19.03.2024

Bayramqabağı şəhid ailələri yad edildi

Bakının Sabunçu və Suraxanı rayonlarında Novruz bayramı münasibətilə şəhid ailələrinə bayram sovqatı paylanılıb.

Veteran.az Lent.az-a istinadən xəbər verir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi, general-leytenant Arzu Rəhimov tapşırığı ilə bütün respublika üzrə, Azərbaycanın rayon və şəhərlərində bu tədbirlər həyata keçirilir.

Şəhid ailələri ilə görüşdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini, general-mayor Şahvələd Əliyev, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli, Lent.az saytının baş redaktoru Qabil Abbasoğlu, Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü Nərgiz Xələf, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədrinin təşkilati işlər üzrə müavini Vahid Abdurəhmanov iştirak ediblər.

Toplantı iştirakçıları ilk olaraq şəhid İlyas Aslanovun evində olub, ailəsini bayram münasibəti təbrik edib və sovqat təqdim ediblər.

Emin Həsənli deyib: ”Bu uşaqların babası yaşamaq hüququndan keçib ki, Azərbaycanın müstəqilliyi əbədi olsun, bayrağı dalğalansın. Ona görə də sizin ailə seçilmiş ailədir, gələcəkdə nəvələriniz fəxr edəcək ki, məhz bu ailənin uşaqlarıdır. Çünki şəhid bütün rütbələrdən üstündür”.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini, general-mayor Şahvələd Əliyev bildirib ki, ölkə rəhbərliyi hər zaman şəhid ailələrinə qayğı ilə yanaşır, biz də o nümunəvi işlərdən nümunə götürürük: “Səfərbərlik xidməti olaraq xidmət rəisinin göstərişi ilə özümüzə borc bildik ki, böyük bir kollektivlə şəhid ailələrini ziyarət edərək bayramlarını təbrik edək. Ən yaxşı tədbirlər onlar üçün keçirilir, bütün qeyri-hökumət təşkilatlarına, bütün büdcə təşkilatlarına göstəriş verilib ki, hər zaman şəhid ailələrinə diqqət yetirsinlər. Biz də borc bildik ki, sizləri yad edək. Çünki hər bir vətəndaşın borcudur ki, şəhidləri yad etsin, ailələrini ziyarət eləsin. Şəhidlər generaldan, alimdən də üstündür. Şəhid hər zaman dövlətin və Tanrının ən yüksək məqamındadır, biz daimi onları xatırlayırıq. Şəhidlər başımız üstündədir, hər zaman qəlbimizdədir”.

AVMVİB sədrinin təşkilati işlər üzrə müavini Vahid Abdurəhmanov dedi: “Torpağa su qarışanda palçıq, qan qarışanda Vətən olur. Bu gün yurdumuzun Vətən olması üçün şəhidlərimiz torpağa öz qanlarını qatıblar. Torpağın üstündə qürurla gəzdiyimiz üçün torpağın altında uyuyan şəhidlərimizə borcluyuq.

Bu gün şəhid ailələrinə göstərilən qiymət yetişməkdə olan gənc nəslin vətənpərvər tərbiyəsinə bir töhfədir. Hərbi xidmətə gedən gənclər bu qayğını görərək fikirləşir ki, başına bir hadisə gəlsə Dövlət onun arxasındadır, necə ki, bu gün şəhid ailələrinin arxasında durur, qayğılarını çəkir. Sağ qalmış döyüşçülər adından bayramınızı təbrik edirəm. O şəhidlərin qanı bizim qucağımıza dağılıb, onların ruhu bizimlədir. Şəhidlərin ruhlar o zaman şad olacaq ki, biz yenidən döyüşlərə gedərək torpağımızı azad edək”.

Digər çıxış edən ictimai fəallar və şəhid ailələrinin üzvləri belə təmasları təqdir ediblər.

Başqa şəhid ailələri də bayram günüdə yad olunub və onlara bayram sovqatı paylanılıb.

Şəhid Əkrəm Bəbirovun həyat yoldaşı Ülfət Bəbirova da bayram günüdə onu yad etdikləri minnətdarlıq etdi: “Yoldaşım 1992-ci ildə könüllü olaraq cəbhəyə getdi və bir aydan sonra xəbər çıxdı ki, itkin düşüb. Ona şəhid statusunu çox gec, 7 ildən sonra aldıq. Hələ də gələcəyini gözləyirəm. Bu il 27 il olur…

Yoldaşım əsgər gedəndə oğlumun iki yaşı vardı, fabrikdə işləyərək uşaqlarımızı saxlamışam.

İndi təşəkkür edirəm, bu bayram günündə məni sovqatdan çox, mənəvi dəstək sevindirdi”.

Novruz bayramı ilə əlaqədar olaraq bir çox bölgələrdə analoji tədbirlər keçirilib.

Veteran.az

Xəbərə aid digər fotolar

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: