27.07.2024

İtkin düşdüyü bildirilən Vətən müharibəsi iştirakçısı həbs olunub

Salyanda itkin düşdüyü bildirilən Vətən müharibəsi iştirakçısı həbs edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şirvan Regional Qrupunun baş inspektoru Nizam Həmidov APA-nın sorğusuna cavab olaraq bildirib ki, Vətən müharibəsi iştirakçısı Kamran Dadaşzadənin itkin düşməsi ilə bağlı məlumat həqiqəti əks etdirmir: «Kamran Dadaşzadə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün Bakı şəhəri ərazisində saxlanılıb. Üzərinə keçirilən baxış zamanı ondan narkotik vasitə aşkarlanıb”.

N. Həmidovun sözlərinə görə, onun barəsində toplanmış materiallar məhkəməyə göndərilib və məhkəmənin qərarı ilə K. Dadaşzadə 30 sutka inzibati qaydada həbs edilib.

Qeyd edək ki, sosial şəbəkələrdə Kamran Dadaşzadənin itkin düşdüyü bağlı məlumatlar yayılıb.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: