21.11.2024

AVMVİB akademiki xatirə medalı ilə təltif etdi

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru akademik Kamal Abdulla Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Fəxri üzvlüyünə layiq görülüb və xatirə medalı ilə təltif olunub.

Kamal Abdullanın ADU-ya rəhbərlik etdiyi tarixdən etibarən şəhid ailələrinə, onların ADU-da təhsil alan övladlarına, kollektivdə yer alan Qarabağ müharibəsi veteranlarına xüsusi diqqət və qayğı ilə yanaşıb. Həmçinin erməni qəsbkarları tərəfindən zəbt olunmuş torpaqlarımızın işğalı günlərini qan yaddaşı olaraq tələbələrin hafizəsinə hopdurulması və vətənpərvər ruhlu vətəndaş və pedaqoq kimi yetişmələri üçün mühazirə-seminar dərslərində onlarla bu mövzuda zəruri söhbətlərin aparılmasını professor-müəllim heyətinə tövsiyə etməsi, o cümlədən ali təhsil müəssisəsində 20 Yanvar, Xocalı soyqırımı ilə bağlı silsilə tədbirlər həyata keçirməsi, tələbələrin universitetin ictimai həyatında fəal rol oynamağa şərait yaratması, bu tədbirlərin məntiqi davamı kimi Azərbaycanın məcburi köçkün məktəblərində, xüsusilə işğaldan azad olunmuş Cocuq Mərcanlı kənd orta məktəbində tələbələrin pedaqoji təcrübəyə göndərilməsi istiqamətində gördüyü təqdirəlayiq işlər, əsil pedaqoq və peşəkar təhsil mütəxəssisi, həm də mənəvi ata və şəfqətli insan kimi fəaliyyəti şəhid ailələrinin, Böyük Vətən və Qarabağ müharibəsi veteranlarının, onların ailə üzvlərinin dərin minnətdarlığına və riqqətinə səbəb olub.

AVMVİB akademiki xatirə medalı ilə təltif etdi

Bütün bunları əsas tutaraq İctimai Birliyinin idarə heyəti çoxsaylı müraciətlər əsasında akademik Kamal Abdullanın mükafata layiq görülməsi barədə qərar qəbul edib.

Mükafatı təşkilatın sədri Füzuli Rzaquliyev təqdim edib.

Rektor Kamal Abdulla bu təşəbbüsə görə təşəkkürünü bildirib: “Sizin bu münasibətinizi ümumilikdə universitetə münasibət kimi qəbul edirəm. Bilirsiniz ki, Dillər Universiteti əlindən gələn qədər Qarabağ regionları ilə bağlı cəbhə bölgələrində çox böyük işlər görür. O gün olsun, arzularımız yerinə yetsin. Bu, çox ciddi, son dərəcə qürur duyulası bir təşkilatdır. Qarabağ yolunda canını əsirgəməyən insanların təşkilatıdır. Onlara da arzu edirəm ki, yaxın günlərdə əziz Prezidentimizin bayrağı altında biz Şuşada, Ağdamda və başqa yerlərdə bu kimi tədbirləri keçirək. Hamınıza təşəkkür edirəm”.

AVMVİB mətbuat xidməti

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: