Şəhid Polad Ərəbovun şəhadətinin ildönümüdür
Tərtər istiqamətində bütün canlı qüvvəsini səfərbər edərək hücuma keçən düşmənə qarşı mübarizədə Ağdərə rayon Polis şöbəsinin əməkdaşları həmişə olduğu kimi yenə ön sıradaydılar. Şıxarx istiqamətində hücuma keçən rus-erməni hərbi birləşmələrinə qarşı ölüm-dirim savaşında 7 may 1994-cü ildə 4 polis əməkdaşı şəhid oldu.
Polad Ərəbov hadisələrin ilk günlərindən polis sıralarında doğma Umudlu kəndinin müdafiəsində iştirak etdi. Ümumiyyətlə, Ağdərə rayon polis şöbəsi yarandığı gündən aktiv döyüş fəaliyyəti göstərib. Ən qaynar nöqtələrdə olublar. Onlarla şəhid verib. Onlardan biri olan şəhid Polad Ərəbovun bu gün növbəti ildönümüdür.
Atəşkəs danışıqları getdiyi günlərdə düşmən maksimum irəliləmək üçün iri miqyaslı hücuma keçmişdi. Polad Ərəbov düşməni durdurmaq üçün öndə olanların sırasındaydı. Polad, Seymur, Natiq, Mehman…
Tərtərdə bir küçə şəhid Polad Ərəbovun adını daşıyır. O döyüşdə polislərin göstərdiyi qəhrəmanlıq barədə ən yüksək ada təqdimat verilib. Lakin bu təqdimat bu günədək nəzərə alınmayıb…
Məzarı Bərdə şəhər Şəhidlər Xiyabanındadır.