AVMVİB sədri: «Xankəndi şəhərində dövlət bayrağımızın ucaldılması tarixi hadisədir»
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin Xankəndi şəhərində dövlət bayrağımızın yenidən ucaldılması kimi tarixi və əlamətdar bir günlə bağlı saytımıza açıqlama verib.
AVMVİB sədri bildirib ki, Qalib olaraq Müzəffər Ali Baş Komandanımızın sərkərdəliyi altında tarixdən çağdaşlığa körpü saldıq. Dünya hərb tarixinə yenilməzlik imzası atan dövlət – xalq – ordu vəhdəti ilə ədalətli müharibə, sülh, barış örnəyi bəxş edildi. Ulu əcdadlarımızın qan yaddaşını yaşadan Türkiyə-Azərbaycan qardaşlığı bu Şanlı Qələbədə möhürünü vurdu. Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev nümunəsində uzaq keçmişdən bizə örnək olan Türk sərkərdələrinin hərb və barış ənənəsini gördük.
1988-ci ildə Azərbaycanın Dövlət Bayrağının Xankəndindən götürülməsindən sonra bu gün tarixi ədalət bərpa olundu. Azərbaycan Respublikası öz suverenliyinə qovuşdu. Millətimizin mərdliyi, gücü özünə qayıtdı və milli iftixar hissi, qüdrəti daha da möhkəmləndi.
Bu tarixi günlə bağlı AVMVİB üzvləri adından Ali Baş Komandanımıza təşəkkür edirik. Ehtiyatda olan zabit və əsgərlərimiz, bütün veteran ordusu adından ona təşəkkür edir, şəhidlərimizə rəhmət diləyirik!
AVMVİB Mətbuat xidməti