26.04.2024

Azərbaycan Ordusunun əməliyyat-taktiki təlimləri

Azərbaycan Ordusunun əməliyyat-taktiki təlimlərinə qatılan qoşunlar döyüş təyinatı rayonlarına gecə vaxtı çıxarılma tapşırıqlarını icra ediblər. Xəbəri Müdafiə Nazirliyi mayın 19-da yayıb.

Genişmiqyaslı əməliyyat-taktiki təlimlər mayın 18-də başlayıb. Təlimlərdə döyüş hazırlığı, əməliyyatların planlaşdırılması və hərtərəfli təminatı, müxtəlif qoşun növləri və qisimlərinin idarəetmə orqanlarının qarşılıqlı əlaqəsi, həmçinin zərbə qruplaşmalarının atəş və manevr imkanları yoxlanır.

Həyəcan siqnalı ilə qaldırılan qoşunlar, komanda idarəetmə məntəqələri, döyüş və ehtiyat hərbi hissələri əməliyyat təyinatı rayonlarına çıxarılıb.

10 min nəfərədək şəxsi heyət, 120-dək tank və digər zirehli texnika, 200-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatanlar, 30-dək ordu və cəbhə aviasiyası və müxtəlif təyinatlı pilotsuz uçuş aparatları cəlb olunan təlimlər mayın 22-dək davam edəcək.

Mayın 18-də Naxçıvan qarnizonundakı qoşunların komanda-qərargah təlimi də start götürüb. Müxtəlif döyüşə hazırolma dərəcələrinə gətirilən birləşmə və hissələrin bölmələri cəmləşmə və döyüş təyinatı rayonlarına, atəş və start mövqelərinə çıxarılıb.

Mayın 22-dək davam edəcək təlimdə düşmənin kəşfiyyat-diversiya, hava hücumu, raket və artilleriya zərbələrinə qarşı şəxsi heyətin fəaliyyətləri məşq etdirilir.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: