Ərbaş Şuşada: Bundan sonra da belə olacaq
Biz Azərbaycanın tarixi Zəfərindən sonra könül rahatlığı ilə Şuşadayıq. Böyük Zəfərdən sonra Şuşaya gələrək burada namazımızı birlikdə qıldıq. Şuşa Zəfərini bizə yaşadan cənabı Haqqa sonsuz şükür edirik.
Bu sözləri jurnalistlərə müsahibəsində Şuşada səfərdə olan Türkiyənin Diyanət İşləri sədri Əli Ərbaş söyləyib.
“Azərbaycan dövlətinin, Ordusunun şücaəti ilə Qələbə qazandığımız üçün Allaha şükür edirik”, — deyən sədr Azərbaycan-Türkiyə əməkdaşlığının hər sahədə özünü göstərdiyini və bundan sonra da belə davam edəcəyini vurğulayıb.
“Dünən Füzuli Beynəlxalq Hava Limanının açılışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan birlikdə iştirak etdilər.
Biz də onlardan sonra ilk dəfə Qafqaz Müsəlmanları İdarəsinin sədri, MDB Dinlərarası Şurasının sədri şeyxülislam Allahşükür Paşazadə ilə Füzuli Beynəlxalq Hava Limanına eniş etdik. Bu, bizim üçün də həqiqətən böyük bir şükür vəsiləsidir. Şuşaya isə avtomobil yolu ilə gəldik. Burada təmir olunan məscidləri də ziyarət etdik. Bu gün Şuşada möhtəşəm məsciddə günorta namazını qıldıq. İnşallah, səfər çərçivəsində burada olan bəzi yerləri də ziyarət edəcəyik.
Azərbaycan və Türkiyə xalqlarına dua edirik. Allah birliyimizi, bərabərliyimizi daimi etsin!», — deyə Ə.Ərbaş fikrini yekunlaşdırıb.