London metrosunda Qarabağla bağlı lövhələr yerləşdirildi
Londonda fəaliyyət göstərən “Natavan Group UK” adlı diaspor təşkilatının təşəbbüsü ilə qarşıdan gələn Novruz bayramı ilə əlaqədar şəhərin qədim tarixə malik 50-yə yaxın metro və qatar stansiyasında üzərində “Azerbaijan-Happy Novruz”, “Azerbaijan-Land of Fire”, “I.Aliyev: Shusha, Karabakh — Cultural capital of Azerbaijan”, “Azerbaijan — Centre of Multiculturalism” yazılarının və müvafiq şəkillərin əks olunduğu lövhələrin yerləşdirilməsinə başlanılıb. Təşəbbüs Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfirliyinin Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması kampaniyası üzrə gördüyü işlər çərçivəsində maddi-texniki dəstəyi ilə həyata keçirilib.
Axar.az-ın məlumatına görə, təşəbbüsün müəllifi və icraçısı olan “Natavan Group UK” diaspor təşkilatının həmtəsisçisi, Londonda yaşayan həmyerlimiz, peşəkar skripkaçı Səbinə Rakçeyeva bildirib ki, Vətən müharibəsindən bir qədər öncə fəaliyyətə başlayan təşkilat hərbi əməliyyatlar davam etdiyi dövrdə və son aylar ərzində Britaniyada Azərbaycan həqiqətlərinin təbliği istiqamətində bir sıra işlər görüb. Təşkilata üzv olan azərbaycanlıların ölkəmizin haqq səsinin çatdırılması naminə Londonda keçirilən müxtəlif aksiyalarda iştirak etdiyini, fərqli layihələr həyata keçirdiyini qeyd edən S.Rakçeyeva son olaraq Vətən müharibəsi şəhidlərinin və qazilərinin övladları üçün onlayn ingilis dili kursları təşkil etdiklərini nəzərə çatdırıb.
Hazırkı təşəbbüsün ərsəyə gəlməsi ilə bağlı danışarkən “Natavan Group UK” diaspor təşkilatının digər həmtəsisçisi, Britaniyada yaşayan digər həmyerlimiz Səbinə Quliyeva isə qeyd edib ki, bilbordların Londonda insanların ən çox istifadə etdiyi metro və qatar stansiyalarında yerləşdirilməsi heç də asan prosedur deyil və bu, azərbaycanlıların göstərdiyi birlik və səfirliyin dəstəyi hesabına mümkün olub. O əlavə edib ki, bilbordlar Londonun metro və qatar stansiyalarında iki həftə müddətində qalacaq.
Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə bu barədə bildirib:
“Biz bütün imkanlarımızla bu təşəbbüsü dəstəkləyir və alqışlayırıq. Bu cür təşəbbüslər dünyanın harasında yaşamasından asılı olmayaraq bütün azərbaycanlıların Müzəffər Ali Baş Komandan və qalib Azərbaycan Ordusu ətrafında birləşdiyinin daha bir bariz nümunəsidir.
Qeyd edilən bilbordların ötən il 44 gün ərzində davam edən və Azərbaycanın şanlı Qələbəsi və torpaqlarımızın işğaldan azad olunması ilə nəticələnən Vətən müharibəsi zamanı Azərbaycanın haqlı mövqeyinə balanslı dəstək ifadə etmiş Birləşmiş Krallığın paytaxtı London şəhərindəki qədim və sıx istifadə olunan metro stansiyalarında qurulması xüsusən qürurvericidir. Belə ki, bu təşəbbüs gündəlik həyatlarında metrodan istifadə edən orta statistik londonluların Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı olması, Azərbaycanın multikultural dəyərlərə bağlılığı kimi həqiqətləri, eləcə də xalqımızın qədim adət-ənənələrini az da olsa öyrənmələrinə imkan verəcək.