24.11.2024

Sabah AVMVİB-nin yarandığı gündür

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) yaranmasının sabah 27 yaşı tamam olur!

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (bundan sonra AVMVİB) 1994-cü ildə Bakıda təsis olunub. İctimai Birliyin məram və məqsədi müharibə iştirakçılarının sosial hüquqlarının bərpası və qorunması, veteranlara və onların ailə üzvlərinə hüquqi yardım göstərilməsində, həmçinin əmək bazarına hazırlanmasında yaxından köməklik göstərməkdir.


2017-ci il Aprel döyüşlərindən sonra İctimai Birliyin sıraları daha da artmışdır. Buna səbəb AVMVİB-nin rəhbərliyinin vətənpərvərlik mövzularında mədəni və sosial mözvulu silsilə tədbirləri həyata keçirməsi, mütəmadi olaraq Şəhid ailələlərini, Qarabağ müharibəsi iştirakçılarını, ümumiyyətlə bütün veteranları mütəmadi ziyarət etmələri, onların problemləri haqqında vaxtaşırı araşdırmalar aparmaqla yanaşı, dövlət tədbirlərində, həmçinin yerli icra hakimiyyəti orqanları, o cümlədən, ümumtəhsil məktəbləri və universitetlər ilə birlikdə mədəni-kütləvi tədbirlərin hazırlanmasında və keçirilməsində yaxından iştirak etməsidir.


44 günlük Vətən Müharibəsi günlərində Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) «Orduya Dəstək» qərargahı yaradaraq, həm döyüşdə, həm arxa cəbhədə əsgər və zabitlərimizin yanında oldu. Minlərlə müharibə veteranın övladı bu döyüşlərdə atalarının yoluyla gedərək bizləri bu Böyük Zəfərə qovuşdurdular. Bu müqəddəs yolda şəhid olanlara Allahdan rəhmət, qazilərimizə cansağlığı arzulayırıq. AVMVİB ilk dəfə olaraq 27 yaşını daim arzuladığımız Zəfər müjdəsiylə qeyd edir. Bu gün döyüşdən qayıtmış döyüşçülərin Birliyə üz tutmaları səbəbindən sayımız artıq 81 min nəfəri keçib. Yəni AVMVİB ölkənin ən iri ictimai birliyi olaraq qalmaqdadır.


Bu gün AVMVİB cəmiyyətimizdə Qarabağ müharibəsi veteranlarının yerini yüksək tutur, onların keçdiyi həyat yolunu qiymətləndirir və sosial fəaliyyətlərini gücləndirmələri üçün müxtəlif tədbirlər həyata keçirir.

Müharibə veteranlarının çox saylı müraciətlərini və İdarə Heyətinin qərarıyla “Müharibə veteranı”, «AVMVİB 25 il» və “Milli ordu-100” xatirə medallarını təsis etmişdir. Həmin medallar ictimai fəaliyyətimizdə daha fəal müharibə veteranları və müharibə əlillərinə qayğı göstərən, onların dostu olan hüquqi və fiziki şəxslərə təqdim olunur, onları gələcəkdə də bu kimi xeyirxah tədbirlər və aksiyalar keçirmələrinə sövq edir.


AVMVİB-nin mətbu orqanı kimi həftəlik «Fədai» qəzeti mövcuddur. Qəzetin eyniadlı www.fedai.az internet versiyası fəaliyyət göstərir. Lakin üzvlərinin sayının çoxluğu, buna müvafiq olaraq da tədbirlərinin sayının artması AVMVİB-nin www.veteran.az saytını təsis etməsinə səbəb olmuşdur. Saytda Veteran TV — internet televiziyası fəaliyyət göstərir. Veteran Radio — layihəsi isə müharibənin ağrı-acılarını görmüş insanların xatirəsini, onların müsahibələrini həm respublika üzrə, həm də Azərbaycandan kənara — dünya ictimaiyyəti qarşısına çıxarmaqla Qarabağ həqiqətlərini təbliğ edir.
Vətənimizin və xalqımızın illərlə arzuladığı Zəfər müjdəli bir gündə AVMVİB-nin 27 yaşı tamam olur.


Bu münasibətlə bütün müharibə veteranlarını və AVMVİB-nin ayaq üstdə qalmasında payı olan mərd və cəsur veteranlarımızı təbrik edirik. Bizim üçün savaş bitməz.

«Ayaqlarım, qollarım, gözlərim olmadan yaşaya bilərəm. «Ancaq vətənim olmadan, yaşaya bilmərəm», deyən veteranlarımıza eşq olsun!


«Bu vətən çörəyini yediyimiz kimi, onun uğrunda qurğuşun yeməyi də bilirik!»-deyən veteranlarımıza eşq olsun!


Şəhid qanı ilə sulanan bir torpağa xəyanət edə bilmərəm və şəhid olmaq üçün dua etmiş bir qazinin də haqqını kimsə ödəyə bilməz!

Şəhid nurlanmış, Qazi şərəflənmiş bir əsgərdi.


Bəlkə də şəhid olmaq istəyirdilər. Ancaq Allah Qazilik nəsib etdi. Onlar da Qazi kimi yaşadılar.


Onlar şanlı tariximizin əbədi qəhrəmanlarıdır …

Şəhidlik və qazilik adı heç bir maddi dəyər və dünya dəyəri ilə ölçülməyəcək qədər böyükdür. Əminəm ki, qazilərimiz şərəfli, ləyaqətli duruşları, Vətən sevgiləri və qəhrəmanlıqları ilə təmsil etdikləri dəyərlərin şüuru ilə yeni nəsillərə rəhbərlik edəcəklər.


Tanrı veteranlarımızı qorusun!

44 günlük Vətən Müharibəsi bir daha göstərdi ki, Vətən sizlərin çiyni və şəhidlərimizin qanı üzərində bərqərar olub. Bir daha AVMVİB-nin 27 illiyi münasibətiylə hər birinizə xoş arzularımızı çatdırırıq!


AVMVİB Mətbuat Xidməti

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: