Zərif Prezident Rəcəb Tayyib Ərdoğanı İrana dəvət edib
“Ümid edirik ki, Bayden Administrasiyası yenidən nüvə razılaşmasına geri qayıdar və əməkdaşlıq yenidən təsis edilər”.
Bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu iranlı həmkarı Məhəmməd Cavad Zəriflə birgə mətbuat konfransında deyib.
“İran, ABŞ və Avropa üçlüyü ilə imzalanan nüvə razılaşmasını əvvəldən dəstəkləyirik. Təəssüf ki, Tramp administrasiyası bu razılaşmadan geri çəkilmişdi. Ümid edirik ki, Bayden Administrasiyası yenidən nüvə razılaşmasına geri qayıdar və əməkdaşlıq yenidən təsis edilər. Beləliklə, qardaş İrana qarşı sanksiyalar da aradan qalxmış olar”, — türk nazir qeyd edib.
M.Çavuşoğlu həmkarı ilə qapalı görüşdə regional məsələlər və əməkdaşlıqlarını müzakirə etdiklərini bildirib: “3+3 formatında əməkdaşlıq planlaşdırırıq. Cənubi Qafqazda sülh və sabitlik hər kəsin marağına uyğundur. Bu bölgədə normallaşma bütün bölgə ölkələrinə fayda verəcək. Ermənistanın da bu istiqamətdə bərpaedici addımlar atmasını gözləyirik”.
M.C.Zərif isə öz növbəsində Prezident Rəcəb Tayyib Ərdoğanın İrana səfərini gözlədiklərini, yaxın zamanda tarixin dəqiqləşdiriləcəyini qeyd edib.