Ermənilərin başına pul qoyduğu adam «Yeni Müsavat»a danışdı
Nağı İmanov 1962-ci il, avqustun 16-da Ağdərə rayonunun Sırxavənd kəndində anadan olub. 1981-ci ildə sovet ordusunda xidmətə yollanıb, 2 il Almaniyada xidmət edib. 1987-ci ildə ailə həyatı qurub. Ancaq 1991-ci ildə baş verənlər bir çox azərbaycanlılar kimi onun da həyatını dəyişib.
Nağı İmanov son Qarabağ savaşının azsaylı canlı əfsanələrindən biridir. Həm də təkcə ona görə yox ki, 1991-ci ilin 7 iyulunda atası və 20 gün əvvəl əsgərlikdən qayıtmış qardaşını ermənilər öldürüb ot tayasında yandırdıqdan sonra təkbaşına ermənilərə savaş açıb və sonradan Milli Orduya qoşularaq 1994-cü ildə savaş bitənə qədər döyüşüb, tabor komandiri kimi ehtiyata buraxılıb. Orden-medallarla təltif olunub. Nağı adı savaşın sonuna qədər ermənilər üçün təhlükə sözü ilə sinonim olub.
Keçmiş döyüşçü ilə müalicə almaq üçün gəldiyi Bakıda, Şağan qəsəbəsindəki pansionatda görüşüb söhbətləşirik. Özü ilə gətirdiyi sənədlərinə baxıram. Arayışlardan biri diqqətimi cəlb edir. 1994-cü il, 25 noyabrda verilmiş 1529 saylı arayışda göstərilir ki, N.İmanov 1994-cü ilin 10 mayında Bala Əhmədağalı döyüşlərində 17 düşmən məhv edib, 2 əl pulemyotu, 1 qumbaraatan və bir maşın silah-sursat ələ keçirib.
Azərbaycan prezidentinin 1995-ci il, 15 yanvar tarixli, 262 saylı əmri ilə Nağı İmanov “Azərbaycan bayrağı” ordeni ilə təltif olunub. 1993-cü ildə “Şah İsmayıl Xətai” medalı, eləcə də igidliyə görə fəxri fərmanla təltif olunub. N.İmanov döyüşlərə qoşulanda sıravi olsa da az sonra taqım, daha sonra tabor komandiri vəzifəsinə qədər yüksəlib. Qalan mükafatlarının da sənədlərini göstərib: “Şah İsmayıl”ı yazma, sənədi evdə qalıb, verilmə tarixin və nömrəsini yazmasan, deyərlər ki, saxtadır» — deyir.
Keçmiş döyüşçü danışır ki, 1991-ci il, iyulun 7-də səhər saat 6-7 radələrində atası Novruz İmanovu, qardaşı Mahalı, əmisini və əmisi oğlunu ot yığımı zamanı erməni yaraqlıları öldürüb, cəsədlərini isə ot tayasında yandırıblar. Bu hadisə onun həyatını dəyişir, tək-tənha yaxın qohumları ilə birgə ermənilərə qarşı savaş açır.
Çox keçməmiş Qarabağ erməniləri Nağını tanıyırlar. 1991-ci ildə Qarabağın müvəqqəti idarəetmə komitəsinin sədri Arkadi Volskinin əmri ilə onun barəsində axtarış verilir. Hətta o zaman Moskvadan “Vesti” proqramında axtarış xəbəri elan olunur, ermənilər isə N.İmanovun başına pul qoyur: “Deyirdilər ki, guya mən dinc əhalini qətlə yetirmişəm. Mənim atamla qardaşım dinc insanlar idi, amma ermənilər onlara rəhm etməmişdilər. Halbuki biz öz evimizi qoruyurduq. Bir qədər sonra yaranmaqda olan orduya qoşuldum və Ağdam rayonu Əlimədədli sovetliyində yerləşən, rəhmətlik Şirin Mirzəyevin rəhbərlik etdiyi özünümüdafiə alayına yazıldım. Çox keçmədən komandir xidmətlərimi nəzərə alaraq məni bölük komandiri təyin etdi. Sırxavənd, Fərrux dağı əməliyyatlarında iştirak etmişəm. Mənim rəhbərlik etdiyim 40 əsgərdən ibarət hissə o zaman Dağlıq Qarabağın ”Qızıl açarı» adlandırılan Fərrux dağını iki dəfə düşməndən təmizləyib».
N.İmanov keçdiyi döyüş yolu ilə bağlı maraqlı epizodlar danışır. Belə epizodlardan biri də Ağdərə əməliyyatı zamanı pilot, Azərbaycanın Milli Qəhrəmanı Vaqif Qurbanovun xilas edilməsi əməliyyatıdır: “1992-ci il, sentyabrın 17-si idi. Yaralandığım üçün hospitalda yatırdım. Məlumat gəldi ki, Ağdərənin Çıldıran kəndi üzərində ermənilər Azərbaycan hərbi təyyarəsini vurublar. Sağ qalan pilot paraşütlə ermənilər olan əraziyə düşüb. Briqada komandiri elan edib ki, pilotu xilas etmək üçün bu əraziləri tanıyan bir neçə əsgər lazımdır. O vaxt mənim rəhbərlik etdiyim hissənin əsgərləri, qardaşım İmanov Siyavuş, Məmmədov Rizvan, Məmmədov Bilal, Muxtarov Fərhad, Əliyev Natiq, Ağayev Elman, İmanov Fariz, Abdullayev Həsən, Abdullayev Namizəd, bir də Sevil adlı bir döyüşçü qız deyiblər ki, biz gedib pilotu xilas edərik. Qrup ermənilərin arxasına keçir və pilotu tapır. Təyyarəçi sağ olub, paraşütü ağaca ilişib, amma özü yerə tullana bilib və onu bizimkilər parolla tapıblar. Ancaq geri qayıdanda Qazançı ərazisində meşədə ermənilərin basdırdığı minaya düşürlər. Nəticədə əməliyyata gedən qrupdan 7 əsgər yaralanır. Qardaşım Siyavuş da o əməliyyatda yaralanır, qollarının ikisi də qırılır. Daha bir qəlpə isə ağciyərində indi də qalır, çətinliklə nəfəs alır. Ancaq bu günə qədər mən ona pensiya düzəltdirə bilmirəm. Əməliyyat qrupunun üzvlərinin əksəriyyəti yaralı olmalarına baxmayaraq, pilotu xilas edərək öz ərazilərimizə keçirə bilirlər. Yalnız bundan sonra bizimlə rabitə əlaqəsinə girib yardım istəyirlər.
Mən hissənin komandiri kimi iki gənc əsgərlə birlikdə bir PK pulemyot, bir qumbaraatan və bir snayper silahı ilə əməliyyat qrupuna köməyə getdik. O vaxt çata bildik ki, ermənilər qrupu mühasirəyə alıb. Pulemyot atəşi ilə ermənilərin hücumunun qarşısını aldıq, bu vaxt mənimlə gələn əsgərlər qrupdakı sağlam döyüşçülərlə yaralıları mühasirədən çıxardı. Qalayçılar kəndi yaxınlığına qədər bu şəkildə döyüşə-döyüşə əsgərlərimizi çıxara bildik. Qalayçılar kəndinin üstündə köməyə bizim hərbi maşın gəldi, yaralıları maşına yığıb Ağdamın Qaradağlı kəndində yerləşən hospitala apardıq. Xoşbəxtlikdən həmin əməliyyatda ölən olmamışdı, pilot özü də sağ-salamat idi, hətta yaralanmamışdı. Vaqif Qurbanov sonralar şəhid oldu və ölümündən sonra ona Milli Qəhrəman adı verdilər. Ancaq həmin əməliyyatda yaralanan əsgərlərin bir çoxu əlil oldu. Elman Ağayevin onurğası qırıqdı, indi də əlil arabasında gəzir, qardaşım Siyavuşun isə iki qolu şikəstdir».
N.İmanov döyüş xatirələri sırasında kəşfiyyat zamanı erməni leytenantını ələ keçirməsini xüsusi şövqlə danışır. Dediyinə görə, 1994-cü ilin əvvəlində hərbi hissənin komandiri onu və bir neçə döyüşçünü Ağdamın Güllücə kəndinə kəşfiyyata göndərib. Kəşfiyyat əməliyyatı uğurlu alınıb, geri qayıdarkən Qərvənd körpüsünün altında erməni hərbçisi ilə qarşılaşırlar: “İki güllə atdım, bir güllə sağ qoluna, biri də qarnına dəymişdi. Yaxaladıq, məlum oldu ki, leytenantdır. Üzərində avtomatı və döyüş xəritəsi vardı. Qərargaha gətirdik. Dindirdilər, adı Ararat Sərkisyan idi. Əsgəran polkunun komandiri Vitali Sərkisyanın kiçik qardaşı idi. Ararat bizə qiymətli məlumatlar verdi, eyni zamanda onun üzərindən tapılan döyüş xəritəsi qiymətli məlumat mənbəyi oldu. Xəritəyə əsasən ermənilər Əfətli ilə Qərvənd arasını tutmaq istəyirmişlər. Biz bunu vaxtında bildik və həmin ərazilərdə qüvvələrimizi artırdıq. Nəticədə ermənilər həmin ərazini tuta bilmədilər. Bir müddət sonra həmin Araratı bizim əsir düşmüş iki gizirimiz və şəhid olmuş 3 polisin cəsədi ilə dəyişdik”.
Nağı 17 erməni hərbçisini məhv etdiyi döyüşün tarixçəsini də danışır. Deyir ki, 1994-cü il yaz hücum kampaniyası zamanı Ağdamın Çıraqlı kəndindəki döyüşlərdə sürücüsü, əslən bakılı olan Slaviklə mövqe tutub Cəvahirli, Gülçülük deyilən əraziyə gedən yola nəzarət edirmişlər. Təxminən saat yarımdan sonra üstü çadırlı “QAZ-66″ yük maşını onların mövqe tutduğu evin yaxınlığında dayanır, maşından təxminən 30-a yaxın erməni hərbçisi düşür: ”Sonradan bildik ki, bizimkilər ərazini tərk edib, bizim də xəbərimiz olmayıb. Amma ermənilərin də bizim orada olmağımızdan xəbərləri olmamışdı. Onları pulemyotla atəşə tutdum. Atəş o qədər gözlənilməz oldu ki, ermənilər ciddi müqavimət göstərə bilmədilər, xeyli erməni hərbçisi öldü, qalanları da özlərini itirdilər və maşını qoyub qaçdılar. Düşdük aşağı, meyitləri saydıq, 17 erməni öldürülmüşdü. Çıraqlı əməliyyatı bizim demək olar ki, müharibədə son döyüşümüz oldu. Çıraqlı, Əhmədağalı və Ayaq Qərvənd kəndləri 1994-cü il may döyüşləri zamanı azad olundu. Bu gün o kəndlərdə yerli əhali yaşayır».
Nağı danışır ki, atəşkəsdən sonra 1996-cı ilə qədər orduda qalıb, sonra raport yazaraq ehtiyata buraxılıb. Ehtiyata çıxarkən rütbəsi gizir olsa da polkovnik-leytenant vəzifəsində, yəni tabor komandiri olub. 1991-94-cü illər ərzində döyüşlər zamanı 4 dəfə yaralanıb, başında, belində, qarnında — mədəsinin üstündə qəlpə indi də qalır. Keçmiş döyüşçü indi güzəranından gileylənir, bu yaxınlara qədər evi olmayıb. Nəhayət, bir ay əvvəl Ağdamda tikilən qaçqın şəhərciyində yeni ev ala bilib. Əlil kimi avtomobil növbəsindədir, ancaq deyir ki, növbəsi qısalmaq əvəzinə uzanır.
Azərbaycan dövləti son illər Qarabağ müharibəsi veteranlarının sosial vəziyyətinin yaxşılaşdırılması üçün bir sıra layihələr həyata keçirir, veteranlara avtomobillərin, yeni evlərin paylanması sürətlənib. Prezident İlham Əliyev dekabrda Qarabağ əlilləri üçün inşa edilən növbəti yaşayış binasının açılışı zamanı etdiyi çıxışda demişdi ki, bu kateqoriyadan olan insanlar dövlətin onların arxasında olduğuna əmin olmalıdır. Lakin Nağı İmanov kimilərinin nümunəsi göstərir ki, bu sahədə çox işlər görülməlidir, xüsusən müharibə veteranlarının təkcə dövlətin ayırdığı pensiyanın ümidinə qalmaması üçün onlara iş, qazanc imkanları da yaradılmalıdır./Musavat.com/