Vahid Abdurəhmanov: «Müharibə veteranı» statusu, vəsiqəsi kimlərə və necə veriləcək?
Prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə «Müharibə veteranı» adının verilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzaladıqdan sonra müharibə veteranlarını maraqlandıran bəzi nüanslar barədə suallar ortaya çıxıb.
Edilən müraciətlərə uyğun yaranmış suallarla bağlı Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin təşkilati işlər üzrə müavini Vahid Abdurəhmanova müraciət etdik.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin təşkilati işlər üzrə müavini Vahid Abdurəhmanov bildirdi ki, artıq sərəncam verilib, bütün məqamlara aydınlıq gətirilsə də, yenə də aidiyyatlı qurumlar vətəndaş sorğusuna cavab vermək əvəzinə «ötür-ötür» oynayırlar. Biz dəfələrlə demişik ki, döyüşçülərin problemlərinin həllində elə müharibə veteranlarının özləri yaxından iştirak etməlidirlər. Gün ərzində yüzlərlə gənc döyüşçüyə Prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə «Müharibə veteranı» adının verilməsi ilə bağlı tədbirlər haqqında sərəncam və Nazirlər Kabinetinin müharibə veteranı adının və müvafiq vəsiqəsinin verilməsi haqda qərarının izahıyla məşğul oluruq. Hərçənd ki, bir ictimai təşkilat kimi bizim vəzifə borcumuz deyil. Sadəcə bunu hər yerdən əli üzülmüş döyüşçü qardaşlarımızın xatirinə edirik.
Vahid Abdurəhmanov qeyd etdi ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun möhtəşəm Zəfərlə başa vurduğu Vətən müharibəsinin iştirakçılarına yüksək qayğı olaraq dövlət başçısının yeni Sərəncamı ilə onlara yeni ildən “Müharibə veteranı” adı və “Azərbaycan Respublikasının Müharibə Veteranı” vəsiqəsi veriləcək. Aidiyyəti qurumlar tərəfindən bu status verildikdən sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən onlara proaktiv qaydada Prezidentin aylıq təqaüdü təyin ediləcək. Təqaüdün məbləğinin 80 manat olması da rəsmi olaraq təsdiqini tapıb.
Cəbhədən dönmüş veteranlarımızı ən çox maraqlandıran məqamlara Nazirlər Kabinetinin müharibə veteranı adının və müvafiq vəsiqəsinin verilməsi haqda qərarı aydınlıq gətirir. Qərara əsasən, aşağıdakı şəxslərə müharibə veteranı adının və müvafiq vəsiqənin verilməsi nəzərdə tutulur:
1. “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində:
1.1. hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə);
1.2. döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə.
2. 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda:
2.1. döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş şəxslərə;
2.2. hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (yuxarıda qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə.
Aidiyyəti dövlət orqanları tərəfindən yuxarıda qeyd olunan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin şəxslərin siyahısı Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir.
Müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi verilmiş şəxslərə dair məlumatlar həmin adı və vəsiqəni verən dövlət orqanları tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Zəfər” altsisteminə daxil edilir.
AVMVİB sədrinin təşkilati işlər üzrə müavini V. Abdurəhmanov bildirdi ki, müraciət edənlərin böyük əksəriyyəti «Müharibə veteranı» vəsiqəsini hansı orqanın verəcəyi maraqlandırır.
Həm Prezident tərəfindən imzalanmış Sərəncamda, həm Nazirlər Kabinetinin qərarında, həm də qüvvədə olan «Veteranlar haqqında» Respublika Qanununun müddəalarına görə «Müharibə veteranı» adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Ədliyyə Nazirliyi, Dövlət Təhlükəsizlik Xidməti, Xarici Kəşfiyyat Xidməti, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir.
Həmçinin Nazirlər Kabinetinin son qərarında göstərildiyi kimi «Aidiyyətli dövlət orqanları tərəfindən yuxarıda qeyd olunan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin şəxslərin siyahısı Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir».
AVMVİB sədrinin müavini Vahid Abdurəhmanov, bundan sonra da veteranlarımızı maraqlandıran məqamlara aydınlıq gətirməyə çalışacaqlarını bildirdi.
Elnur Səlim
Mənbə: Fedai.az