19.03.2024

QEYBƏT: GEDƏNLƏR GETDİLƏR Kİ, GƏLƏNLƏR GƏLSİNLƏR…

Xaqani Ədəboğlu

28 noyabr 2018-ci il

Amin!


Hansı məmuru qurdalayırsan altından bir dolmuş pislik «quyusu» çıxır. Qırılmışın hamısı, sən demə biznesmenmiş. Hərənin bir monopoliyası, hərənin öz bazarı, adlarını məmur qoyub məvacib də verirmişik. Bu zehniyyət rüşvətə qazanc, oğurladıqları dövlət malına «çax-çux», məvacibə isə «çay pulu» deyirlər. Şeyxindən tutmuş ateistinə, möminindən tutmuş komunistinə kimi hamı halala haram qatmaqla məşğuldur. Akadmiklə dini «akademikin», pardon şeyxin çaxır davası, bizi o «qurbağa yeyən it uşağının» yanında biyabır edib. Hələ bizdə deyim var ki, «vuran adamdan adama zərər gəlməz». Amma öncələr vuran Fazil müəllimin «şombasını» qurdaladılar, iyi çəkilməmiş də başımıza Abelin quyusu iş açdı. Ölkəni üfunət iyi basıb.

Yaxşı deyərlər ki, dərdi dərd unutdurar. Bu saat, nə Qaçqınkom Əli müəllimin «qazancı» 2 milyard da, Səlim müəllimin «qazandığı» 2milyardcıq da təmiz yaddan çıxdı.


Yazıq Cahangir müəllimin 14 milyardcığını onun xanımının milyoncuqları unutdurduğu kimi bu dərdi də unudacağıq. Hələ o lift idarəsi vardı, artıq adını belə unutmuşuq. Eldar Mahmudovun tovlayıb aldıqlarından da xəbər çıxmadı. Deyəsən kişini şərə saldılar. Hələ Tağı müəllimin «yaman günlük» milyoncuqları necə oldu? Rabitəmizin baş Novruzəlisi vardı ha, Əli müəllim, ağanın «məktubunu» oğurlatmışdı ha… O necə oldu? Hələ diaspora adıyla erməniləri başa keçirən Nazim İbrahimovun cınqırı çıxmır…
Xırım-xırdalardan danışmağa dəyməz.

Yetəniniz deyirsiniz ki, bura balaca ölkədir, amma bu talana ABŞ kimi imperiya duruş gətirə bilməzdi. Azərbaycan ayaqdadı. Kimsə gizlənə bilməz, amma belələri öz qınlarında gizlənərlər. Vallahi, bu dərdlərə qeyri xalqların ürəyi dözməzdi. Amma biz dözümlü xalqıq…

«Gənclər gəlsin, gənclər gəlsin»-deyə-deyə gənlər gəldi. Nəmxuda, nə gəldilər. Bir Əmək və Əhalinin Sosial Müdafiəsi naziri var, çox gəncdi. Nə şikayətlərə baxır, nə müharibə əlilini tanıyır, nə də nə iş görəcəyini bilir. Gələndən şapka alıb 5000 manata qocaman inək alıb paylayır. Sizə zarafat gəlməsin, 5000 manatlıq inəyin bircə dövlət «nömrə nişanı» yoxdu. Özü də 1 il «srok» qoyurlar və inək alan «bəxtəvərlər» gecə -gündüz məscidlərdə dua edirlər ki, 5000-lik inək ölməsin, yoxsa Sahil müəllimin yanında biyabır olarıq. Baxırsınızmı ölkənin ərazi bütövlüyü uğrunda şəhid olmuş müqəddəslərimizin ailələrini necə alçaldırlar? Elə bilirsiniz bu təsadüfdür? Əl-ələ vermiş qurumlar yetimin puluna da göz dikiblər və onu çoxdan yeytiblər. Hətta yetimlərdən xəbərsiz yeyiblər. Hramınız olsun!
Hələ Təhsil nairimiz Ceyhun müəllimi heç demirəm. Məsələn, Misir müəllim Ali məktəbdə rüşvət alıb tikinti və kitab biznesi ilə dolanırdısa, sonrakı gənc nazir Mikayıl müəllim rüşvəti 9-11-ci siniflərə endirməyə nail oldu. Şükürlər olsun Allahın böyük və sonsuz kəramətinə ki, Ceyhun müəllim bu gözəl neməti 1-ci sinifə və uşaq baxçalarınadək endirə bildi. Birinci sinfə gedən uşaq məktəbə 1200-1500 manat rüşvət verməsi halları ilə tam «fəxr etmək» olar. Üstəlik, məktəblərin önünə bir plakat yazmaq olar: «Bu obyektdə dərs də keçmək olar!»
Həqiqətən də bizim məktəblər repititorlara, repititorlar valideynlərə, valideynlər uşağa, uşaqlar da Allahın umuduna buraxılıblar. Bir lətifə tam yerinə düşür: «Bizim kənddə bir kişini direktor yanına çağırıb soruşur ki, ay filankəs, sənin uşaqların 4-cü sinifədək yaxşı oxuyurlar, amma sonra pis oxuağa başlayırlar. Bunun səbəbi nədir? Filankəs deyir ki, ay müəllim, 4-cü sinfədək olan bilgiləri, siz də bilirsiniz, validyn kimi biz də bilirik, elə uşaq özü də bilir. Amma sonrakı fənnləri, nə siz bilirsiniz, nə biz bilirik, nə də uşaq bilir. Məsələ tam bundan ibarətdir». Yəni bu gün həmin ikinci mərhələdəyik. Təhsildən kimsənin başı qaynatmır. Ən yaxşı üsul «lampa, spürgə pulu» yığmaqdır. Yığmağı biriləri, verməyi də o biriləri yaxşı bacarır.


Gənc nazirlərimizdən Kənd təsərrüfatı nazirimiz də pambıq sovkası əvəzinə, pambıqçıları zəhərləməklə məşğul olması onu tez məşhurlaşdırdı. İnam müəllim barama qurduna su verildiyini soruşanda, kəndçi qardaşımız tez deyib: «Veririk, cənab nazir, özü də bulaq suyu veririk!». Hələ Ekologiya və Təbii Sərvətlər nazirimiz Muxtar müəllim meşələrə gizli kameralar qurdurmaq istəyir. Neyləsin meşələrdə xaos baş alıb gedir. Çaqqal-çuqqal qurdu bəyənmir. Ova gedəndə ovçu ovu tapa bilmir, xüsusən də ərəb ovçuların yanında biyabır olmuşuq. Amma nazirimiz Çexovu oxusaydı, onun bu kəlamını plakatsevər xalqımızın məmurları meşələrin girişinə həkk edərdilər: «Meşəni meşəbəyidən qorumaq lazımdır!» Hələ Novruzəli, pardon Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirimiz Ramin müəllim poçtalyonları yox eləyib. Məsələn, Biləcəridə poçtlara gələn məktubları geri qaytarırlar ki, poçtalyonumuz yoxdur (117 saylı poçt). Belə yerdə bir plakat yerinə düşər: «Biz hamımız Novruzəlinin poçt qutusundan çıxmışıq».

Bir İlhamə vardı, indi yoxdu, o vaxtlar çalıb oxuyardı ki, «yaşın nə fərqi var?» Yazığı hoydu-hoyduya götürərdiniz. İndi baxın yaşın fərqini göstərin mənə.


Bu gün bizə bazburut cavanlığı deyil yeni şüur, yeni düşüncəli gənclər lazımdır. Edam kötüyünə çıxarılmışa cəlladının cavan və ya qoca olması fərq etməz. Arvadı erməni olanın yerinə anası erməni olanı qoymaqla nə istədiyimiz bəllidir. Düşmən südüylə və düşmən beşiyində böyümüş kəsləri seçmə zamanıdır. Hökumət buna diqqət ayırmalıdır. Sonra gec ola bilər…
Bu Məmləkət bizim, bu Dövlət bizim, bu Bayraq bizim və bu Torpaq bizimsə, hanı bizim haqlarımız? Niyə rəhbərlərimiz bizə heç bənzəməzlər?
Dediniz gənclər gəlsin, al sizə gənlik! Amma məmləkətin «Giriş-Çıxış» qapılarına bu sözlər yazılmış plakatı dikin: «GEDƏNLƏR LƏNƏTİMİZİ GÖTÜRÜB GETDİLƏR, GƏLƏNLƏR GƏLDİLƏR Kİ, LƏNƏTLİKLƏRƏ RƏHMƏT OXUTSUNLAR!»

P. S. Bu yazını 10 dostuna göndərənlərin 10 arzusu 10 gün içində həyata keçəcək. Keçməsə, «cinçıxarma» duası oxuyub paylaşın. Bu dəfə də alınmasa falçı yanına gedin. Çünki bəxtiniz bağlanıb.


Va rahmatullahi-l barakatuhu…

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: