22.03.2025

Şəhid jurnalistlərin ordenləri ailələrinə təqdim edilib

Kəlbəcər rayonunun Susuzluq kəndi yaxınlıqlarında baş verən mina partlayışı nəticəsində şəhid olan jurnalistlər Sirac Abışov və Məhərrəm İbrahimovun ailələrinə Prezident İlham Əliyevin sərəncamı ilə verilən 3-cü dərəcəli «Vətənə xidmətə görə» ordeni təqdim edilib.

Ordenlər Prezident Administrasiyasının nümayəndəsi Kamran Həsənov və Medianın İnkişafı Agentliyinin rəhbəri Əhməd İsmayılov tərəfindən verilib.

Qeyd edək ki, Sirac Abış oğlu Abışov 29 avqust 1989-cu il tarixində Qubadlı rayonunun Dondarlı kəndində anadan olub. Sirac Birinci Qarabağ müharibəsi zamanı ailəsi ilə birlikdə evlərindən didərgin düşüb, Sumqayıt şəhərində yaşamağa başlayıb.

4 iyun 2021-ci ildə Kəlbəcər rayonunun Susuzluq kəndinə gedən yolda minaya düşərək şəhid olub. 5 iyunda Sumqayıt şəhər Şəhidlər xiyabanında dəfn edilib. Mərasimdə şəhidin ailə üzvləri, yaxınları ilə yanaşı Prezidentin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədov və ictimaiyyət nümayəndələri iştirak ediblər.

“Sərhədsiz Reportyorlar” Təşkilatı (SRT) 2021-ci ildə vəzifə borcunu yerinə yetirərkən həlak olan jurnalistlərin siyahısına Məhərrəm İbrahimovu və Sirac Abışovu adını salıb.

Azərbaycan Prezidenti İlham Əliyevin iyunun 14-də imzaladığı Sərəncamla işğaldan azad olunan ərazilərdə vəzifə borcunu yerinə yetirmiş Abışov Sirac Abış oğlu «3-cü dərəcəli «Vətənə xidmətə görə» ordeni ilə təltif edilib. Həmçinin, Sirac Abışov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimovun əmri ilə “Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərə görə” medalı ilə təltif edilib.

Məhərrəm Əli oğlu İbrahimov 1982-ci il aprelin 16-da Ermənistanın Krasnoselsk rayonunun (Göyçə mahalının Çəmbərək rayonu) Ardanış kəndində anadan olub. 1989-cu ildə Ardanış kənd orta məktəbinin birinci sinfinə gedib. 1999-cu ildə 100 nömrəli orta məktəbi bitirərək həmin il Ali İctimai-Siyasi Kollecin Jurnalistika fakültəsinə daxil olub. 2003-cü ildə ali məktəbi bitirərək iyulun 15-də Binəqədi Rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılıb. 2004-cü il iyulun 15-də həqiqi hərbi xidmətini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Daxili Qoşunlarında başa vurub.

2004-cü il sentyabrın 1-dən Azərbaycan Dövlət İnformasiya Agentliyində (indiki AZƏRTAC) müxbir, 2007-ci il yanvarın 16-dan aparıcı müxbir vəzifəsində çalışıb.

2021-ci ilin iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndinə gedən yolda minaya düşərək şəhid olub. İki övladı olan M.İbrahimov iyunun 5-də Abşeron rayonu, Müşfiqabad qəsəbəsindəki qəbiristanlıqda, valideynlərinin yanında dəfn edilib.

Azərbaycan Prezidenti İlham Əliyevin iyunun 14-də imzaladığı Sərəncamla işğaldan azad olunan ərazilərdə vəzifə borcunu yerinə yetirmiş İbrahimov Məhərrəm Əli oğlu 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: