Planetimizin 8 milyardıncı sakini dünyaya gəldi — Bəs 5, 6 və 7 milyardıncılar indi harada yaşayırlar?
Birləşmiş Millətlər Təşkilatı ötən həftə dünya əhalisinin 11 il sonra 7 milyarddan 8 milyarda çatdığını açıqladı. Bununla belə, 20-ci əsrin ortalarında baş verən kəskin demoqrafik sıçrayışdan sonra Yer kürəsində əhalinin artımı yavaşlayır: 9 milyarda çatmaq üçün 15 il lazım ola bilər.
Qafqaz.media xarici KİV-lərə istinadən xəbər verir ki, BMT-nin proqnozlarına görə, 2080-ci ilə qədər əhalinin sayı 10 milyardlıq həddi keçəcək.
Bəs, bir vaxtlar planetimizin beş, altı və yeddi milyardıncı sakini olmuş uşaqların həyatı Yer kürəsi əhalisinin artımındakı eniş-yoxuşlar haqqında nə deyə bilər?
Matej Qaspar anadan olandan bir neçə dəqiqə sonra onun balaca sifətinin qarşısında kamera çıqqıldadı və kostyumlu siyasətçilər doğumdan yorulan anasının ətrafında hay-küy salmağa başladılar.
Küçədə kortecin quyruğunda ilişib qalan Aleks Marşall Zaqrebdə kiçik bir doğum evinə gətirdiyi bütün xaosa görə məsuliyyət hiss edir. 1987-ci ilin iyulunda Aleks Birləşmiş Millətlər Təşkilatının Əhali Fondunun (UNFPA) rəsmisi idi. «Biz proqnozlara baxırdıq və bizə belə bir fikir gəldi ki, dünya əhalisi 1987-ci ildə 5 milyard həddini keçəcək. Statistika iyulun 11-ə aid idi», — Marşall deyir.
BMT əməkdaşları həmin gün doğulan uşaqlardan birinə Yer kürəsinin 5 milyardıncı sakini adının verilməsini qərara alıb.
Aleksin bu qərarı təsdiqləməsini xahiş etdiyi demoqraflar qəzəbləniblər. «Biz nə etdiyimizi başa düşmürük. Bu qədər adamın arasından bir nəfəri seçmək olmaz…».
35 il sonra dünyanın 5 milyardıncı uşağı dünyay gəldiyi günü unutmağa çalışır. Onun Facebook səhifəsində Zaqrebdə yaşadığı, xoşbəxt evli olduğu və kimya mühəndisi işlədiyi bildirilir. O, müsahibələrdən yayınır və o cümlədən BBC əməkdaşı ilə danışmaqdan da imtina edib.
Dünya əhalisinin artım qrafiki
Yer üzündəki insanların sayının bir milyarda çatması üçün 300 000 il lazım oldu — bu, təxminən 1800-cü ildə baş verdi. İkinci milyard üçün yüz il lazım idi. Keçən əsrin ortalarında, 1950-ci illərdə insanların sayı həddən artıq artmağa başladı. Matejin 1987-ci ildə anadan olmasından keçən 35 il ərzində qlobal birliyimizə daha 3 milyard insan qoşulub.
Növbəti 35 il ərzində dünya əhalisi daha 3 milyard arta və sonra demoqrafik artım dayana bilər.
Statistikaya etibar etmək olarmı?
BMT-nin Statistika Şöbəsindən Patrik Gerland izah edir ki, dünya əhalisinin 8 milyardlıq həddi tam olaraq nə vaxt keçdiyini dəqiq öyrənmək mümkün deyil. Burada bir və ya iki il fərq mümkündür.
Fakt budur ki, Yer kürəsi sakinlərinin sayı əhalinin siyahıyaalınması məlumatları əsasında hesablanır. Böyük Britaniya kimi inkişaf etmiş ölkələrdə 1% səhv verirlər. Amma məsələn, 1979-cu ildə ilk və sonuncu siyahıyaalma aparan Əfqanıstanda və ya İkinci Dünya Müharibəsindən sonra ümumiyyətlə siyahıyaalınma aparılmayan Livanda hesablamalar aparmaq xeyli çətindir. Buna görə də BMT köhnə siyahıyaalmaların məlumatlarını məhsuldarlıq, ölüm və miqrasiya ilə bağlı genişmiqyaslı tədqiqatlarla tamamlayır.
7 milyardıncı qız
Banqladeşdə, Dakkadan bir qədər aralıda Oişi anasına nahar üçün kartof soymağa kömək edir. Onun 11 yaşı var və indi çöldə futbol oynamağa üstünlük verir, amma valideynləri olduqca sərtdir.
Parça və sari biznesi pandemiyadan ciddi şəkildə təsirləndikdə ailə kəndə köçməli olub. Şəhərdən kənarda həyat daha ucuzdur — ən azı valideynlər üç qız üçün məktəb pulunu ödəyə bilər.
Oişi ailənin ən gəncidir. Qız 2011-ci ildə anadan olub və o, dünyaya gəlməsi ilə dünya əhalisinin 7 milyard rəqəmini aşmasına kömək edən yerlilərdən biri adlandırılıb. O zaman BMT yalnız bir uşaq seçməmək qərarına gəldi və yerli statistika idarələrinə öz uşaqlarını seçmək hüququ verdi.
Planetimizin 7 milyardıncı sakini olan Oişi həkim olmağa ümid edir
Oişinin anası Tonni nə baş verəcəyini bilmirdi. Həmin gün o, hətta doğuma da hazırlaşmırdı. Səhər həkim müayinəsindən sonra təcili qeysəriyyə əməliyyatına göndərilib.
Oişi gecə yarısından sonra ilk dəqiqədə doğulub və dərhal televiziya adamları və yerli məmurların əhatəsinə düşüb və hər kəs körpəyə daha yaxından baxmağa çalışıb. Həmin vaxt ailə məəttəl qalsa da, amma xoşbəxt idi.
Oişinin atası əvvəlcə oğul arzusunda olub, lakin o, indi üç zəhmətkeş və ağıllı qızı ilə xoşbəxtdir. Ən böyüyü artıq universitetdə oxuyur, Oişi isə həkim olmaq fikrindədir.
«Biz o qədər də varlı deyilik və Covid işimizi daha da çətinləşdirdi» deyən atası kövrəlir: «Ancaq onun arzusunu gerçəkləşdirmək üçün hər şeyi edəcəyəm».
Bir çox insan Oişinin ad günündə onunla eyni fotoda olmaq istəyirdi
Oişinin anadan olmasından bəri Banqladeşin artan əhalisinə 17 milyon daha çox insan əlavə edilib. Bu artım böyük bir tibbi uğur hekayəsidir. Bu o deməkdir ki, getdikcə daha çox uşaq sağ-salamat doğulur, yetkinlik yaşına qədər yaşayır və ailə həyatı qurub özləri də dünyaya uşaqları gətirirlər. Və daha uzun yaşayırlar.
Lakin Banqladeşdə əhalinin artım tempi əhəmiyyətli dərəcədə azalıb. Əgər 1980-ci ildə orada orta hesabla qadınların altı və ya daha çox uşağı var idisə, indi bu, ikidən də azdır. Bu, ölkədə təhsilə daha çox diqqət ayırması ilə bağlıdır. Belə ki, qadınlar daha çox təhsil aldıqca, onların dünyaya gətirmək istədikləri uşaqların sayı da azalır. Bu, doğum nisbətini təyin edən ən vacib amildir. Eynilə, dünya əhalisinin hara gedəcəyini anlamaq üçün də çox vacibdir.
Dünya əhalisi ilə bağlı proqnozlar verən üç əsas təşkilat — Birləşmiş Millətlər Təşkilatı, Vaşinqton Universitetinin Sağlamlıq Ölçmələri və Qiymətləndirilməsi İnstitutu (IHME) və Vyanadakı IIASA Vitgenşteyn Mərkəzi — təhsil sahəsindəki inkişafın təsirləri ilə razılaşmır.
BMT dünya əhalisinin 2080-ci illərdə 10,4 milyarda çatacağını düşünür, lakin IHME və Wittgenstein Mərkəzi bunun daha tez, 2060-2070-ci illər arasında baş verəcəyini və azalmanın 10 milyardlıq zirvədən əvvəl başlayacağını bildirir.
Ancaq bunlar sadəcə proqnozlardır. Oişi 2011-ci ildə anadan olandan bəri dünyada çox şey dəyişdi və demoqraflar hələ də heyrətlərini gizlətmirlər. Çünki doğum nisbətində heyrətamiz bir azalma var. Məsələn, Cənubi Koreyada bir qadına düşən uşaqların orta sayı 0,81-ə düşüb…
«Bu, nə qədər davam edəcək? Bu, bizim üçün böyük sualdır», — demoqraflar baş sındırır. Və bu, getdikcə daha çox ölkənin üzləşməli olduğu bir gerçəklikdir.
Adnan Meviç və anası Fatimə
Yer kürəsinin 6 milyardıncı sakini olan Adnan Meviç əhalisi yarım əsrdə iki dəfə azala biləcək bir ölkədə yaşayır. Belə ki, Bosniya və Herseqovinanın ən sürətlə inkişaf edən ölkələrindən birində yaşayan 23 yaşlı Adnan Meviç bu haqda çox düşünür.
“Pensiya verməyə adam qalmayacaq, gənclik qalmayacaq”, — deyə Adnan gileylənir.
İqtisadiyyat üzrə magistr dərəcəsi var və iş axtarır. Əgər tapmasa, Aİ ölkələrinə gedəcək. Şərqi Avropa və Balkanların bir çox digər regionları kimi, onun ölkəsi də ikili demoqrafik problemdən əziyyət çəkir: aşağı doğum səviyyəsi və yüksək mühacirət.
Adnan doğumu ilə bağlı sürreal xatirələri olan anası Fatimə ilə Sarayevodan yarım saatlıq məsafədə yaşayır.
«Həkimlər və tibb bacıları ətrafa toplaşdıqları üçün nəyinsə səhv olduğunu hiss etdim, amma dəqiq nə baş verdiyini başa düşə bilmədim», — deyə Fatimə xatırlayır.
Adnan dünyaya gələndə BMT-nin o vaxtkı Baş katibi Kofi Annan tərəfindən dünyanın 6 milyardıncı sakini elan edilməsi ilə qarşılanıb.
Fatimə gülür: “Həmin vaxt o qədər yorğun idim ki, nə hiss etdiyimi bilmirəm.
Adnan və anası onun uşaqlıq foto albomlarını vərəqləyirlər. Fotoşəkillərdən birində balaca oğlan nəhəng tortun qarşısında oturur, onun yanında xaki kostyumlu və hərbi geyimli kişilər var.
Adnan deyir: “Başqa uşaqlar ad günü keçirərkən məni görməyə yalnız siyasətçilər gəlirdi”.
Amma bunun da üstünlükləri var idi. Adnanın 11 yaşı tamam olanda 6 milyardıncı dünya sakini olduğu üçün o vaxtlar Real Madriddə oynayan kumiri Cristiano Ronaldo ilə görüşmək üçün dəvət alır.
Ömrünün 23 ilində Yer kürəsində daha iki milyard insanın peyda olması ona heyrətamiz görünür.
«Planetimizin bunun öhdəsindən necə gələcəyini bilmirəm. Baxacağıq», — Adnan deyir.
Oişi isə iqlim dəyişikliyindən narahatdır və ümid edir ki, planetimizin 8 milyardıncı sakini ekstremal hava şəraitinin yaratdığı təbii fəlakətlərlə üzləşməli olmayacaq.
Qeyd edək ki, Yer kürəsinin hazırkı əhalisi orta yaş həddi göstəricilərinə görə müxtəlifdir. Məsələn, Avropada orta yaş həddi 40, Afrikada isə 17-dir. Bu o deməkdir ki, ölkələrin bir-birindən öyrənməli olduğu çox şey var.
Tərcümə etdi: Qafqaz.media