Hərbi xidmətə çağırışda YENİLİK
Ötən həftə Prezident İlham Əliyev hərbi xidmətə çağırışla bağlı olduqca vacib fərman imzalayıb. Yeni qaydalara əsasən, çağırışçıların yekun tibbi müayinəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aparılacaq.
Ölkə qanunvericiliyinə əsasən, müddətli həqiqi hərbi xidmətə çağırılan bütün vətəndaşlar müvafiq icra hakimiyyəti orqanında həkim mütəxəssislər tərəfindən, əlavə tibbi müayinəyə ehtiyac olduqda isə digər müalicə müəssisələrində hökmən tibbi müayinədən keçirilirlər. İndiyədək bu vəzifəni Səfərbərlik Xidmətinin nəzdində olan hərbi həkim komissiyası həyata keçirirdi. Vətəndaşın həqiqi hərbi xidmətə yararlı olub-olmamasını bu qurum aydınlaşdırırdı.
Fərmanda nəzərdə tutulan müddəalar 2024-cü il iyulun 1-dən qüvvəyə minəcək. Həmin yekun tibbi müayinə Nazirliyin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən hərbi həkim komissiyalarının tibbi müayinə nəticələri və müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların əyani tibbi müayinəsi əsasında aparılacaq. Nazirlər Kabinetinə və Nazirliyə qeyd olunanlarla əlaqədar bir sıra tapşırıqlar verilib.