Polis Paşinyanın arvadını cərimələdi -Növbəti “koronavirus”lu şou… — FOTO

Ermənistan baş naziri N.Paşinyanın arvadı Anna Akopyan yeni bir şousu ilə koronavirusluların 100 min nəfərə düşən sayına görə MDB-də birinci yeri tutan işğalçı ölkə sakinlərinin diqqətini yayındırmağa çalışıb.
Moderator.az xəbər verir ki, erməni nəşrlərinin yaydığı məlumata görə, A.Akopyan özünün “Facebook” səhifəsində yol polisi tərəfindən cərimələnməsi haqda yazıb.
Qızı — 13 yaşlı Şuşan Paşinyana baş nazirin iqamətgahının ərazisində avtomobili idarə etməyi öyrədən A.Akopyan guya yol polisi tərəfindən saxlanılaraq 10 min dram(təxm. 20 ABŞ dolları) məbləğində cərimələndiyini bildirib. Buna səbəb onun həddi-buluğa çatmamış şəxsi sükan arxasında əyləşdirməsi olub.
“Hətta iqamətgahın həyətində də mövcud qaydaları pozmaq olmazmış. Bu məlumatsızlığıma görə üzr istəyirəm”- deyə Paşinyanın arvadı yazıb.
Xatırladaq ki, son məlumata görə, Ermənistanda koronavirusa yoluxanların sayı 300-ə yaxınlaşıb.
Sultan Laçın