Qarabağ şəhidinin qazi oğlu evlərinə qayıdıb
Atası Birinci Qarabağ müharibəsinin şəhidi, özü isə İkinci Qarabağ müharibəsinin müzəffər əsgəri olub.
«Report» istinadla xəbər verir ki, söhbət Vətən müharibəsi döyüşçüsü Nazim Hüseynovdan gedir.
Cəlilabadın Əliqasımlı kəndindən olan qazi Nazim Hüseynov el-obasında təntənəli şəkildə qarşılanıb.
Nazim Həsənovun atası Rövşən Həsənov Birinci Qarabağ savaşının şəhidlərindədir. Şəhid övladı kimi onun da ən böyük arzularından biri Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərə qatılmaq və işğal altında olan torpaqları düşmən tapdanğından azad etmək olub.
Gözlədiyi həmin məqam isə 27 sentyabrda yetişib. Həmin vaxt könüllü olaraq cəbhəyə yollanan Nazim Həsənov cəbhənin cənub istiqamətində döyüşlərə qatılıb. Füzuli, Cəbrayıl, Hadrutun azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib.
Qeyd edək ki, Nazim Həsənovun atası Rövşən Həsənov 1992-ci ildə könüllü olaraq Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərə qatılıb.
1994-cü ilin aprel ayında Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Xalqımıza şəhidlərimizdən miras qalmış qəhrəmanlıq məktəbinin Nazim kimi davamçıları bizlərə qələbə bəxş etdi. Elə bir qələbə ki, hələ onun barəsində dastanlar qoşulacaq, qalaq-qalaq kitablar yazılacaq.