08.09.2024

Paşinyan Qarabağ danışıqları ilə bağlı detalı açdı: 2015-2016-da…

Ermənistan Baş naziri Nikol Paşinyan Qarabağla bağlı Serj Sərkisyan dövründə aparılan danışıqların detallarını açıqlayıb.

Axar.az xəbər verir ki, parlamentdə çıxışı zamanı Paşinyan Sərkisyanın hakimiyyətdə olduğu dövrdə ATƏT-in Minsk Qrupunun həmsədrlərinə məktub yazdığını bildirib:

“Xüsusilə, danışıqlarla bağlı olan sənədlər arasında Sərkisyanın vasitəçilərə məktubu var. O məktubdan öyrənirik ki, Sərkisyanda mümkün referendum barədə müəyyən narahatlıqlar olub. Məktubda göstərilir ki, bütün əhalinin iradəsini azad nümayiş etdirmək imkanları olmalıdır. Sərkisyanın narahatlığı Dağlıq Qarabağın əhalisi olaraq nə qədər azərbaycanlının sayılacağı idi. Sual yaranır ki, Dağlıq Qarabağın əhalisi olmaq üçün bu azərbaycanlılar orada yaşamalı deyildilər?”

O, Sərkisyana detalları açdığı üçün təşəkkür edib.

Paşinyan bir neçə ay əvvəl Şuşaya azərbaycanlıların qayıtması gərəkdiyini deyəndə keçmiş hökumətin bunu təkzib etdiyini bildirib:

“Məsələ azərbaycanlıların, Dağlıq Qarabağın əhalisinin harada yaşayacağı idi? Mən ümid edirəm ki, hər kəs bu sualın cavabını başa düşür”.

Baş nazir Qarabağla bağlı danışıqların məzmunu və məntiqinin 2015-2016-cı illərdə dəyişdiyini söyləyib. O, Serj Sərkisyandan Aprel döyüşləri ilə nəticələnən 2015-cı ilin payızı, eyni zamanda 2016-cı ilin qışındakı hadisələr barədə danışmasını istəyib:

“Bunu təsdiqləyən sənədlər, danışıqların protokolları var. Mən bu sənədlərlə 2018-ci ildə işləmişəm. Bəlkə də bu dövrdə vasitəçilərin Azərbaycanın mövqeyini müdafiə edəcəkləri aydınlaşacaq? Madrid prinsipləri sadəcə sərgi-görüntü idi, onun çərçivəsində digər proseslər gedirdi”.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: