Daha bir qaziyə də vida etdik…

Əfqanıstan və Qarabağ müharibəsi veteranı, Şəmsi Talıbovun faciəli surətdə həlak olmasından 40 gün keçdi.
Şəmsi Talıbov, «Vətən üçün ölməkdisə, qədərim, Mən bu qədərin əllərindən öpərim»-deyə biləcək bir qəhrəmandı. Göz qırpmadan, sual vermədən, düşünmədən Vətən üçün döyüşə atılmağa hazır bir fədai idi. 40 gündür ki, sıralarımızı tərk edib. Belə oğullar, bizləri bəyənməyən sağ ikən xain, ölüykən leş olanlardan fərqli olaraq, diriykən əsgər, ölərkən şəhid olmaq üçün dünyaya gələrlər. Sən diriykən şəhid olmuş qazilərimizdənsən…
Acı xəbəri 40 gün öncə aldıq: «Novxanı yolunda yerləşən “Lukoil” yanacaqdoldurma məntəqəsinin yanında baş verib.
Qəza yerindən gələn təcili və təxirəsalınmaz tibbi yardımın həkimi bildirib ki, bir neçə avtomobilin toqquşması nəticəsində üç nəfər ölüb, azı 6 nəfər xəsarət alıb.
Yaralılardan bir neçəsi 1 saylı Şəhər Kliniki Xəstəxanasına gətirilib. Xəsarət alanlardan biri həkimlərin müdaxiləsinə baxmayaraq xəstəxanada dünyasını dəyişib.
Baş verən qəzada Qarabağ veteranı, AVMVİB -nin üzvü Şəmsi Talıbov dünyasını dəyişib».
Bu da yolun sonu. Savaşlar içində keçən bir ömürə nöqtə qoyuldu. Savaş kimi bir qəzada can verdi qazimiz…
Şəmsi Talıbov anadan döyüşçü kimi doğulmuşdu. 40 gündür ki, həm qohum kimi, həm də xətrini istədiyim dəli-dolu bir savaşçı kimi onun haqqında yazmaq istəyirəm. Hər dəfə əlim gəlmir və bu yazıdan vaz keçirdim. Bu gün vəfatının 40-cı günüdü. Yazmasam, vəfasızlıq olardı. Öncə cismən bizdən ayrılmış qəhrəman döyüşçümüzə rəhmət diləyir və məkanı cənnət olsun deyirəm…
Dərmanım tapılmır, ağır xəstəyəm,
Köhnə yaralarım hələ qan verir.
Mən diri şəhidəm, ayaq üstəyəm,
Vətənsiz ölənlər, necə can verir?
(Ə. Saldaş)
Şəmsi İsbən oğlu Talıbov Ağdərə rayonu Baş Güneypəyə kəndində anadan olub. Hərbi xidmətini Əfqanıstanda keçib. Peşəkar döyüşçü kimi Qarabağ uğrunda savaşa qatılıb. Ağdam, Ağdərə, Kəlbəcər uğrunda gedən ağır döyüşlərin iştirakçısı olub. Döyüşlərin birində ağır yaralanaraq gözünün birini itirib. Lakin müalicəsi bitər-bitməz yenidən cəbhəyə qayıdıb. Ən son Murov dağ aşırımından enməklə Kəlbəcər əməliyyatına qatılıb və bu tələdən qurtulmağı bacarmış az saylı hərbçilərimizdən olub. Həmçinin bir-neçə əsgərin həyatını xilas edə bilib…
Hər dəfə onunla görüşəndə soruşardım: «Kəlbəcər əməliyyatı ilə bağlı sənə nə demişdiim?» Gülərdi.
Bir qış günü Dərnəgüldə yeni forma əynində yanıma gəldi və dedi ki, Kəlbəcər istiqamətində Murov dağ aşırımından keçməklə hücuma keçirik. O vaxt Şəmsi Talıbov artıq müharibə əliliydi və bu hücuma könüllü olaraq bir Vətən sevdalısı kimi qatılmışdı. Deyəsən formalaşdırılmış Əfqan batolyonuna yazılmışdı. Döyüşlərdə ləqəbi də «Əfqan» olub. Dedim ki, imkanın vardısa, sən ağır döyüş yolu keçmiş biri kimi bu avantüraya qoşulmamalıydın. Get, çıx ordudan. Onsuz da bu tələdən qurtuluş çətin məsələdir. Bir də oxuduğum bir kitabdan bu sözləri dedim: «Önünüzdə dərya kimi düşmən, arxanızda düşmən kimi dərya». Şəmsi sağıllaşıb getdi və bir də gələndə görüşdük. Yenə gülə-gülə dedi ki, müəllim elə bil planı siz bilirdiniz. Necə demişdinizsə, elə oldu. Sonra da soruşdu ki, o bir söz demişdin, «dərya kimi düşmən», o nə deməkdi? Onu kim deyib?
Mən Murovun və Kəlbəcərin qanlı qışını fikirləşə — fikirləşə, bir zənci qul ikən İslamı qəbul edib sərkərdəyə çevrilən, Tarık adlı birinin 12 minlik orduyla 100 minlik İspan ordusuna qarşı döyüşərək qalib gəldiyini ona danışdım. Sahilə çıxan kimi Tarık gəldikləri qayıqları yandırır və ordu qarşısında çıxış edərək deyir: «Əsgərlərim! Önünüzdə dərya kimi düşmən, arxanızda düşmən kimi bir dərya var. Ya qaçaraq arxadan vurularaq zəlil kimi öləcək, ya da vuruşaraq müzəffər olaraq Allaha qovuşacaqsınız. Bu döyüş cəmi bir neçə saat çəkir və Tarık 12 minlik ordusu ilə 100 minlik ispan ordusunu darmadağın edir».
Şəmsi dedi ki, belə komandan olsa ermənini çıxdıqları yerə kimi qovarıq. Olmadı. Hətta üstünə günah yıxmağa da komandir tapmadılar. Soruşmadılar ki, bu əməliyyatı, hansı xain hazırlayıb? Arxayla əlaqəsi kəsilən bir əməliyyatı hazırlayan bu saat həbsdə olmalıydı…
Əfqanıstan savaşında salamat qurtulsa da, Qarabağ savaşında yaralanaraq bir gözünü itirdi. Ona əlillik dərəcəsi verəndə bir fərarinin oğlu xainin: «get o biri gözün də olmasa daha yüksək dərəcə verərdik»-deməsini acı bir təbəssümlə xatırlayardı və təbii ki, o özünü tanımaza, atasının bir köpək olduğunu bir döyüşçü çılğınlığı ilə Şəmsi o adama xatırlatmış və bütün sədaqətli köpəklərdən «iraq» demişdi.

Döyüşə ilk qatıldığı vaxtlarda Fərrux yüksəkliyini asanlıqla aldıqlarını, lakin düşmən əks hücuma keçəndə qaçan əsgərlərdən danışırdı. Belə bir əks hücumda qaçmaq istəyənləri dayandırıb güçlü müqavimət göstərərək düşmənə sarsıdıcı zərbə vurduqlarını danışırdı. Bunu təkcə özü yox, döyüş dostları da danışırlar. İkinci hücumda BMP ilə mövqe tutub postu vurmağa başlayan düşmən mərmilərindən biri Ş. Talıbovun ağır yaralanmasına və gözünü itirməsinə səbəb olur. Hospitalda müalicə aldıqdan sonra da geri cəbhəyə qayıdır…
… Şəxsən mənə Ağdərə cəbhəsində azad edilmiş Mehmana kəndinə əks hücum edən düşməni necə dayandırmasını danışmışdı. Müdafiədə, əsasən çağrışçıları qoymuşdular. Birdən düşmənin bizə yaxınlaşdığını bir fəhmlə hiss etdim və hündür bir ağaca çıxıb ətrafı nəzərdən keçirdim. Həqiqətən də düşmən bir-neçə istiqamətdən kəndə doğru irəliləyirdilər. Əsgərləri qorxutmadan postlara yerləşdirdim və özüm ağaca çıxıb düşməni yaxınlaşdıqca atəşə tutdum. Bir-neçə saat sonra burada tək qaldığımı gördüm. Düşmənə irəliləməyə imkan vermədiyimiz üçün düşmən geri çəkildi. Əfsuslar olsun ki, bizimkilər də geri çəkilib getmişdilər. Axşama doğru yerimi yaxınlıqdakı dərəyə doğru dəyişdim. Yenicə rahatlanmışdım ki, bizimkilər gəlib çıxdılar və ilk sualları da bu oldu ki, «bəs erməni buranı almayıb?»

Onsuz da problemlər içində boğulduğu bu məmləkətdə tək istədiyi və gözlədiyi şey, əldə silah doğma yurd yerlərini yağı tapdağından azad etməkdi. Hərdən də, «Bu evi yıxılmış, Lazım hansı cəhənnəmdə qaldı»-deyə üsyan edərdi. O, bir əsgər idi. Vətən qarşısında daim özünü borclu bilən bir əsgər idi. Bunu anlamaq bəzilərinə çətindir, amma anlayanlar bunu bilirlər. Tanrı bu ruhu əlimizdən almasın. Belə örnək insanlardan nümunə götürmək zamanıdır.
Şəmsi Talıbov cəmi 51 il yaşadığı bir ömürdə dünyanın iki ən iyrənc və qorxunc savaşını görmüşdü. Hər iki dəhşətin senaristi Rusiyaydı. Bu qorxunc savaşlardan qurtulan Şəmsi Talıbov, bir avtomobil qəzasına qurban getdi. Alınan xəbərlərə görə qəzadan sonra da xeyli yaşayıb. Bəlkə də son anında da doğma yurd uğrunda savaşmadan ölmək istəməyib. Amma Fələk namərdlik elədi. Bəlkə də heç vaxt öz zamanında gəlməyən təcili yardım işçiləri, azca tez gəlib onun halını sorsaydılar, o, deyərdi ki, Vətənimə bənzəyirəm, bir yarım qan, bir yarım göz yaşı…
Məkanın cənnət olsun, qardaş. Vətən üçün yaşayıb ölənlər, torpağa deyil, qəlblərə kömülürlər.
Daha bir qazimiz dünyadan Qarabağ nisgiliylə köçdü…
Xaqani Ədəboğlu
AVMVİB Mətbuat Xidmətinin rəhbəri

