22.03.2025

GÜN BU GÜNDÜR: BİZİM ORDU ÖZ VƏZİFƏLƏRİNİ YERİNƏ YETİRMƏYƏ QABİLDİR!

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyevdən Ordu Günüylə bağlı TƏBRİK…

Azərbaycan Ordusunun 103 yaşı tamam olur.


1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyətinin qərarı ilə ilk müntəzəm hərbi hissə — Əlahiddə korpus yarandı. Bu qərar Şərqin müsəlman aləmində ilk demokratik hökümətin öz ordusunun yaratmasına hüquqi əsas verdi.


Bunun ardınca ölkədə hərbi mükəlləfiyyət — orduya çağırış haqqında hökumət tərəfindən fərman verildi. Az bir vaxt ərzində Azərbaycanda Milli Ordu quruculuğunda əsaslı nəticələr əldə olundu.


1991-ci il oktyabrın 9-da Ordunun yaranması haqqında Azərbaycan Respublikasının Ali Soveti qanun qəbul etdi.


Azərbaycan prezidentinin 22 may 1998-ci il tarixli qərarına əsasən 26 iyun – Silahlı Qüvvələr günü elan edilmişdir və hər il Azərbaycan xalqı bu günü bayram edir.

Bu gün İkinci Respublikanın ordu quruculuğunda yaxından iştirak etmiş zabitlərimizdən olan, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev, bu gün 80 minlik veteranlar ordusunun lideridir. Bu tarixi günlər barədə onun fikirlərini soruşduq.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədri Füzuli Rzaquliyev bizimlə söhbət zamanı dedi: «Vətənin dar gününün sahibi ordudur. Biz ordu quruculuğunda ləngiməsəydik və orduya dəxli olmayan şəxsləri ortaya çıxmağa qoymasaydıq, bu gün itkilərimiz daha az olardı. Bütün bunlara rəğmən biz yoxdan var olan bir orduyla 5 imperiya ilə savaşdıq. Bütün daxili və xarici şərtlər əleyhimizə olduğu bir zamanda düşmənin Kürədək planlaşdırılmış mənfur planını pozmağı bacardıq. Bu yolda şəhid olmuş qardaşlarımıza Tanrıdan rəhmət diləyir, hər bir döyüşçünü, ordumuzun əsgər və zabit heyətini təbrik edirəm.


Bu ilin təbriki fərqli bir təbrikdir. Qalib ordunu təbrik etmək, illərcə hər bir veteranın ən ümdə arzusu olub. Qalib bir Ordu qurmağı bacarmış hərbçilərimizi təbrik edirəm. Bu gün bir heçdən yaranmış ordumuzu müzəffər orduya çevirən Ali Baş Komandan cənab İlham Əliyev başda olmaqla bütün Azərbaycan xalqını təbrik edirəm. 44 günlük bir savaşda Azərbaycan ordusu bir tarix yazdı. Bu tarix, bir toplumu millət eləməyə yetəcək qədər Böyük Zəfərdir. Bu zəfəri qazanan ordu bir Tanrı ordusudur. Bu Zəfərə imza atmış Komandan Tarixin bizə rəhbər etdiyi ən qəhrəman Komandandır. Bu gün sizləri nə qədər öysək azdır. Biz durmamalı, günün hərbi nailiyyətlərinə yiyələnməli və Qafqazın ən güclü ordusu ünvanımızı qorumalıyıq.

Ümummilli lider Heydər Əliyevin milli ordu quruculuğu sahəsində əldə etdiyi uğurlar ölkə başçısı, Ali Baş Komandan İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirilir. Məlumdur ki, müasir dövrümüzdə orduya qayğı xüsusilə artır və ildən-ilə diqqət gücləndirilir. Hərbi hissələr müasir döyüş avadanlıqları ilə təchiz olunur, əsgər və zabitlərin sosial problemlərinin həlli istiqamətində bir sıra tədbirlər həyata keçirilir. Belə ki, zabitlərin mənzil şəraiti yaxşılaşdırılır, rütbəyə görə müavinətlər hər il artırılır. Azərbaycan zabitləri yüksək təhsil almaq üçün dünyanın müxtəlif ölkələrinə göndərilir.

Ali Baş Komandan İlham Əliyev regionlara səfərləri zamanı, hərbi hissələrə baş çəkir, əsgərlərin həyat tərzi ilə, mütəmadi olaraq, maraqlanır. Qeyd edək ki, Azərbaycanda milli ordu quruculuğu çox çətin, mürəkkəb və ziddiyyətli mərhələlərdən keçib. Bu Zəfərin qazanılmasında ən böyük əmək sahibi Ali Baş Komandanımız cənab İlham Əliyevdir. O, həm düşmənlə səngərdə, həm onun havadarlarıyla informasiya savaşında, həm də daxildəki 5-ci kolonun mənfur üzvlərinə qarşı bir dirənişi təşkil etdi, xalqı vahid bir cəbhədə birləşdirdi və ona layiqincə rəhbərlik etdi. Biz veteranlar ordumuzun bu qələbəsindən qürur duyuruq.

Azərbaycan Ordusunun bir özəlliyi ondadır ki, həm 103 il öncə, həm də 1991-ci ildə ordu birliklərimiz od-alovun içində, mənfur düşmənə qarşı mübarizə apararaq yarandı. Bu gün ordumuzun Qafqazın ən güclü ordusu olmasının qürurunu yaşayır və hər bir müharibə veteranı qüdrətli ordumuzun daha güclü olmasına çalışmaqdayıq. Bu zəfərə gedən yolda bizə qardaşlıq edən Türkiyə və Pakistana eşq olsun. Biz böyük tarixi proseslərin astanasında cənab İlham Əliyevin siyasi olaraq zərgər dəqiqliyi ilə ölçüb biçdiyi şərəfli bir yolla irəliləməkdəyik. Mənfur düşmən, son əsgərinədək o torpaqlardan qovulacaqdır. Qalib Azərbaycan əsgərinin qalib ruhuna qarşı çıxan naxələflər erməni əsgərləri kimi xar ediləcəklər. Bu bizim inancımızdır. Ağlı olan qarşımıza deyil, yanımızda durmağa can atmalıdır. Lider bəlli, məqsədimiz bəlli, gücümüz bəlli, əmr et, Komandanım!

Bir daha başda Ali Baş Komandan İlham Əliyev olmaqla əsgər və zabitlərimizi, xalqımızı, xüsusən də müharibə veteranları və şəhid ailələrini, Azərbaycan xalqını təbrik edir və onlara Xankəndində keçiriləcək Qələbə paradının seyrçiləri olacaqları bir gün arzulayıram.
Ən böyük Ordu, bizim Ordu!»


Elnur Səlim

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: