28.03.2024

Laçını tam qaytaran yol

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Qarabağ bölgəsindən Ermənistana gedən, Laçın şəhərindən yan keçən yeni yolun 2022-ci ildə istifadəyə veriləcəyini bəyan edib.

Novator.az-a danışan məlumatlı şəxs yeni yolun Laçın şəhəri ilə yanaşı rayonun kəndlərindən də yan keçdiyini deyib: “32 kilometrlik yeni yolun üstündə Laçının heç bir kəndi yoxdur. Yolun Ermənistana birləşən hissəsi isə 1980-ci illərin sonunda salınmış Qayğı qəsəbəsinə düşür. Ermənistana çıxış, eyni zamanda Ermənistandan giriş həmin ərazidə olacaq”.

Laçın rayonu 2020-ci il dekabrın 1-də işğaldan qurtulub. O vaxtdan rayonunun bir hissəsi – 5 kilometr enində zolaq Qarabağdan Ermənistana gediş-gəliş üçün ayrılıb. Laçın dəhlizi adı almış, Rusiya hərbçilərinin nəzarət etdiyi bu zolaqda Qarabağdan Ermənistana gedən köhnə yol yerləşir. Laçın şəhəri və rayonun 6 kəndi (Qarıkaha, Ağanus, Fətəlipəyə, Kəravuz, Sus, Zabux) yolun üstünə düşdüyündən indiyədək azad olunmayıb. Yolun yaxınlığındakı Ərəb, Turşsu, Unannovu, Bəylik, Qızılca kəndlərinə gediş-gəliş də dəhlizlə kəsişir.

Qarabağ bölgəsindən Ermənistana gedən, Laçın şəhərindən yan keçən yeni yol istifadəyə veriləndən sonra Laçın şəhəri və rayonun rusların nəzarətində qalmış kəndləri Azərbaycana qaytarılacaq. Yəni yeni yol istifadəyə veriləndən sonra Laçın rayonu tam azad olunacaq.

Laçın şəhəri 1992-ci ilin mayında, Azərbaycanın Qarabağ bölgəsinə təcavüz dalğasında işğal olunub, rayon (Qubadlıya yaxın kəndləri çıxmaqla) ermənilərin əlinə keçib. Həmin ilin yay-payız aylarında rayonun Kəlbəcərə yaxın hissəsi azad edilib.

1993-cü ilin yazında Kəlbəcər rayonu işğal edilib, Laçın rayonunun Kəlbəcərə yaxın hissəsi yenidən zəbt olunub. Avqustun sonlarında Laçının Qubadlıya yaxın kəndləri işğal edilib.

2020-ci il sentyabrın 27-dən Azərbaycanın keçirdiyi əməliyyatlarda Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa şəhərləri, bu rayonların, eləcə də Xocavənd, Xocalı, Laçın rayonlarının və keçmiş Ağdərə rayonunun bir çox qəsəbə və kəndi azad olunub.

Noyabrın 10-na keçən gecə Azərbaycan prezidenti, Ermənistanın baş naziri və Rusiya prezidenti birgə bəyanat imzalayıb, hərbi əməliyyatlar dayandırılıb.

Bunun ardınca Qarabağa və bölgədən Ermənistana gedən Laçın yoluna Rusiyanın hərbi kontingenti yeridilib. Ermənistan dekabrın 1-dək Ağdam, Kəlbəcər və Laçın rayonlarını Azərbaycana qaytarıb.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: