21.11.2024

AVMVİB sədri Anım Günündən yazdı

FÜZULİ Rzaquliyev

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri

2 il öncə Ermənistanın Azərbaycana qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan xalqı işğal altındakı torpaqların azad edilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsinə başladı.

Haqq və Şərəf işimiz olan Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz 2 il öncə Tarix yazdılar. İllərlə gözlədiyimiz və həsrətində olduğumuz doğma yurdlarımız mənfur düşmənin işğalından azad edilməsi üçün Ali Baş Komandan cənab İlham Əliyev tarixi bir əmr verdi.

Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə rəşadət göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirmişdir.

Bu Zəfərin qazanılması heç də asan başa gəlmədi. Bu müqəddəs amal uğrunda Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsində 2907 hərbi qulluqçusu şəhid oldu, 7 nəfər isə itkin düşmüş sayılır. Ermənistanın hərbi təcavüzü nəticəsində 12-si uşaq, 27-si qadın olmaqla 93 mülki şəxs həlak oldu və 454 mülki vətəndaşımız müxtəlif dərəcələrdə yaralandı. Allahdan şəhidlərimizə rəhmət diləyirəm.

Yumruq kimi birləşən qəhrəman Azərbaycan xalqı bir Lider ətrafında mənfur düşmənə qarşı ellikcə mübarizəyə qalxdı. Oktyabrın 3-də Tərtər rayonunun Suqovuşan qəsəbəsi, oktyabrın 4-də Cəbrayıl rayonu, oktyabrın 9-da Xocavənd rayonunun Hadrut qəsəbəsi, oktyabrın 17-də Füzuli rayonu, oktyabrın 20-də Zəngilan rayonu, oktyabrın 25-də Qubadlı rayonu işğaldan azad edildi. Azərbaycan Ordusunun həyata keçirdiyi unikal və əfsanəvi əməliyyatla noyabrın 8-də Şuşa şəhəri işğaldan azad olundu.

Prezident İlham Əliyev Şuşanın işğaldan azad edilməsi xəbərini Şəhidlər Xiyabanından Azərbaycan xalqına çatdırdığı böyük Tarixi anın şahidləri olduq: «Əziz Şuşa, sən azadsan!» Bu bir Zəfərin nidasıydı.

Biz, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) olaraq bu müharibədə də özümüz və övladlarımızla birgə döyüşdük. Rayon şöbələrimiz, ayrı-ayrı veteranlarımız, həm döyüşlərdə, həm əsgərlərimizin təminatında, həm də onlara mənəvi — psixoloji dəstək verilməsində daim öndə olduq. Çünki Qarabağı azad edilməsi hər bir döyüşçü veteranın ən ümdə arzusu olub və olmaqdadır. Bu günləri görmədən sıralarımızı Qarabağ həsrətiylə tərk edən veteranlarımızı da rəhmətlə anırıq.

Bu gün Anım günüdür. Prezident İlham Əliyev 2 dekabr 2020-ci il tarixdə sentyabrın 27-nin Azərbaycan RespubliAkasında Anım Günü kimi təsis edilməsi haqqında Sərəncam imzaladı. Azərbaycan tarixində qızıl hərflərlə yazılacaq o günü, o günü milli şərəfə və Zəfərə çevirən əsgər və zabitlərimizi, düşmənə qarşı mübarizədə bir yumruq kimi birləşən qəhrəman xalqımızı, bu yolda ən şirin nemət olan canını Vətənə sipər eləmiş 2907 müqəddəs şəhidimizi unutmamalıyıq.

Ali Baş Komandanımız cənab İlham Əliyevin bir sözü var: «Əgər döyüş meydanında biz bu qələbəni qazanmasaydıq, inanmıram ki, işğalçı qalan torpaqlardan çıxacaqdı». AVMVİB üzvü olan hər kəs illərlə bu inancı öz qəlbində və əməlində yaşatdı.

Unutmaq olmaz ki, düşmənlə döyüşə yollanan hər bir əsgər və zabitimiz öz ürəyinin başında üç rəngli bayrağımızı gəzdirib hücuma gedirdilər. Şəhidlərimizin son örtüyü kimi geri dönər. Yəni bu Bayraq durduqca, bu Bayraq uğrunda, bu Torpaq uğrunda çarpışanları, öncə şəhidlərimiz olmaqla unudulmamalıdır. Onları anmalıyıq. Döğan günəşi başımız üstündə görürüksə, ayağımızı basdığımız torpaq durduqca onlar yad edilməlidirlər…

Xatırladım ki, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin2020-ci il 2 dekabr tarixli Sərancamı ilə hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilməsi qərara alınmışdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərancamı ilə Vətən müharibəsi şəhidlərinin xatirəsini yad etmək məqsədilə 2020-ci il dekabrın 4-də saat 12:00-da ölkə ərazisində bir dəqiqəlik sükut elan edilmişdir.

Bu müqəddəs yolda öz canından keçmiş şəhidlərimiz qarşısında baş əyir və onlara Uca Allahdan rəhmətlər diləyirəm.

Şəhidlərimizin ruhu qarşısında baş əyir və «təki Vətən yaşasın» deyirik!

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: