22.11.2024

Qazilərimiz: “DÜŞMƏNİ DƏMİR YUMRUĞUMUZLA MƏHV ETDİK”

44 gün davam edən və torpaqlarımızın azadlığı ilə nəticələnən “Dəmir yumruq” əməliyyatında — Vətən müharibəsində Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçuları da əzmlə vuruşmuş, böyük qəhrəmanlıq nümunələri göstərmişlər.

Vətən müharibəsində rəşadətlə döyüşərək yaralanmış hərbi qulluqçularımızın həyat və şərəfli döyüş yolundan bəhs edən “Qazilərimiz” rubrikasının budəfəki qəhrəmanı baş çavuş Cəfərov Elnur Fəqani oğludur.

Baş çavuş Elnur Cəfərov 1990-cı il martın 10-da Kürdəmir rayonunun Qarasaqqal kəndində anadan olub. Orta təhsilini Kürdəmir rayonu Qarasaqqal kənd tam orta məktəbində alıb. Müddətli həqiqi hərbi xidmətini 2008-2009-cu illərdə Daxili Qoşunların Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yerləşən “N” saylı hərbi hissəsində keçib. 2013-cü ilin iyun ayından qoşunların Gəncə şəhərindəki “N” saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi yenidən Vətənə olan borcunu yerinə yetirməyə başlayıb.  

Hərbi hissənin ayrı-ayrı bölmələrinin tərkibində müxtəlif vəzifələrdə xidmətini davam etdirən baş çavuş E.Cəfərov 2020-ci ilin iyun ayından yaralandığı günədək xüsusi təyinatlı dəstədə istehkamçı yarımqrupunun komandiri-baş istehkamçı kimi vəzifə borcunu şərəflə yerinə yetirib.

Xidmət etdiyi dövrdə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (hazırda Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi) Göygöl rayonu ərazisində təşkil etdiyi istehkamçı ixtisası üzrə kursu müvəffəqiyyətlə bitirib və ona müvafiq sertifikat verilib. İstehkamçı yarımqrupunun komandiri kimi qarşıya qoyulmuş tapşırıqları hər zaman layiqincə yerinə yetirdiyinə görə, eləcə də yüksək döyüş hazırlığı, hərbi intizamı və nümunəvi xidmətilə fərqlə     nən hərbi qulluqçu kimi hərbi hissənin komandanlığı tərəfindən dəfələrlə mükafatlandırılıb. 

Vətən torpaqlarını düşmən tapdağından azad görmək və bu amal uğrunda başlayacaq döyüşlərdə iştirak etmək Elnurun ən böyük arzusu olub. Məhz buna görə də Vətən müharibəsinin ilk günündən döyüşlərə qatılan baş çavuş E.Cəfərov Kəlbəcər, Füzuli və Cəbrayıl istiqamətində aparılan hərbi əməliyyatlarda fəal iştirak edib: “İlk döyüşümüz 2020-ci il sentyabrın 27-də Kəlbəcər istiqamətində olub. Dörd gündən sonra Füzuli və Cəbrayıl ərazisində gedən döyüş əməliyyatlarına qatıldıq. Burada bir sıra kəndlərin və yüksəkliklərin azad edilməsində yaxından iştirak etdik. Bundan əlavə, ermənilərin Cəbrayıl şəhəri ətrafındakı bir neçə möhkəmləndirilmiş postunu darmadağın edib, ələ keçirdik”.   

Olduqları mövqelərin düşmən tərəfindən artilleriya və müxtəlif çaplı silahlardan atəşə tutulması nəticəsində altı güllə və səkkiz qəlpə yarası aldığını qeyd edən qazimiz sonda ən böyük arzusuna çatdığı üçün qürur duyduğunu deyir: “Oktyabrın 6-da, saat təxminən 05:00-da Cəbrayıl istiqamətində baş verən şiddətli döyüşdə ağır yaralandım. Sanitarlar ilkin tibbi yardım göstərərək, qanaxmamı dayandıra bildilər. Şiddətli atışma getdiyindən, təxliyyə olunmam mümkün deyildi. Güllə və mərmilər sanki dolu kimi yağırdı. Bu baxımdan yaralı vəziyyətdə belə düşmənə qarşı vuruşmalı oldum. Beş saatdan sonra yoldaşlarımın köməkliyi ilə döyüş meydanından təxliyyə oluna bildim. Əvvəlcə bizi Silahlı Qüvvələrin Bakıdakı Mərkəzi Kliniki Qospitalına, orada tibbi yardım göstərildikdən sonra isə Daxili Qoşunların Hərbi Qospitalına gətirdilər. Burada hər iki ayaq və bel nahiyəmdən əməliyyat olundum. Allaha çox şükür, yaxşıyam. Həkimlərimizin sayəsində sağlamlığım qismən bərpa olunub. Lakin tam sağalmağım üçün ambulator müalicəmi indi də davam etdirirəm.

Nə deyim, Allah bütün şəhidlərimizə rəhmət eləsin, yaralı silahdaşlarımıza da şəfa versin. Əsas odur ki, biz otuz ilə yaxın düşmən tapdağında qalan torpaqlarımızı qısa bir vaxtda azad etməyə müvəffəq olduq. Ali Baş Komandanımızın dediyi kimi, “düşməni dəmir yumruğumuzla məhv etdik””.

Azərbaycan Respublikası Prezidentinin 18 dekabr 2020-ci il tarixli, 29 dekabr 2020-ci il tarixli müvafiq sərəncamları ilə baş çavuş Cəfərov Elnur Fəqani oğlu “Cəsur döyüşçü” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Daxili Qoşunların “N” saylı hərbi hissəsində “Pələng” şərti adını daşıyan xüsusi təyinatlı dəstənin komandiri, “Zəfər” ordeni və “Şücaətə görə” medalı ilə təltif edilmiş mayor Zaur Rəhimov (Vətən müharibəsi zamanı iki dəfə — Murovdağ və Şuşa istiqamətlərində gedən döyüşlərdə yaralanıb) dəstədə yarımqrup komandiri kimi xidmət etmiş baş çavuş Elnur Cəfərovun bu gün də silahdaşları tərəfindən vətənpərvər döyüşçü kimi xatırlandığını deyir: “Torpaqlarımızın azadlığı uğrunda başlayan 44 günlük Vətən müharibəsində dəstəmizin “pələnglər”i də fəal iştirak etmiş, cəbhənin müxtəlif istiqamətlərində aparılan döyüş əməliyyatlarında düşməni məğlub edərək, böyük şücaət göstərmişlər. Bu döyüşlərdə dəstəmizin şəxsi heyətindən 11 nəfər şəhid olub, 39 nəfər silahdaşımız isə yaralanıb. Düşmənə gözdağı olan cəsur qazi hərbi qulluqçularımızdan biri də baş çavuş Elnur Cəfərovdur. 

Vətənpərvər, yüksək intizamlı və məsuliyyətli yarımqrup komandiri kimi baş çavuş E.Cəfərovun fəaliyyəti hər zaman müsbət qiymətləndirilib. İstər atəş və fiziki hazırlıq, istərsə də ixtisas hazırlığı üzrə keçirilən praktiki məşğələlərdə onun komandiri olduğu yarımqrup qazandığı müsbət nəticələrinə görə dəfələrlə fərqlənib. Kollektiv arasında böyük hörmət və nüfuza malik fəal hərbi qulluqçu kimi tanınıb. Qorxmaz və cəsur döyüşçü kimi Vətən müharibəsində iştirak edərək, qəhrəmanlıq nümunələri göstərməklə, ona olan etimadı bir daha doğrultmuş oldu. Yalnız onu deyə bilərəm ki, Elnurun timsalında bütün qazi silahdaşlarımızla qürur duyur və tezliklə sağlamlıqlarına qovuşmalarını arzulayırıq”. 

Məlumat üçün bildirək ki, “APA” TV saytının “YouTube” internet portalı vasitəsilə yayımlanan xəbər proqramında, jurnalist Sevinc Vaqifqızının təqdimatında “Xüsusi təyinatlı qazi: Yaralı halda beş saat döyüşdük” adlı süjetdə baş çavuş E.Cəfərovun gənc nəslə nümunə olan döyüş yolu barədə məlumatlar izləyicilərə təqdim edilib.

Sonda onu da qeyd edək ki, Elnurun Zəhra və Sərfinaz adında iki qız övladı var. Adını Vətənin qəhrəmanlıq tarixinə öz qanı ilə həkk edən qazi silahdaşımızın böyüdüb tərbiyə etdiyi övladları da bizimtək hər zaman ataları kimi Vətənin igid oğulları ilə qürur duyacaqlar. Qazimizə bundan sonrakı həyatında uğurlar diləyirik. 

Mayor Anar Əhmədov

DİN-in Daxili Qoşunlarının “Əsgər” qəzetinin redaktoru

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: