08.09.2024

AVMVİB-nin 8 Noyabr — Zəfər Günündə möhtəşəm Laçın səfəri

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) qəbul edilmiş qərara əsasən 8 Noyabr — Zəfər Gününü Laçında qeyd etdi.

Səfərdə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev, AVMVİB sədrinin müavinləri Vahid Abdurəhmanov, Mübariz Quliyev, AVMVİB NTK sədri Niyazi Quliyev, AVMVİB Sumqayıt şəhər şöbəsinin sədri Temuraz Mansurov, AVMVİB sədrinin səlahiyyətli nümayəndəsi, Sumqayıt şəhər şöbəsinin sədr müavini Zəkəriyya Rəhimov, AVMVİB Laçın rayon şöbəsinin sədri Rasim Hüseynov, AVMVİB sədrinin səlahiyyətli nümayəndəsi, Nəsimi rayon şöbəsinin sədri Elmar Hüseynov və digər şəxslər iştirak edirdilər.

Səfər çərçivəsində düşmənlə üzbəüz durmuş hərbçilərimizin yanına əli boş getməyən müharibə veteranlarımız 30 illik bir döyüşçü arzusunu reallaşdırdılar. Bunu savaşda olmayanlar anlamazlar. Xüsusən də Laçın uğrunda döyüşənlər Laçının hərbi-strateji mövqeyini yaxşı bilirlər.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev hələ 1992-ci ildə Laçın rayonunun 42 kəndinin düşməndən azad edilməsində iştirak etdiyini bilirik. Bizimlə söhbətdə dedi ki, bu yurdun hər daşı bir canlı şahiddir. Allah şəhidlərimizə rəhmət eləsin. İnanıram ki, onların ruhları indi şaddır. Vətənimizin hər qarışı əzizdir. Amma Şuşa və Laçının mənim üçün öz yeri var. Neçə şəhidimizin qanı axıb bu torpaqlarda. Laçın səfərində məqsədimiz, həım əsgərlərimizlə görüşüb bu coğrafi mövqenin özəlliklərini onlarla bölüşmək, onlara tək olmadıqlarını, köhnə döyüşçülərin onların yanında olduğunu anlatmaqdı. Allah Komandanımızı və Ordumuzu qorusun. Hər birimizin qəlbi ordumuzla vurmalıdır. Reallıq budur ki, ordum varsa, yurdum da var.

Bu səfərin təşkilində əziyyət çəkən hər kəsə öz minnətdarlığımı bildirirəm. Sonda bir daha qeyd etmək istəyirəm ki, 1992-1993-cü illərdə xalqımız bütövlükdə “uduzmuş xalq” sindromunu yaşayırdı, bu gün isə artıq xalqımız qalibdir və özünə, dövlətinə, ordusuna bütün varlığı ilə inanır. Qarabağa yenidən həyat qayıdır. Bundan sonra hər birimiz başımızın tacı olan hər qarış torpağımızı göz bəbəyimiz kimi qorumalıyıq. Bundan sonra hər sabahımız bütöv Azərbaycana açılacaq. Qələbəmiz mübarək olsun! Qarabağ Azərbaycandır!

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin təşkilati işlər üzrə müavini Vahid Abdurəhmanov bildirdi ki, aidiyyatlı qurumlar köhnə döyüşçülərin bu cür təmaslarına şərait yaratmalıdırlar. Bu onlarda döyüşkən ruhu yüksəldir və özünə inam aşılayar. Xüsusən də düşmənlə üzbəüz bölgələrdə əsgər və zabitlərimizlə təmasda olmaq vacibdir. Məsələn, Laçın rayonu Azərbaycan Respublikasının cənub-qərbində, dağlıq ərazidə yerləşir. Şimaldan Kəlbəcər, şərqdən Xocalı, Şuşa və Xocavənd, cənubdan Qubadlı rayonları, qərbdən isə Ermənistan Respublikası ilə həmsərhəddir. Bu ərazilərdə döyüş yolu keçmiş müharibə veteranlarının belə səfərlərinin təşkili daha məqsədəuyğundur. Bu gün heç nəyə baxmadan Vətənimizin keşiyində dayanan hərbçilərimizi, xalqımızı və müharibə veteranlarını Zəfər Günü münasibəti ilə təbrik edirəm.

Ordumuzla sıx əlaqələr qurduqlarına görə bir qrup müharibə veteranı hərbi hissə komandanlığının Fəxri fərmanları ilə təltif olunublar.

Xatırladaq ki, müharibədə məğlub olduğunu anlayan Ermənistan məcburiyyət qarşısında qalaraq 2020-ci il noyabrın 10-da kapitulyasiya aktına imza atıb.

Noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Bəyanat imzalanıb. Bəyanata əsasən, 10 noyabr 2020-ci il tarixində Moskva vaxtı ilə saat 00.00-dan etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması elan edilib.

Qarabağ Azərbaycandır!

AVMVİB Mətbuat Xidməti

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: