20.04.2024

Emmanüel Makron: Fransa görünməz düşmənə qarşı müharibədədir

Biz müharibədəyik. Fransa müharibədədir. Hər hansı orduya, millətə qarşı deyil bu müharibə. Düşmən görünməzdir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Fransa Prezidenti Emmanüel Makron COVID-19 koronavirusla bağlı xalqa müraciəti zamanı deyib. Fransa Prezidenti çıxışında 6 dəfə ölkənin “müharibə”də olduğunu təkrarlayaraq, xalqı tibbi qaydalara riayət etməyə çağırıb. Bələdiyyə seçkilərinin 2-ci turunun naməlum müddətə təxirə salındığını diqqətə çatdırıb.

E. Makron sabahdan Avropa İttifaqına və Şengen zonasına giriş-çıxışın 30 gün müddətində dayandırıldığını bəyan edib. O, martın 17-də yerli vaxtla saat 12:00-dan etibarən, ölkədə gediş-gəlişin tamamilə məhdudlaşdırılacağını bəyan edib.

Fransa Prezidenti tibb işçilərinin “müharibə”nin ön cəbhəsində olduğunu bildirib. Elzas regionunda tibbi böhranın son dərəcə ağır olduğunu, xəstəxanaların pasientlərlə dolu olduğunu deyən dövlət başçısı, hökumətin sabahdan bu regionun yardımına gələcəyini və pasientlərin digər xəstəxanalara köçürüləcəyini bildirib. Xaricdə yaşayan fransızlara səfirlik və konsulluqlara müraciət etmələrini məsləhət görüb.

Ölkədə bütün islahatların dayandırıldığını elan edərək, fransız müəssisələrinə hökumətin yardım göstərəcəyini və bu məqsədlə 300 milyard avro ayrılacağını diqqətə çatdırıb.

Digər yeni qaydalar Senat tərəfindən təsdiqlənəndən sonra tətbiq ediləcəyini vurğulayıb. Ölkənin üzləşdiyi “müharibə”yə qarşı birgə mübarizə aparmağa səsləyib. Fransa Prezidenti əhalini evdə qalmağa çağırıb.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: