Nazirlikdən qazi Farizlə bağlı AÇIQLAMA
«Cəlilabad rayonu sakini, Vətən müharibəsi iştirakçısı Ağayev Fariz Hidayət oğlunun sosial mediada yayılan şikayəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində araşdırılıb».
Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə Əlaqələr və Kommunikasiya Şöbəsinin müdiri Fazil Talıbov bildirib.
Onun sözlərinə görə, digər qazilər kimi, Fariz Ağayevin də sosial məişət şəraiti daim diqqətdə olub:
«Ailə təsərrüfatının qurulması üçün hələ bu ilin aprel ayında o, özünüməşğulluq proqramına cəlb edilib. Və bunun üçün avqustun 9-da ona iribuynuzlu heyvandarlıq sahəsi üzrə aktivlər (3 inək və 400 kq yem) təqdim edilib.
Fariz Agayevin əlilliyinin qiymətləndirilməsi isə, ilk növbədə aidiyyəti qurumlar tərəfindən onunla bağlı müvafiq sənədlər (şəhadətnamə və göndəriş) təqdim edildiyi halda həyata keçiriləcək. Bununla belə Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyin həkim-ekspertləri Farizi evində əyani müayinə edərək nəticəsinə əsasən əlilliyinin qiymətləndirilməsi üçün sənədləşmə prosesində müvafiq dəstəyin göstəriləcəyi bildirilib.
Farizə ailəsinin ünvanlı sosial yardım almaq hüququna baxılması üçün hazırda ailənin mülkiyyətində olan torpaq sahəsinin qanunvericiliyin tələbinə əsasən rəsmiləşdirilməsi də tövsiyə olunub».