21.11.2024

Qazimizin nəvəsi qaçırılaraq qanunsuz yollarla Rusiyaya aparılıb. Polis cinayətə niyə göz yumur?!

Hər iki Vətən müharibəsinin veteranı, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) üzvü qazimizin qızı Gülnar Beydullayeva başına gətirilən qanunsuzluqla və uşağının oğurlanaraq sərhəddən keçirilməsiylə bağlı redaksiyamıza müraciət edib, kömək istəyir.

Gülnar Beydullayeva 6 iyul 2022-ci ildə həyat yoldaşı Şamil Zamanoviç Manafovla birgə yaşadığı Rusiyadan atasıgilə qonaq gəliblər. O cümlədən 3 yaş yarımlıq oğlu Yusif Manafov da onlarla birgə gəlib. Gəldiyi gundən də Agdaş şəhərində Gülnarın atasıgildə yaşayıblar. Sonra aralarında söz-söhbətlər yaranıb.

Nəhayət 31 iyul 2022 -ci ildə qızın atasına zəng gəlib ki, Ağdasdayıq, oraya gəlirik. Gəldilər, lakin yenə də sözləri düz gəlmədi və sonda Şamil Manafov deyib ki, heç olmasa verin uşagı, aparaq gəzdirək.

Anası razılaşmayıb ki, bəs uşağı qaçıracaqsan. Uşağın sənədləri anasında olub. Söhbətin böyüdüyünü görən Gülnar Beydullayeva DİN-in 102 xidmətinə zəng edib. Ağdaş RPŞ-dən polis əməkdaşları gəliblər. Onların məsləhətiylə, uşaq gəzdirmək üçün atasına verilib. Bu qanuni bir prosedura sayıla bilər. Amma ana polislərə xəbərdarlıq edib ki, bu adam uşağı aparaçaq və qaçıracaq. Polis isə deyib ki, narahat olma. Sənin icazən olmadan heç yerə apara bilməz. Uşaq bu günədək qaytarılmayıb və polis isə «axtarmaqla» görüntü yaradır. Əslində isə öyrənmişik ki, uşaq artıq qanunsuz yollarla Rusiyaya qaçırılıb.

Adi vətəndaş bunu öyrənə bilib, amma polis hələ də araşdırır…

Uşağın sənədri anasındadır. Ana isə deyir ki, artıq yaşaya bilmirəm. Ana fəryadına biganə qalmaq ən azı günahdır. Özü də bir qazinin qızına bu diqqətsizliyi qınayırıq.

Burada ciddi qanun və hüquq pozuntuları, cinayət tərkibli adam oğurluğu faktına necə göz yuma bilərsiniz? Qanuna görə «Azərbaycan Respublikasının dövlət sərhədi haqqında» Azərbaycan Respublikasının 9 dekabr 1991-ci il tarixli 13 nömrəli Qanununun 12-ci maddəsinə əsasən Azərbaycan Respublikasının dövlət sərhədini keçən şəxslərin buraxılışını Azərbaycan Respublikasına gəlmək və ya Azərbaycan Respublikasından getmək hüququ barəsində etibarlı sənədlər əsasında sərhəd mühafizə orqanları təmin edir.

Alınan məlumata görə, uşaq qanunsuz yollarla ölkədən çıxarılıb və artıq Rusiyadadır. Bu işdə Şamil Manafov tək olmayıb və onunla birgə Ağdaşa gəlmiş qohumlarının da əli bu cinayətdə var. Lakin bu günədək «axtarışla» məşğul olan polisimiz onları çağırıb uşağı necə və hara qaçırdıqlarını, sərhəddən necə sənədsiz keçirdiklərini soruşmayıb. Bu işdə əli olan Şirvan şəhər sakini Elşən Qəfər oğlu Cabbarov sonadək bu qaçırılma olayının iştirakçısı olub və bütün hər şeyi bilir. Həm də Şamil Manafovun dayısı kimi adam oğurluğunda öz avtomobili ilə iştirakçı olub. Lakin heç bir tədbir görən yoxdur. Çağırın dindirin və bu işə, sərhədimizi qanunsuz keçməkdən tutmuş adam oğurluğunadək əməllərə aydınlıq gətirməklə yanaşı bir ananı balasına qovuşdurmaq savabı yanbayandır. Deyilənlərə görə, uşaq artıq Rusiyadadır və uşağı gəzmək adıyla alıb Şamil Manafova verən polis əməkdaşının o uşağı anasına qaytarmaq vəzifə borcu isə öz icrasını gözləyir.

Lakin gedişatı araşdırdıqda bu işdə bir hərəkətsizlik olduğunu anladıq və üzümüzü daim şəhid və qazi övladlarına, diqqət və qayğıyla yanaşan Daxili İşlər naziri general polkovnik cənab Vilayət Eyvazova tuturuq. Övladını axtaran qazi qızı Beydullayeva Gülnar İlham qızının 3 yaş yarımlıq övladının qaytarılmasında yardımçı olacağına inanırıq. İnanırıq ki, bu işdə əli olan şəxslər öz layiqli cəzalarını, məhz nazirimizin göstərişiylə alacaqlar.

Əlaqə: +99450 752 58 18

P.S. Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) məsələ ilə bağlı Daxili İşlər Naziri cənab V. Eyvazova müraciət ünvanlayıb. İnanırıq ki, tezliklə ana öz balasına qovuşacaq. Mövzuya qayıdacağıq…

AVMVİB Mətbuat Xidməti

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: