Qəhrəmanların qəsəbəsi Novruzu işıqsız keçirdi
Neftçala rayon Həsənabad qəsəbəsi Novruz bayramında işıqsız qalıb.
Bu barədə Həsənabad qəsəbə sakinləri məlumat veriblər.
Bildirilib ki, şikayət edildikdən sonra əraziyə axşam «Azərişıq» briqadası cəlb olunub. 6 saat sonra, gecə saat 21:30-da qəsəbənin bir hissəsində problem həll edilsə də, yarısı hələ də işıqsızdır:
«Bu qəsəbədə 3 mindən çox ailə yaşayır. Cəmi 6 transformatorla təmin edilib. Transformatorların istismar müddəti bitib. Xətlər köhnədir. Bu səbəbdən güclü külək əsən kimi xətlər sıradan çıxır», — sakinlər bildiriblər.
Onların sözlərinə görə, bəzi sakinlər qanunsuz elektrik xətti çəkdirərək, qəsəbənin elektrik təminatını çətinləşdiriblər: «Qəsəbədən iki Milli Qəhrəman, bir Vətən Müharibəsi Qəhramanı var, burada 17 şəhid ailəsi yaşayır. Lakin rayon İcra Hakimiyyəti kəndə lazım olan diqqəti göstərmir. Ötən həftə də tam 2 gün qəsəbə işıqsız qaldı».
Qeyd edək ki, Milli Qəhrəman Zakir Məcidov, Milli Qəhrəman Samid İmanov və Vətən Müharibəsi Qəhramanı Camal İsmayılov bu qəsəbədəndir.