Azərbaycan cümhuriyyəti-ABŞ: 99 il əvvəlki zirvə görüşü
Azərbaycan Nümayəndə Heyətinin Azərbaycanın tanınması istiqamətində gördüyü ən əhəmiyyətli çalışmalardan biri də ABŞ Prezidenti V.Vilsonla görüş olub.
1919-cu ilin mayın 28-də günün ikinci yarısı V.Vilson Azərbaycan Nümayəndə Heyətini qəbul edib.
Qəbul zamanı Əlimərdan bəy Topçubaşı ABŞ Prezidentinə müraciət edərək deyib: “Biz uzaq Qafqazdan, buradan bir neçə min mil uzaq olan Azərbaycandan gələrək xalqımızın azad və müstəqil həyatı üçün minnətdarlığımızı, dərin hörmətimizi, azadlıq və müstəqil həyat ruhu ilə yaşamaq istəyən xalqımızın təşəkkürlərini bildiririk. Qüdrətli Amerikanın nümayəndəsi kimi Sizə müraciət edib xahiş edirik ki, cənab Prezident, bizim ölkəmiz, bizim xalqımız və elə bizim özümüz haqqında məlumatları bizdən eşidəsiniz. Çünki biz Avropa və Amerika mətbuatında tez-tez Azərbaycan haqqında səhv, saxtalaşdırılmış və həqiqətə uyğun olmayan məlumatların verildiyini eşitməli oluruq. Doğrudur, bizi hələ yaxşı tanımırlar, biz indi birinci dəfədir ki, Avropadayıq, lakin Sizi əmin edirik ki,müstəqil yaşamaq üçün bizdə hər şey vardır. Biz ümid edirik ki, konfrans bizi dinləyəcək və biz Millətlər Cəmiyyətinə buraxılacağıq. Biz əminik ki, bütün xalqlar kimi, biz də Sizin böyük prinsipləriniz əsasında yardım alacağıq. Biz bildiririk ki, nə Kolçakın, nə Denikinin, nə də köhnə Rusiya imperiyasının hüdudlarında hakimiyyəti bərpa etmək niyyətində olan qeyri-birisini tanımayacağıq. Biz Azərbaycan üçün yalnız öz parlamentimizi və öz hökumətimizi tanıyırıq və tanıyacağıq”.