AVMVİB Mingəçevir şəhər şöbəsində
AVMVİB Mingəçevir şəhər şöbəsinin sədri Natiq Həsənovun verdiyi məlumata görə şəhər veteranları 15 sentyabr Bakının düşməndən azad edilməsini qeyd etmək üçün şöbənin qərargahında toplanıblar.
Tədbirdə çıxış edən N. Həsənov 101 il öncə baş vermiş hadisələr barədə məlumat verib: «Sentyabrın 15-də Bakının bolşevik hərbi birləşmələri, yadelli işğalçılar və daşnak quldurlardan azad edilməsinin 101-ci ili tamam olur. Bu, Azərbaycan xalqına aid ən şərəfli tarixlərdən biridir. 15 sentyabr 1918-cil tarixinin yazılmasında Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun xüsusi rolu olub. Bu ordu Bakının azad edilməsində böyük şücaətlər göstərib, onun tərkibində vuruşan yüzlərlə türk əsgəri şəhidlik zirvəsinə yüksəlib.
Nuru paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun Bakıya doğru irəliləməsi Azərbaycan paytaxtına göz dikən yadelli qüvvələrə rahatlıq vermirdi. Bu ordunun tərkibini Osmanlı və Azərbaycan türkləri təşkil edirdi. Tarixçi alim M.Qasımlının sözlərinə görə, Qafqaz islam Ordusu Bakının mühasirəsini çox dəqiqliklə həyata keçirmişdi: «Hətta ingilis qoşunlarının komandanı Denstervil xatirələrində etiraf edirdi ki, türk topçuları çox dəqiqliklə atəş açırdılar. Onların atəşi Bakıdakı memarlıq abidələrinin heç birinə ziyan vurmadı».
Bakının azad edilməsindən iki gün sonra Azərbaycan hökuməti müvəqqəti paytaxt olan Gəncədən Bakıya köçürüldü. Bu isə ölkədə tamamilə yeni bir şərait yaratdı. Bundan sonra Azərbaycan hökuməti özünün elm, mədəniyyət, incəsənət mərkəzinə qovuşmuş oldu.
Bakının azad edilməsinin böyük əhəmiyyəti vardı. Çünki Azərbaycanı Bakısız təsəvvür etmək olmazdı. Milli hökumətin Bakıya köçməsilə şimali Azərbaycan bütövləşdi. Tarixçilərin fikrincə, əgər 1918-ci ilin sentyabrında Bakı azad edilməsəydi, bu şəhərin indi Azərbaycanın paytaxtı olması sual altında qalardı. Axı bolşeviklər Bakını Azərbaycandan ayıraraq onu muxtar şəhərə çevirməyi planlaşdımışdılar.»
Mərasim işçiləri şəhidləri yad edərək bu Vətən uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsini anıblar.
Daha bir çməlumat aldıq ki, belə tədbirlərə kömək etməyə borclu olan şəhər rəhbərliyi, nədənsə mane olmaq yolunu tutmaqdadır. Mövzuya qayıdacağıq.
E. Səlim