirak edən Yusif Budaqov Vətən müharibəsinin ilk günlərindən döyüşə qatılmış və oktyabrın 27-də Füzuli rayonu istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmışdır. Döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölümündən sonra “Vətən uğrunda” , ”Xocavəndin azad olunmasına görə " və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
      Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin  Sərəncamına əsasən Yusif Budaqov ölümündən sonra III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi.

      İntiqam Hacıyev 11 oktyabr 1998-ci ildə Ağcabədi rayonunun Minaxorlu kəndində anadan olmuşdur. Ağcabədi rayon Minaxorlu kənd tam orta məktəbində təhsil almışdır. İntiqam Hacıyev 21 sentyabr 2020-ci ildən hərbi təlim toplantılarına çağırılmışdır.
     Azərbaycan Ordusunun əsgəri olan İntiqam Hacıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində könüllü olaraq vuruşmuşdur. Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Döyüşlərdə yaralanmış və Ağcabədi rayonunun Muğanlı kəndinə gətirilmişdir. İntiqam Hacıyev 13 oktyabr 2020-ci ildə Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndində şəhid olmuşdur.

**
Kənan Həsənov 16 sentyabr 1997-ci ildə Salyan rayonunun Qaraçala qəsəbəsində dünyaya göz açmışdır.
Orta məktəbi bitirdikdən sonra Azərbaycan Memarlıq və İnşaat Universitetində ali təhsil almışdır. Subay idi. Kənan Həsənov ali təhsilini aldıqdan sonra hərbi xidmətə yollanmışdır.
Azərbaycan Ordusunun əsgəri olan Kənan Həsənov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 10 oktyabr 2020-ci ildə Suqovuşan istiqamətində gedən döyüşlərdə döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur.


      Emin Məmmədov 11 oktyabr 1997-ci ildə Beyləqan rayonunun Birinci Şahsevən kəndində anadan olmuşdur. 2003-2014-cü illərdə Beyləqan rayon Araz qəsəbə tam orta məktəbdə təhsil almışdır. Subay idi.
          Emin Məmmədov 2015-2017-cı illərdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon üzrə Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının sıralarında hərbi vəzifəsini yerinə yetirmişdir. Hərbi xidmətini başa vurduqdan sonra müddətdən artıq davam etdirmişdir.
          Azərbaycan Ordusunun əsgəri olan Emin Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Emin Məmmədov 2 noyabr 2020-ci ildə Şuşa istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur.

          Xəqani İsa oğlu Murtuzəliyev 1984-cü il oktyabrın 11-də Zaqatala rayonunun Qımır kəndində anadan olub. 1990-2001-ci illərdə İ. Məmmədov adına Qımır kənd tam orta məktəbində təhsil alıb. Ailəli idi. 1 qızı və 2 oğlu yadigar qaldı.
     Xəqani Murtuzəliyev 2002-2004-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2013-cü ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi.
      Azərbaycan Ordusunun kiçik çavuşu olan Xəqani Murtuzəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Hadrut qəsəbəsinin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xəqani Murtuzəliyev oktyabrın 20-də Füzuli döyüşləri zamanı şəhid olub. Zaqatala rayonunun Qımır kəndində dəfn olunub.

        Həsən Adışirin oğlu Quliyev 1996-cı il oktyabrın 11-də Ağcabədi rayonunun Sarvanlar kəndində dünyaya göz açıb. Orta məktəbi bitirdikdən sonra müddətli həqiqi hərbi xidmətə yollanıb. Hərbi xidmət müddəti bitdikdən sonra müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olub.
    Azərbaycan Ordusunun əsgəri olan Mərahim Abdullayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak edib. 3 noyabr 2020-ci ildə Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə vuruşub, döyüş tapşırığını yerinə yetirərkən şəhid olub. 21 noyabr 2020-ci ildə Ağcabədi rayonunun Sarvanlar kəndində torpağa tapşırılıb.

       Əslən Qubadlı rayonunun Xallava kəndindən olan Quliyev Azər Zakir oğlu 10 oktyabr 1996-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur. 
        2003-cü ildə Sumqayıt şəhər 37 nömrəli tam orta məktəbin 1-ci sinfinə qəbul olunan Azər Quliyev, 2011-ci ildə 9 illik təhsilini başa vurduqdan sonra təhsilini Sumqayıt şəhər Peşə liseyində davam etdirmişdir. 
       2015-2017-ci illərdə Qazax rayonunda həqiqi hərbi xidmətdə olmuş, həmçinin məlum Aprel döyüşlərində də fəal iştirak etmişdir.
      Quliyev Azər 2020-ci il sentyabrın 29-da II Qarabağ - Vətən müharibəsinə könüllü olaraq getmiş, şərəfli bir döyüş yolu keçmişdir. 
      O, oktyabrın 23-də Xocavənd uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla şəhidlik zirvəsinə ucalmış, Sumqayıt şəhər “Şəhidlər xiyabanı"nda dəfn olunmuşdur.

      Səid Rəşidzadə 1990-cı il yanvarın 28-də Füzuli rayonunun Horadiz şəhərində anadan olub.  Onun atası - Nofəl Qasımov 1992-1993-cü illərdə Füzuli Rayon İcra Hakimiyyətinin başçısı olub. Səid Rəşidzadə 1996-2007-cı illərdə Nərimanov rayonunda S. Yolçuyev adına 207 nömrəli tam orta məktəbdə təhsil alıb. Ali təhsilini isə 2007-2011-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində alıb. Subay idi.
      Səid Rəşidzadə 2011-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edirdi. Səid Rəşidzadə 2016-cı ilin 2-5 aprelində baş verən döyüşlərdə Polad Həşimovla çiyin-çiyinə savaşıb.
     Səid Rəşidzadə bir neçə il əvvəl Azərbaycan Ordusundan tərxis olunsa da, Tovuz döyüşləri zamanı Polad Həşimovun öldürülməsi ona çox pis təsir edib. Könüllü olaraq 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı döyüşlərə yollanıb. Səid Rəşidzadə Hadrutun azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Səid Rəşidzadə oktyabrın 11-də Hadrut qəsəbəsində Azərbaycan bayrağını sancan zaman şəhid olub. Füzuli rayonunda dəfn olunub.

       Rüstəmov Arif Seymur oğlu 2001-ci ildə Salyan şəhərində anadan olub. 2018-ci ildə orta təhsilini bitirdikdən sonra Bakı Turizm və Menecment kollecinə daxil olub. A.Rüstəmov 2019-cu ildə təhsilini yarımçıq qoyaraq hərbi xidmətə yollanıb və orada rabitəçi kimi xidmət edib. Qazax rayonu N sayılı hərbi hissədə qulluq edən şəhidimiz 27 sentyabrda başlanan Vətən müharibəsinə qatılıb.
     O, Cəbrayıl, Füzuli, Zəngilan və Qubadlının azad olunması uğrunda döyüşlərdə iştirak edib. Arif Rüstmov 27 oktyabr tarixində Füzuli rayonunda gedən döyüşlərdə şəhid olub.

      Rəşad Sadıqov 1978-ci il oktyabr 11-də Laçın rayonunda anadan olub. 1984-1992-ci illərdə Laçın şəhərində 2 nömrəli tam orta məktəbdə təhsil alıb. 1992-ci ilin may ayında Laçın şəhəri Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunduğu üçün Sadıqovlar ailəsi Şəmkir şəhərində yaşamağa başlayırlar. 1992-1995-ci illərdə həmin şəhərdə Ə. Cavad adına 1 nömrəli tam orta məktəbdə təhsil alıb. 1995-1999-cu illərdə isə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində (BABKM) ali hərbi təhsil alıb.

Rəşad Sadıqov 1999-2004-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin Şahbuz rayonunda yerləşən «N» saylı hərbi hissədə xidmət edib. 2004-cü ildə Naxçıvan şəhərində Heydər Əliyev adına Hərbi Liseydə çalışıb. Daha sonra isə Naxçıvan şəhərində Hərbi Komissarlığda və Hərbi Hospitalda xidmət edib.
Azərbaycan Ordusunun polkovnik-leytenantı olan Rəşad Sadıqov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Qubadlının və Laçının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Rəşad Sadıqov oktyabrın 29 də Laçın döyüşləri zamanı şəhid olub.


      Vüsal Mərdan oğlu Şahmarlı 11 oktyabr 1996-cı ildə İmişli rayonunun Sarıxanlı kəndində dünyaya göz açmışdır.
     İlk təhsilini Rusiyanın Tümen şəhərində alan Vüsal 5-ci sinifdə oxuyarkən ailəsi ilə birlikdə Azərbaycana qayıtmış və Bakı şəhəri 138 nömrəli orta məktəbdə təhsilini davam etdirmişdir. Orta təhsilini 2014-cü ildə başa vurduqdan sonra hərbi xidmətə yollanmışdır. Gədəbəydə hərbi xidmətinə başlamışdır. Hərbi xidmət müddətində 2016-cı ilin aprel ayında baş verən Dördgünlük müharibədə iştirak etmişdir. Hərbi xidmət müddəti bitdikdən sonra Vüsal xüsusilə, biznes sahəsində çalışmışdır.
      2020-ci ilin iyul-sentyabr aylarında Vüsal Şahmarlı da səfərbər olunmuş, 21 sentyabr tarixində hərbi təlim toplantılarına çağırılmışdır.
      Azərbaycan Ordusunun əsgəri olan Vüsal Şahmarlı 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində 5 oktyabr tarixindən iştirak etmişdir. Topatıcı əsgər olaraq hərbi əməliyyatlarda, xüsusilə də, Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 18 oktyabr 2020-ci ildə Füzulinin azad edilməsi münasibətilə ailəsi ilə əlaqə saxladıqdan 40 dəqiqə sonra snayper atəşi nəticəsində şəhid olmuşdur.

       Özal Yusifli 1992-ci il oktyabrın 11-də Yevlax rayonunun Aşağı Qarxun kəndində anadan olub.
      Azərbaycan Ordusunun kiçik çavuşu olan Özal Yusifli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Özal Yusifli oktyabrın 10-da Ağdərə istiqamətində şəhid olub.

       Tural Zeynalov 1987-ci il oktyabrın 4-də Binəqədi rayonunun Biləcəri qəsəbəsində anadan olub. 2000-2004-cü illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. Ailəli idi. 2 övladı yadigar qaldı. Tural Zeynalov 2004-cü ildən Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində xidmət edirdi.
      Azərbaycan Ordusunun kapitanı olan Tural Zeynalov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Tural Zeynalov oktyabrın 11-də Füzuli döyüşləri zamanı şəhid olub. II Şəhidlər Xiyabanında dəfn olunub.
Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: