21.11.2024

Qazilərə əlillik necə təyin olunur? — AÇIQLAMA

Bəzən qazilər onlara əlilliyin dərəcəsinin düzgün verilmədiyini deyirlər. Bununla bağlı onlar hətta sosial şəbəkədə çağırış edirlər. Bəs qazilərə əlillik necə təyin edilməlidir?

Məsələ ilə bağlı Sonxeber.az-a deputat Razi Nurullayev açıqlama verib.

Onun sözlərinə görə, Sosial Müdafiə Nazirliyi bununla bağlı videoçarx hazırlayıb:

«Demək olar ki, hər gün məsələ ilə məşğul oluram və bu sahədə kifayət qədər biliklərə malikəm. Sosial Müdafiə Nazirliyinin hazırladığı çarxda bildirilir ki, hər iki ayağını itirənlərə 1-ci qrup, bir ayağı dizdən yuxarı kəsilənlərə 2-ci qrup, dizdən aşağı ayağı olmayanlara 3-cü qrup əlillik verilir.

Heç kəs bundan imtina edə bilməz. Düşünmürəm ki, hər hansı bir qaziyə əlillik verilməsində imtina olunub. Ola bilsin ki, qazi 2-ci qrup tələb edir, amma ona 3-cü qrup uyğun gəlir.

Bu problemdən yan qaçan qurum artıq cinayət məsuliyyəti daşıyır. Buna görə hətta həbs cəzası verilə bilər. Məncə, müvafiq orqanın məsul şəxsi müharibə iştirakçısına qarşı belə bir hərəkət etməz.

Yanvarın 1-dən yeni qanun qüvvəyə minəcək. Həmin qanuna əsasən, əlillik artıq insan orqanizminin neçə faizinin işləməsinə görə təyin ediləcək. Amma istənilən halda, düşünürəm ki, müharibə iştirakçılarının narazılığını aradan qaldırmaq, şayiələrə, qeyri-dəqiq məlumatlara son qoymaq üçün həmin qurumlara nəzarət edən komissiya yaradılmalıdır. Mətbuat işçiləri, millət vəkilləri və digər nazirliklərin nümayəndələri də komissiyaya daxil edilməlidirlər.

Dediyim kimi, ayağı olmayan adama əlillik verilir. Müharibə iştirakçılarıyla bağlı qanunda isə əlavə Prezident təqaüdü nəzərdə tutulub. Ona görə də, 3-cü qrup əlilliyi olanlara ən az 350 AZN, əgər iş təcrübəsi varsa, əlavə məbləğlə təxminən 480 AZN verilir».

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: