21.11.2024

Azərbaycanlı Mamedin qızıl balıq nağılı

Azərbaycanlı Mamed arvadının balıq sevdasını həll etmək üçün oğurluq bir yerdə Xəzərə qarmaq atır. Çox gözlədikdən sonra qarmağına bir balıq düşdüyünü görüb sevinclə qarmağını çəkməyə başlayır.
Elə əlini balığa vurmaq istəyirdi ki, qulağına bir səs gəlir:
— Mən balıqların şahı olan Qızıl Balığam. 
Mamed hirslənir və deyinir:
— Yox bir, mən də SOCAR-ın prezidentiyəm!
Balıq bir də dillənir:
— Məni burax, 3 arzunu həyata keçirəcəyəm. Amma bura Azərbaycan olduğuna görə, bircə şərtim var.
Mamed soruşur:
— Şərtini de…
— Sən nə istəsən, 2 qatını da qonşuna verəcəyəm.
Mamed hirslənir ki, bu ədalətsizlikdir. Balığı tutan mən, 2 qat xeyri qonşu görsün? Mamed xeyli düşünür ki, necə edim, qonşum məndən qabağa düməsin? Qərar verib razılaşır…
Balığı suya buraxan kimi deyir: «Elə et ki, mənim bir gözümü çıxsın». 
Balığı suya buraxıb geri dönmək istərkən ayağı büdrəyib yıxılır və gözünə tikən batır. Ufuldaya-ufuldaya evə dönərkən qonşusunun qoluna girib Təcili yardım maşınına tərəf gətirildiklərini görür. Öz ağrı-acısını unudub tələsik soruşur ki, nə olub? Qonşu deyir ki, durduğu yerdə gözlərinin ikisi də kor oldu. İndi həkimə gedirəm.
Mamed sevincindən səhərədək yata bilmədi. Günəş doğar-doğmaz Xəzərin sahilləri boyu uzanan məmur «çəpərlərini» güclə keçib sahilə gəldi və balığı səslədi. Mavi dalğalar bir an təlatümə gəldi və dalğaların üzərində balıq göründü. Mamed dedi:
— Ey balıqların şahı! Mən istəyirəm mənim sol qolumu qopartsınlar.
Sahildən aralaşan kimi Filankəsovların bağından çıxan it Mamedin sol qolunu dartıb kökündən qopardı. Əhalinin hay-küyüylə onu itin əlindən alıb xəstəxanaya apardılar, yarasını sarıdılar. Bir də gördü ki, qonşusunu zarıya-zarıya onun palatasına gətirdilər. Hər iki qolu kəsilmişdi. Soruşdu ki, bu hadisə necə olub?
Qonşunun oğlu dedi ki, atam həyədə işləyən mühərriki görməyib və əlini vuran kimi remen bir qolunu tutub. O biri əliyə kömək etmək istəyib və hər iki qolunu remen kəsib.
Mamed hadisəni eşidib sevincək qalxıb evlərinə gedir. Bütün ağrılarını unudub səhərin tez açılmsını gözləyir.
Yenə sahildə dayanıb Qızıl Balığı səsləyir. Balıq onun son arzusunu yerinə yetirmək üçün sahilə yan alır.
Mamed öz sonuncu arzusunu deyir:
— Ey balıqların şahı! Mən istəyirəm ki, mənim sağ ayağım kəsilsin…
Balıq «oldu» deyib sonsuz sulara baş vurdu…
Mamed yolu keçib dayanacağa keçmək istərkən seyrə çıxmış bir məlum dövlət avtoşunun oğlunun maşını onu vurub sağ ayağının üstdən keçərək hadisə yerindən qaçdl.
Xəstəxanaya çatdırılsa da, Mamedin sağ ayağını kəsdilər.
Özünə gələr- gəlməz gözü qonşusunu axtarmağa başladı. Bir də gördü ki, qonşu çarpayıda biri öz taleyinə lənət oxuyur. Qonşusunu tanıyıb soruşdu ki, ay qonşu, sənin başına nə gəldi? Qonşu deyir ki, kor və əlsiz qalmaqdan bezib özümü 3-cü mərtəbədən yerə atdım. Ölmək əvəzinə indi də iki qılçamı kəsdilər. 
Mamed, bu kor və əlsiz-ayaqsız adamın halına acıyıb öz etdiklərini qonşusuna danışır və sonda da soruşur: «Qonşu, məndən incimədin ki?»
Qonşu zarıya-zarıya deyir:
— Heç qonşu da, qonşudan inciyər?
Vəziyyəti ümüdsüz olduğuna görə xəstəni də evə yazırlar. Mamedin qonşusu arvadını çaxırıb məktub yazdırır və bu məktubu ölümündən sonra polisə verməyi vəsiyyət edir. Sonra da qonşu Mamedi çağırtdırır və deyir:
— Baxıram ki, sənin mənə qarşı kinin soyumayıb. Mən əlacsız bir adamam və bu gecə öləcəyəm. Amma səndən qonşu kimi son bircə istəyim var. Oğlunla köməkləşib mənim meyidimi o tut ağacından as. Həm sənin kinin soyuyar, həm də mən qonşu kimi öz haqqımı sənə halal edərəm.
Razılaşırlar. Gecə yarısı kişi rəhmətə gedir. Mərhumun yoldaşı bu xəbəri Mamedə çatdırır. Mamed oğluyla köməkləşib kişinin cəsədini həyətdəki tut ağacından asırlar. 
Tezdən bu səhnəni görənlər polisə xəbər verirlər və polislər gəlincə mərhuun arvadı kişinin yazdırdığı məktubu polisə verir. 
Məktubda isə yazılmışdı: «Mənim başıma gəlmiş bütün pisliklərin baiskarı, Mamed və oğludur. Dünən yanıma gəldi və məni hədələdi ki, hamı yatan kimi gəlib səni aparıb o tut ağacından asacağam. Məktubu yoldaşıma yazdırdım və başıma bir iş gəlsə sizə verməyi tapşırdım». Bundan gerisini polis və Mamed daha yaxşı bilər…
Mən isə nağıl sevər xalqımız üçün xeyli nağıllar düşünmüşəm.
Burada isə nağılımız bitdi.
Göydən 3 alma düşdü. Birini bazarkoma, birini fövqaladə hallara, qalan birinin üstündə isə yerli icra hakimiyyətiylə polis bir-birini qırır.
Yəni sizlik bir şey yoxdu…

Müəllif: Xaqani ƏDƏBOĞLU

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: